Əli Kərim poeziyası

Vikikitab saytından
Keçid et: naviqasiya, axtar

Əli Kərim poeziyası

"Əli Kərim poeziyamızda möhtəşəmlikdən adiliyə, pafosdan konkretliyə, patetikadan bədii dəqiqliyə keçidin ən parlaq nümayəndəsidir. Bu təmayülü o, hamıdan tez və parlaq ifadə edə bilmişdir. Məncə, Əli Kərimin ədəbiyyat tariximizdə mövqeyi bununla əlaqədardır". Bu sözləri vaxtilə görkəmli tənqidçi Asif Əfəndiyev demişdir. Özü də dürüst. Elə Əli Kərimi bənzərsiz edən də bu xüsusiyyətlərdir.

Xüsusən ötən əsrin 50-60-cı illərində Azərbaycan ədəbiyyatının poeziya mənzərəsini göz önunə gətirəndə bu keyfiyyətlər daha çox diqqəti çəkir. Bu səpkili şeirlər 30-cu illərdən bəri pafosun, patetikanın, ritorikanın məngəsinə keçən Azərbaycan şerini "əsarətdən" qutarmaq, ona yeni çalarlar gətirmək idi. Həyatda cəmi 38 il yaşamış Əli Kərim bunu bacardı. Ədəbiyyat tariximizdə əsərlərinin bu xüsusiyyətinə görə qaldı. Yaşasaydı, 78 yaşı olacaqdı. Amma tale ona 38 yaşında qalmağı nəsib etdi. 40 ildir ki, Əli Kərimin vəfatından sonrakı - "Şeirlə mahnının möcüzəsilə, ayrılmağa çox dəli bir ümidim var" - dediyi ömrü davam edir.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şairin xatirə günü də onun ölümdən sonrakı ömrünün 40 illiyinə həsr olunmuşdu. Yığıncağı giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi fikrət Qoca açdı. O, özünə doğma olan qələm dostu haqqında xatirələrini yada saldı, sonra məclisi aparmaq üçün sözü şair Qəşəm Nəcəfzadəyə verdi. Qəşəm Nəcəfzadə şairi - heç kimə bənzəməyən, ona bənzəmək çətin olan - sənətkar kimi xarakterizə etdi, məclis boyu onun şeirlərindən nümunələri toplaşanların nəzərinə çatdırdı. Yığıncaqda AYB-nin katibi Rəşad Məcid, tənqidçi Vaqif Yusifli, şairlərdən Ədalət Əsgəroğlu, Əjdər Ol, Oqtay Rza, Telman Dəmir, Zirəddin Qafarlı, Ramiz Heydər, İlyas Tapdıq, yazıçılardan Nahid Hacızadə, Xeyrəddin Qoca, ədəbiyyatşünas Cavanşir Yusifli, jurnalist Südabə Sərvi, İctimai televiziyanın əməkdaşı Kamil Məhərrəmoğlu, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Dilşad Cabbarova və başqaları Əli Kərimin yüz minlərlə oxucunun rəğbətini qazanmış "Qaytar ana borcunu", "Babəkin qolları", "İki sevgi", "Metronun yaylı qapıları", "Nə xoşbəxt imişəm bir zaman Allah", "Üçüncü atlı", "Zoya kimi" və s. şeirlərindən söhbət açdılar, bildirdilər ki, onun sadə şeirləri çox mürəkkəb mətləbləri açıqlayır. Bu şeirlər üçün süjet, təfərrüatla yanaşı, poetik təfəkkür də xasdır. Onlar Əli Kərimi XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri kimi dəyərləndirdilər, bir insan kimi səmimiyyətini, sadəliyini dilə gətirdilər. Qeyd olundu ki, bir çox qələm sahiblərinin, eləcə də çıxışçıların bəzilərinin, ədəbiyyata gəlməsində Əli Kərimin xidmətləri əvəzsizdir. Yığıncaqda Əli Kərimin Moskvada təhsil aldığı gənclik illəri, onun "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri kimi fəaliyyəti yada salındı. Qeyd olundu ki, ilk kitabı rus dilində işıq üzü görən Əli Kərimin sağlığında neçə-neçə əsəri nəşr olunmuşdur. Şairin vəfatından sonra isə onun ikicildlik "Seçilmiş əsərləri" oxucularına çatdırılmışdır.

Çıxışçılar Əli Kərimin Göyçayda dəfn olunmasında onun anasının tövsiyəsini və xalq şairi Rəsul Rzanın xidmətlərini yada saldılar. Dedilər ki, Boz dağın çılpaq ətəyində dəfn olunan Əli Kərimin məzarının ətrafı indi böyük bir parka çevrilmişdir. Onun sədaqətli şair dostlarından biri olan, dünyasını vaxtsız dəyişmiş Vaqif İbrahim yaşadığı Sumqayıt şəhərində Əli Kərim adına Poeziya klubu yaratmış, bu məclis sonradan onlarla qələm sahibinin ədəbiyyata gəlməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Çıxışçılar şairin ədəbiyyatın digər növlərində də qələmini sınadığını xatırlatdılar. Onun "Mavi nəğmənin sahilində" povestindən, "Pillələr" romanından, dram əsərlərindən söhbət açdılar.

Əli Kərimin həyat yoldaşı, onun vəfatından sonra əsərlərinin çapını öz öhdəsinə götürən Elza xanım şairin dostlarından söhbət açdı. O, məclisin təşkilatçılarına, çıxışçılara təşəkkürünü bildirməklə yanaşı, ailələrinə xalq şairi Rəsul Rzanın, eləcə də Əli Kərimin dostları fikrət Qocanın, Anarın qayğısından söhbət açdı. Əli Kərim işsiz olarkən o zaman "Azərbaycan gəncləri" qəzetinin redaktoru işləmiş Cəmil Əlibəyovun ona iş təklif etməsini xatırlatdı.

Yığıncağa xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yekun vuraraq Əli Kərimin şair kimi böyüklüyündən söhbət açdı. Xalq şairi Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şerini yada saldı.