Məzmuna keç

İnformasiya müharibəsi texnologiyaları/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
İnformasiya müharibəsi texnologiyaları

Fəsil 1. İnformasiya müharibəsi və müasir cəmiyyət

XX əsrin ortalarından başlayaraq informasiya həcminin durmadan artması dünyada paradoksal vəziyyətin yaranmasına səbəb oldu. Həddən artıq informasiyanın yığılması, insanların bu informasiynı toplamaq və emal etmək imkanlarının məhdud olması ilə əlaqədar problemlər yaranmağa başladı. Bütün bunlar yeni informasiya texnologiyalarının yaranmasına və inkişafına tələbi artırdı. İnformasiyanın emalı və ötürülməsi vasitələrinin yaradılması və inkişafı yeni inkişaf prosesinin başlanmasına şərait yaratdı ki, bu proses də öz növbəsində informasiya cəmiyyətinin (İC) yaranmasına və formalaşmasına təkan verdi[1].

Bu gün cəmiyyətin informasiya mühiti köklü şəkildə dəyişmiş, müasir informasiya texnologiyaları praktiki olaraq bütün sahələrə daxil olmuş, insanların informasiya mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Telekommunikasiyaların, müasir informasiya texnologiyalarının inkişafı ilə əlaqədar informasiya resurslarının artması yeni informasiya münasibətləri, məşğulluq formaları yaratmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdiyi ölkələrdə yeni informasiya texnologiyaları və sistemləri nəinki cəmiyyətin ayrılmaz hissəsinə çevrilmiş, eyni zamanda ayrı-ayrı vətəndaşların gündəlik həyatının bir hissəsi olmuşdur. Bunlara ilk növbədə kütləvi informasiya vasitələrində (KİV) istifadə olunan müasir avadanlıqlar, İnternet və müxtəlif növ radioelektron sistemlər (mobil əlaqə, qlobal yüksəkdəqiqlikli ötürülmə, verilənlərin ötürülməsində istifadə olunan naqilsiz şəbəkə və optik lifli kabel) aiddir. Bir sözlə informasiya dövrü insanların həyat fəaliyyətlərinin bütün sahələrinə birbaşa və ya dolayısı yolla təsir etməkdədir. [2]

İstinadlar

[redaktə]
  1. Ağayev B.S., Mehdiyev Ş.A., Əliyev T.S. Elektron məlumat daşıyıcıları informasiya təhlükəsizliyinin obyekti kimi // İnformasiya Cəmiyyəti Problemləri, 2016, №1, s. 46-55.
  2. Ələkbərova İ.Y., İnformasiya müharibəsi texnologiyalari / Bakı, “İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 108 s.