İnformasiya iqtisadiyyatı/İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri/Q.Bekkerin insan kapitalı nəzəriyyəsi
←../ | İnformasiya iqtisadiyyatı/İnformasiya iqtisadiyyatında ali fəaliyyətin iqtisadi traktovkası. Təkamül və transaksiya nəzəriyyələri |
../→ |
Qari Stenli Bekker 1930-cu ildə ABŞ-da anadan olmuşdur. 1992-ci ildə mikroiqtisadi təhlilin tətbiq sferasının genişləndirilməsi üçün iqtisadiyyat üzrə Nobel mükafatı almışdır. Çikaqo universitetinin iqtisadiyyat və sosiologiya professorudur. “İnsan kapitalı” kitabı 1964-cü ildə nəşr edilmişdir.
Bekkerə görə bazar şəraitində işçinin məhsuldarlığı onun əmək haqqısının kəmiyyəti ilə eynilik təşkil edir. O işçinin insan kapitalı ilə, yəni onun bilik ehtiyatları ilə müəyyən edilir. Əmək prosesində ondan istifadə əlavə gəliri də təmin edir. İnsan kapitalının fiziki kapitaldan əsas fərqi onun öz daşıyıcısı olan şəxsdən ayrılmaz olmasından ibarətdir Buradan bir neçə nəticələr çıxır. Əvvəla insan kapitalının sahibi onun istehsalda istifadəsi zamanı şəxsən iştirak etməlidir. İkincisi, insan kapitalından gəlir əldə olunması üçün işçi öz əmək və qüvvəsini sərf etməlidir. Üçüncüsü, insan kapitalı, nə satıla, nə də vərəsəlik qaydasında verilə bilməz. Dördüncüsü, insan kapitalının xidmət müddəti insanın əmək həyatının davamlılıq ölçüsü ilə müəyyən edilir. Muasir cəmiyyətdə insan alveri mümkün olmadığına görə insan kapitalı üçün də pulla qiymət qoyulmur. Yalnız məhdud müddətə insan kapitalının işə cəlb olunması müşahidə olunduğu “icarə” sazişləri üzərində qurulmuş bazarlar fəaliyyət göstərir. Bununla yanaşı əmək haqqı başqasının insan kapitalından istifadə üçün “icarə” ödənişi kimi çıxış edir.
İnsan kapitalı təhsilə qoyulan investisiyaların miqdarına yəni biliklərin alınması və mənimsənilməsinə çəkilən pul məsrəflərinə bərabərdir. İnsan kapitalının formalaşmasına çəkilən məsrəflər özlərini investisiyalar kimi büruzə verirlər, çünki onlar resursların indiki zamandan gələcəyə yerdəyişməsini nəzərdə tuturlar. İnvestor bu gün gəlirinin bir hissəsini gələcəkdə daha yüksək gəlir əldə etmək xatirinə qurban verir. Gözlənilən məhsuldarlığı müəyyən xərclər hesabına yüksəltmək olar, belə ki, əks halda hazırlığa tələbat sonsuz olardı. Onun xərcləri təlim alan işçinin özünün sərf etdiyi vaxt və qüvvədən onun itirilmiş qazancından, başqaları tərəfindən həyata keçirilən müəllimlik fəaliyyətindən, həmçinin istifadə olunan avadanlıqlardan və materiallardan ibarətdir. Bekker insan kapitalının üç əsas növünü ayırır. Ümumi biliklər, əsas biliklər, və digər növ biliklər.
Ümumi insan kapitalı firmaların çoxunda işçiyə əlavə gəliri təmin edir. İnsan ümumi bilikləri ailə tərbiyyəsi prosesində, ümumi təhsil və ali təhsil məktəblərində alır. Öz işçisinin ümumi biliklərinə firmanın investisiya qoyması risklidir, çünki onların geniş tətbiqi işçinin könüllü sürətdə işdən getməsi və firmanın qoyduğu vəsaitləri itirmə ehtimalını son dərəcədə artırır. Ona görə də bu halda işçinin özü (yaxud onun ailəsi) investor kimi çıxış edir, eləcə də gələcək gəlirlər də onun özünə çatır.
Xüsusi insan kapitalı işçi üçün əlavə gəliri yalnız həmin firmada təmin edir. Elə hazırlığı tam xüsusi hesab etmək olar ki, həmin hazırlıq işçilərin istehsal xarakteristikalarında heç bir formada əks olunmur, lakin digər firmalar üçün dəyərli ola bilər. Adətən işçi xüsusi bilikləri həmin firmada bilavasitə əmək fəaliyyəti prosesində alır. Bununla belə iş yerindəki hazırlığın əsas hissəsini nə tamamilə ümumi, nə də tamamilə xüsusi hesab etmək olmaz; lakin əgər o öz firmalarında məhsuldarlığı daha çox artırırsa, belə hazırlıq xüsusi hazırlıq kimi müəyyən edilir. Qalan hissə digər firmalarda da məhsuldarlığın artması ilə əlaqədar olduğuna görə ümumi hazırlıq kimi müəyyən edilir. Xüsusi insan kapitalına qoyulan investisiyalar firma ilə işçi arasında bölüşdürülür. İşçinin məsrəfləri aşağı salınmış əmək haqqı formasında çıxış edir ki, o buna muzdla işə qəbul olunduqdan sonrakı hansısa başlanqıc dövrdə alır. Əgər firma sonradan başqa iş yerinə keçən işçinin xüsusi hazırlığını ödəmişdirsə ona çəkilən kapital məsrəflərinin bir hissəsi itiriləcəkdir, çünki artıq onlar gələcəkdə firmaya heç bir xeyir gətirə bilməyəcəkdir. Eyni dərəcədə işçinin xüsusi hazırlığa ödədiyi də, o işdən azad edildikdən sonra, gələcəkdə həmin hazırlıqdan xeyir götürə bilməyəcək və kapital itkisindən əziyyət çəkəcəkdir. Firmanın işçinin xüsusi hazırlığına ayırdığı investisiyaların xüsusi çəkisi nə qədər çox olarsa, o işçi işdən azad edildikdən sonra firmanın itkiləri də bir o qədər çox olacaqdır. Əksinə, işçinin öz xərclərinin payı xüsusi çəkidə payı çox olduqda, işdən azad edilən zaman onun itkiləri də çox olacaqdır və o firmaya daha güclü şəkildə “bağlı” olacaqdır.
Digər növ biliklər. Tədris müəssisələrində və iş yerində olan hazırlıq işçinin biliklərini zənginləşdirməklə, onun əmək haqqısının artırılmasının yeganə üsulu deyildir. Siyasi, sosial və iqtisadi sistemlər haqqındakı biliklərin çoxu real gəlirləri xeyli artırsa da onlar hər hansı peşə bilikləri və vərdişləri ilə əlaqədar deyildir. Belə ki, yaxşı işi məşqulluq agentlərinə pul xərcləməklə və reklam elanları verməklə, işverənlərin təkliflərini öyrənməyə vaxt sərf etməklə, dost tanışlarla söhbət aparmaqla və şirkətlərə getməklə, başqa sözlə informasiya axtarışı aparmaqla da tapmaq mümkündür. Əgər yeni iş yerinə düzəlmə cooğrafi yerdəyişmə tələb edirsə, o zaman köçmək üçün əlavə vaxt və resurslar sərf edilir. Həmin xərclər işə düzəltmə imkanları haqqındakı informasiyaya investisiya qoyulması kimi özünü göstərməklə, gələcəkdə daha yüksək əmək haqqı formasında gəlir gətirəcəkdir.
Insan kapitalına investisiya yatırımlarının ən sadə modeli investisiyaların miqdarı, əmək haqqına əlavə və faiz dərəcəsini əlaqələndirən kəmiyyət nisbətini müəyyənləşdirir. Modelin aşağıdakı fərziyələri vardır:
• vəsaitlər müəyyən zaman anında bütövlüklə ümumi insan kapitalına yönəlir, investisiyaların həcmi İ - ə bərabərdir;
• təhsil aldıqdan sonra işçinin əmək stajı hədsiz böyük kimi qəbul olunur;
• təhsil almaqla bağlı əmək haqqına edilən illik əlavə dəyişməzdir və Δw – bərabərdir;
• illik faiz dərəcəsi dəyişməzdir və i- ə bərabərdir (onluq kəsrlə ifadə olunur);
• insan təhsilə investisiya yatırımlarının edilməsi haqda qərarı yalnız o şərtlə qəbul edir ki, investisiya yatırımı anında göstərilmiş əlavə gəlirlərin diskontə edilmiş axını investisiyaların həcmini üstələyir.
Bu zaman təhsilə yönələn investisiyaların sərfəlilik meyarı aşağıdakı şəkildə göstərilə bilər:
Δw > I×i,
yəni təhsil almaqla bağlı əmək haqqına edilən illik əlavə təhsilə yönələn investisiyaların həcmi ilə illik faiz dərəcəsinin hasilini üstələməlidir.