Bəsdimi - Bəsdi, bəs

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Bəsdimi - Bəsdi, bəs (2014)
Müəllif: İsrail Şairov və Aqşin Hacızadə
Deyişmə

 
İSRAİL ŞAİROV
Aqşin müəllim, varın, pulun həddi nə?
Toplamışam, min varımdı, bəsdimi?
Havam, suyum, bol azuqəm, çox şükür,
Yaşamağa Gün varımdı, bəsdimi?

AQŞİN HACIZADƏ
Tamah yoxsa, ay Şairov, min yox ey,
Könlü toxa vallah yüz də bəsdi, bəs.
Şükür demək Tanrıya da xoş gəlir,
Süfrəndə var çörək, duz da, bəsdi, bəs.

İSRAİL ŞAİROV
Kök üstəyəm, Məmmədsöyün qolunda,
Dost-tanışlar cəmdi sağım, solumda.
Ömür keçir, uluların yolunda,
Haqqı deyən din varımdı, bəsdimi?

AQŞİN HACIZADƏ
Yadigarsan pir ustaddan, min yaşa,
Hər kəlməniz bərabərdir daş-qaşa.
Nə yıxılma, nə də çıxma çox başa,
Oldun eldə bir az üzdə, bəsdi, bəs.

İSRAİL ŞAİROV
Qoşulmaq nə, söz həddini ötənə,
Yerli-yersiz daş tullayan yetənə.
Bu İsrail bir əsgərdir Vətənə,
Düşmən üçün kin varımdı, bəsdimi?

AQŞİN HACIZADƏ
Gərək olmur öz yurduna hər yetən,
Gərəksizi əzizlərmi bəs Vətən?
Aqşin deyir, Vətən üçün əgər sən,
Açmısansa, bircə iz də bəsdi, bəs.
15 noyabr 2014