Fəlsəfənin əsasları

Vikikitab, açıq dünya üçün açıq kitablar
Fəlsəfənin əsasları.
Bu kitab Fəlsəfənin əsasları haqqındadır.

Mündəricat[redaktə]

Fəlsəfənin tərifi[redaktə]

"Fəlsəfə" yunan mənşəli sözdür. Bu söz lüğətdə "fileo" ("phileo")- sevirəm və "sofiya" ("sophia")-müdriklik sözlərindən yaranmışdır. Fəlsəfənin terminoloji cəhətdən müxtəlif tərifləri vardır. Məsələn Qədim yunan sivilizasiyasında fəlsəfi məktəb baniləri Sokrat, Platon və Aristotelin fəlsəfəyə baxışı XX əsrdə ərsəyə gəlmiş ekzistensializmin ("existansializm") fəlsəfəyə baxışı ilə eyni deyil. Buna baxmayaraq, hər bir filosof və ya fəlsəfi cərəyan fəlsəfəyə tərif verməyə çalışmışlar:

1. Fəlsəfə təfəkkürün varlığa və şüurun materiyaya münasibəti mövzusunu araşdıran bir elmdir.

2. Fəlsəfə varlığı araşdıran elmdir.

3. Fəlsəfədə varlıq aləmi və insan həyatındakı problemlərin ağıl və təfəkkür müstəvisində tədqiqi anlaşılır.

4. Fəlsəfə müstəqil bir elm deyildir. Orada yalnız problemin ağıl prizmasından çözülməsi nəzərdə tutulur.

Fəlsəfənin müxtəlif cərəyanlara ayrıldığını nəzərə almaqla bu elmə vahid tərif vermək fikrindən daşınırıq. Ümumi şəkildə məlum olur ki, fəlsəfə tarixi insanın özü qədər qədimdir. Çünki insan yarandığı gündən daim öz varlığı, həyat problemləri və digər problemlər barədə düşünmüşdür. Belə bir münasibət insanın zəka qüvvəsinə malik olmasından qaynaqlanır. Fəlsəfənin müstəqil bir elm olaraq formalaşmasına gəldikdə isə bu mövzunu araşdırarkən Qərb və Şərq fəlsəfəsini bir-birindən ayırmaq məcburiyyətindəyik. Şübhəsiz, uyğun sahədə geniş mütaliə oxucunun öz üzərinə düşür. Amma əziz oxucuların fəlsəfə, Şərq va Qərb fəlsəfi cərəyanları haqqında ümumi anlayış əldə etməsi üçün bu cərəyanların indiyə qədərki tarixini qısaca izləməli oluruq. Qeyd etdiyimiz kimi, fəlsəfə varlığın və onun əsas predmeti olan insanın təməl problemlərinin həllinə çalışan elm kimi tanınmışdır. Beləliklə, filosof cəmiyyətin əsas düşünən beyni, varlığın müxtəlif əsrarəngiz məqamlarını aşkara çıxaran şəxsdir. Fəlsəfənin mütaliə və təhqiq dairəsi geniş olduğundan bu elm öz tarixində çox fərqli, hətta bir-birinə zidd ideyalara malik məktəb və cərəyanları təcrübədən keçirmişdir.

Giriş[redaktə]

Fəlsəfənin predmeti

  • Filosofların həyat və yaradıcılıqları
  • Filosofların fəlsəfi ideyaları
  • Fəlsəfi nəzəriyyə və ideyaların tətqiqi və izahı
  • Fəlsəfi təlimlərin qarşılıqlı təlimləri
  • Fəlsəfədə formalaşan dünya görüşləri
  • Bir-biri ilə qarşılıqlı əlaqələri və təhlili
  • Fəlsəfənin tarixi inkişaf mərhələlərini müəyyənləşdirmək
  • Dünya fəlsəfi irsinin çoxsaylı mərhələlərinin bölgüsünə diqqət
  • Fəlsəfə tarixində olan anlayışların mahiyyəti və onların bir-birinə olan münasibətlərinin aydınlaşması

Fəlsəfə və Din[redaktə]

İstər fəlsəfə istərsə də din ictimai şüurun müxtəlif formalarıdır. Bunlar bir-birinə qarşı ziddiyyət daşımırlar. İbtidai insan animistic təsvirlərə görə dünya və həyatı analiz edirdi. Sonradan ilk öncə din və daha sonra fəlsəfə formalaşmağa başladı. Bunların hər ikisi aləmin izahı ilə məşğuldur. Hər ikisi insanların şüur və əxlaqına təsir göstərmək istəyir. Hər ikisi insana xidmət etdiyini bildirir.Hər ikisi dünyanı dərk etmək vəzifəsini qarşıya məqsəd qoyur.

Antik fəlsəfə[redaktə]

Antik fəlsəfənin dövrləri[redaktə]

  1. Sokrataqədərki dövr
  • Milet (Fales, Anaksimandr, Anaksimen)
  • Eley
  • Efes
  • Pifaqorçular
  1. Klassik dövr
  • Sokrat
  • Platon
  • Aristotel
  1. Ellinizm dövrü
  • Epikürçülər
  • Stoisizm
  • Skeptisizm
  1. Roma dövrü

Sokrat[redaktə]

Sokratın dövlət nəzəriyyəsi Dövlətin növləri:

  • Monarxiya – Tək hakimiyyətlilik
  • Tiraniya – Zorgücü ilə yaradılmış, 1 nəfər tərəfindən idarə olunan dövlət.
  • Aristokratiya – Bir qrup aristokratların (ziyalılar) hakimiyyəti.
  • Plutokratiya – Varlıların hakimiyyəti.
  • Demokratiya – Əksəriyyətin hakimiyyəti.

Sokratın özü aristokratiya hakimiyyətinin tərəfdarı olmuşdur.

Platon[redaktə]

Aristotel[redaktə]

Aristotel hər növ varlığın əsasını birinci materiyada görürdü. Lakin o materiyanı varlıqla qarışdırmır və eyniləşdirmirdi. Hətta onu konkret varlığın sadə tərkib hissəsi belə hesab etmirdi. Onun fikrincə birinci materiyanın ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: atəş, hava, su və torpaq. Bu elementlər hiss ilə qavranıla bilməyən, birinci materya ilə hisslə qavranılan real mövcud olan aləm arasında müəyyən keçid pilləsidir. Aristotelə görə hiss ilə qavranılan isti, soyuq, yaş və quru ilə bu elementlərin kombinasiyası hiss ilə qavranılan şeylərin əsasını təşkil edir.

Aristotel dörd səbəbi bir-birindən fərqləndirir:

  1. Maddi səbəb: İlk materiyada, onun xarakterində mövcuddur. Deməli, maddi səbəb potensial səbəb kimi çıxış edir.
  2. Formal səbəb: Bir fəal prinsip kimi forma ilə birləşir materiyadan həqiqi reallıq və mahiyyət yaradır.
  3. Fəal səbəb: Hərəkətin mənbəyi və imkanın gerçəkliyə çevirilməsi prosesi ilə birləşir.
  4. Məqsədli səbəb: Hərəkətin məqsədini və mənasını izah edir.

Antik fəlsəfədə Roma dövrü[redaktə]

Mədəniyyət sferasındakı mərhələlər:

  1. İnkulturasiya — Doğma mədəniyyətin ənənə, adət, dəyər və normalarının qəbul və qorunub saxlanması.
  2. Akkulturasiya — Yad mədəniyyətin ənənələrinin və dəyərlərinin bir hissəli qəbulu.
  3. Assimilyasiya — Yad mədəniyyətin tam qəbul edilməsi və doğma mədəniyyətin yad mədəniyyət tərəfindən udulması.

Roma fəlsəfəsi ellinizm fəlsəfəsindən fərqlənir. Vaxtilə romalilar yunanıstana bağlı olmuşlar lakin ekletizimdən başlayaraq ayrılmışdır. bunun səbəbi odur ki, roma fəlsəfəsi ellinist fəlsəfədən kənara çixmişdir. romalıların təsəvvüründə hər bir əşyanın və hər bir hadisənin özünə oxşar ruhu və tanrısı var. romada hər şey müxtəlif tanrıların ixtiyarında idi. yunanıstan roma ilə müharibədə məğlubiyyətə düçar olduqca yunan mədəniyyətinin təsiri daha da artırdı. Roma ilə müharibədə maddi cəhətdən məğlub olan yunanıstan ona mənəvi baxımdan qalib gəlirdi. roma fəlsəfəsinin görkəmli nümayəndələri seneka epiktet və avrelin olmuşlar

Orta əsrlər fəlsəfəsi[redaktə]

Orta əsrlər fəlsəfəsinin xarakterik xüsusiyyətləri[redaktə]

  1. əsasən dini dünyagörüş hökmranlıq edirdi.
  2. idealizmin geniş şəkildə yayılması ilə səciyyələnirdi.
  3. fəlsəfə ilahiyyatın xidmətində olmuşdur.
  4. kilsə dövlətin maddi və mənəvi əsası hesab edilirdi.
  5. orta əsrlərin ümumi dünya görüşü ilahi mahiyyətə malik idi. hər şeyə ilahi eynəkdən baxırdılar.
  6. kilsə ehkamları, hər cür təfəkkürün, əsası hesab edilirdi.
  7. hüquqşunaslıq, fəlsəfə, təbiətşünaslıq, elmlərinin məzmunu kilsə təlimləri ilə uyğunlaşdırılırdı.
  8. orta əsrlərdə hakim fəlsəfə sxolastika (ilahiyyat elmləri) idi.
  9. inancın bilik üzərində üstünlüyü əsas götürülürdü.
  10. idrakın ən əsas və doğru forması vəhy hesab olunurdu.
  11. fəlsəfənin əsasını monoteizm prinsipləri təşkil edirdi.
  12. fəlsəfi rasionalizm mistisizmə qurban verilirdi.

Orta əsrlər fəlsəfəsinin əsas istiqamətləri[redaktə]

  1. Patristika dövrü (xristian dini mövqeylərinin tərəfdarları qismində çıxış edirdilər).
  2. Sxolastika dövrü (xristianlıq fəlsəfəsi daha da inkişaf etmişdir).
  3. Apologetika dövrü (bu dövrdə xristianlığı tam müdafiə edirdilər).
  4. Ehkamçılıq dövrü (xristian fəlsəfəsi ehkamları genişlənir, yayılır və mütləq həqiqət hesab edilirdi).

İntibah dövrü fəlsəfəsi[redaktə]

Müasir dövr fəlsəfəsi[redaktə]

Pozitivizm fəlsəfəsi[redaktə]

Pozitivizm (latınca rositivus sözündəndir, mənası müsbət deməkdir) Fransada meydana gəlmiş, sonralar İngiltərə, Almaniya və Qərbi Avropanın digər ölkələrinə yayılmış və inkişaf etdirilmişdir. Vaxtilə Rusiyanın mütəfəkkirləri də ona böyük maraq göstərmişlər. Bir fəlsəfi cərəyan kimi pozitivizm aşağıdakı prinsipə əsaslanır: həqiqi, müsbət (pozitiv) olan bütün biliklər yalnız ayrı-ayrı elmlərin üzvi surətdə birləşdirilməsinin nəticəsi kimi əldə edilə bilər. Fəlsəfənin isə reallığı müstəqil şəkildə araşdırmaq iddiası güdən ayrıca bir elm kimi mövcud olmaq hüququ yoxdur. Pozitivizm prinsipcə yeni pozitiv fəlsəfənin yaradılması iddiası ilə çıxış edir. Pozitivistlər deyirlər ki, bu fəlsəfə empirik elmlərə bənzər şəkildə qurulmalı və onların metodologiyası rolunu oynamalıdır.

Pozitivizmin təşəkkül və inkişafı üç mərhələdən keçmişdir: birinci mərhələ- pozivitizmin meydana gəlməsi və inkişafının ilkin dövrü. Pozitivizmin ikinci mərhələsinin meydana çıxması empiriokritisizm (maxizm) fəlsəfəsinin formalaşması ilə əlaqədardır. Pozitivizmin üçüncü mərhələsi yeni və ən yeni dövr pəzitivizmlə bağlıdır ki, bunu da pozitivizm, yaxud məntiqi pozitivizm adlandırırdılar. Birinci mərhələ- pozitivizmin təşəkkül tapdığı XIX əsrin 30-40-cı illərinə aid edilir. Onun banisi fransız mütəfəkkiri Kont olmuşdur.

Oqüst Kont[redaktə]

OQYUST KONT (1798-1857) elmə "pozitivizm" terminini gətirərək fəlsəfi ənənələri qətiyyətlə rədd etdiyini bildirdi. Onun fikrincə elmin "pozitivizm"dən yüksəkdə duran hər hansı bir fəlsəfəyə heç bir ehtiyacı yoxdur. Kont filosoflardan tələb edirdi ki, pozitiv (müsbət) elmi bilikləri fəlsəfi biliklər kimi tədqiq etsinlər. Kont belə bir fəlsəfi biliyin işlənib hazırlanmasını zəruri hesab edirdi ki, o, no materializm, nə də ki, idealizm fəlsəfəsi olsun. Kont qeyd edirdi ki, bu məqsədlə "müsbət" biliklər sistemi yaratmaq lazımdır. Həmin sistem isə qəti və dəqiq olmalı, yalnız faktlara əsaslanmalıdır. Onun nöqteyi-nəzərincə belə bir sistemin qurulması yalnız elmi idrak metodunun yaradıldığı halda mümkündür. Pozitivistlər təbiətin elmi surətdə dərk olunmasına tərəfdar çıxaraq, özlərini aqnostisizmin əleyhdarları elan edirdilər. Kont belə bir ideya irəli sürmüşdü: "bilmək-qabaqcadan görmək deməkdir, qabaqcadan görmək isə gücə malik olmaq deməkdir". Bütün bunlara baxmayaraq, Kontda idrak empirik aləmdən, yəni fenomenlər aləmindən o yana gedə bilməmişdir.

Pozitivizm fəlsəfəsinin əsasları Kontun "Pozitiv fəlsəfə kursu" adlı altı cildlik böyük əsərində verilmişdir. Bu çoxcildlik araşdırmalarında Kont fəlsəfə və sosiologiyanın prinsiplərini işləyib hazırlamış, fəlsəfənin müstəqil bir elm kimi öz dövrünü başa vurması və "müsbət" bilik dövrünün başlanması ideyasını əsaslandırmağa çalışmışdır. Öz fikirlərini sübut etmək məqsədilə Kont üç qanun formalaşdırmışdır: 1."Üç mərhələ" qanunu; 2."Təsəvvürün daim müşahidəyə tabe olması" qanunu; 3.Elmlərin təsnifatında öz əksini tapan "Ensiklopedik" qanun. Kont güman edirdi ki, cəmiyyətdə ikili təkamül qanunu fəaliyyət göstərir. O bu qanunu intellektual və "texniki qanun" adlandırırdı. Kont yazırdı ki, bəşəriyyət öz əqli inkişafında üç mərhələdən keçir: 1. İlahiyyat, 2. Metafizik elm kimi fəlsəfə, 3. Pozitiv mərhələləri. Daha sonra o yazırdı ki, bəşəriyyət öz texniki inkişafında da üç mərhələ ilə rastlaşır: 1. Ənənəvi cəmiyyət, 2. Sənayeyə qədərki, 3. Sənaye mərhələləri. Bunlardan birincisi ilahiyyat, ikincisi metafizika, üçüncüsü isə elm tərəfindən müəyyənləşdirilir. Gördüyümüz kimi, "üç mərhələ", yaxud "ikili təkamül" qanununda biliklərlə cəmiyyətin sosial-iqtisadi inkişafı arasında qarşılıqlı əlaqəyə dair çox qiymətli ideyalar öz əksini tapmışdır.

Marksizm fəlsəfəsi və onun əsas modelləri[redaktə]

Marksizm fəlsəfəsinin formalaşması XIX əsrin 40-cı illərinə təsadüf edir. Keçən əsrin ortalarında ictimai-tarixi təcrübənin, elmin, fəlsəfənin inkişafı dərin fəlsəfi ümumiləşdirmələr aparılmasını tələb edirdi. Məhz bu səbəbdən də həmin dövrdə fəlsəfənin pozitivizm və marksizm kimi istiqamətləri meydana çıxmışdır. Bu fəlsəfi cərəyanlar gerçəkliyin tədqiqi, təbiət qanunlarının aşkarlanması, cəmiyyət hadisələrinin anlaşılması və izahı məsələlərini bir vəzifə kimi qarşıya qoydular. Marksizmin dialektik materializm fəlsəfəsi özündən əvvəlki dünya fəlsəfi fikrinin, həmin dövrə qədər toplanmış digər mənəvi dəyərlərin inkişafı və təbiətşünaslıqdakı kəşflərin nəticəsi kimi meydana gəldi. Bu fəlsəfənin təşəkkülü sosial-iqtisadi, təbii-elmi və siyasi səbəblərlə şərtlənmişdir. Marksizm fəlsəfəsinin bilavasitə mənbəyi XIX əsr alman klassik fəlsəfəsi, ilk növbədə, Hegel və Feyerbax fəlsəfəsi olsa da, onun yaradıcıları Marks ve Engels idilər.

Marksın dialektik materializm fəlsəfəsi həm özünün formalaşması dövründə, həm də sonrakı inkişaf mərhələlərində dünyanın müəyyən elmi təsvirinə əsaslandı, təbiətşünaslığın aşağıdakı üç böyük elmi kəşfindən istifadə edə bildi: 1.XIX əsrin 40-cı illərində alman həkimi Y.R.Mayer tərəfindən əsaslandırılmış enerjinin saxlanması və çevrilməsi qanunundan; 2.Canlı orqanizmlərin hüceyrə quruluşuna malik olması kəşfindən. Hüceyrələrin mövdcudluğu hələ XVII-XVIII əsrlərdən məlum olsa da, onların fizioloji roluna, canlı və bitki toxumalarının anatomik vahid olmasına dair məsələ yalnız XIX əsrdə qarşıya qoyuldu. Alman alimləri M.Şleyden və T.Şvann 1838-1839-cu illərdə hüceyrə nəzəriyyəsini işləyib hazırladılar. Onlar müəyyən etdilər ki, heyvan və bitki hüceyrələri əsasən eyni struktura malikdirlər və eyni fizioloji funksiyanı yerinə yetirirlər; 3.Darvinin təkamül təlimindən. XIX əsrin ortalarında Ç.Darvin Yer üzündə həyatın təbii mənşəli olması və təkamülü, həmçinin bu təkamül prosesində insanın təbii yolla meydana çıxması fikrini əsaslandırdı.

Müasir dövrdə də marksizm fəlsəfəsinə münasibət birmənalı deyildir; bu gün onun aşağıdakı əsas modellərinə rast gəlirik:

  1. Mühafizəkar (mötəbər) marksizm, yəni həqiqi Marks modelini qoruyub saxlamaq istəyənlər; sosial-demokrat və kommunist partiyalarının bir çox nümayəndələri belə mövqedə dayanırlar.
  2. Neomarksizm. Bunlar marksizm ideyalarını ekzistensializm, freydizm və b. ideyalar əsasında inkişaf etdirməyə çalışanlardır.
  3. Marksizm fəlsəfəsindən və xüsusilə materialist dialektikadan imtina edənlər. Marksizmi sağdan və soldan tənqidə məruz qoyanlar.
  4. Marksizm fəlsəfəsini ehkamlaşdıranlar. Onun meydana gəlməsini bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində inqilab hesab edənlər.
  5. Yaşadığımız ən yeni dövrdə marksizm klassiklərinin adlarını belə çəkməkdən qorxanlar, lakin onların fikirlərini öz düşüncəsi kimi yazıb, qalaq-qalaq kitab yazanlar.
  • Karl Marks
  • Fridrix Engels
  • Vladimir İliç Lenin
  • Georgi Valentinoviç Plexanov

Praqmatizm fəlsəfəsi və Uilyam Cems[redaktə]

Praqmatizm (yunanca pragma sözündəndir, mənası iş, fəaliyyət, hərəkət deməkdir) XIX əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarında meydana gəlmiş və XX əsrin əvvəllərində bir sıra Avropa ölkələrində, ilk növbədə, İngiltərədə geniş yayılmışdır. Onun ABŞ-dakı nümayəndələrindən Uilyam Cemsin, Çarlz Sanders Pirsin, Con Düinin, İngiltərədə Ferdinand Şillerin və başqalarının adlarını çəkmək olar. Praqmatizmin instrumentalizm, humanizm adlanan qolları da vardır.

XIX əsrin axırlarında Amerika kolleclərində hakim olan səmərəsiz fəlsəfi ənənələrə və Avropada çiçəklənən metafizik təlimlərə qarşı etiraz forması kimi yaranmışdır. O, özündən əvvəlki fəlsəfəni, həmçinin ingilis-amerikan universitetlərində üstünlük təşkil edən F.Bredli-Con Roys fəlsəfəsini həyatdan təcrid olmaqda, mücərrədlik və seyrçilikdə ittiham edirdi. Praqmatizm "fəlsəfədə yenidənqurma" proqramını irəli sürmüşdü. Onun nümayəndələri deyirdilər ki, fəlsəfə Aristotelin dövründə olduğu kimi, varlığın və idrakın ilkin başlanğıcı barədə düşüncələrlə deyil, müxtəlif həyati durumlarda, əməli fəaliyyətləri zamanı insanlar qarşısında meydana çıxan problemləri həll etmək üçün ümumi bir üsul işləyib hazırlamalıdır. Onlar sübut etməyə çalışırdılar ki, köhnə fəlsəfi cərəyanlardan fərqli olaraq praqmatizm intellektual vəzifələrin həllinə və bəşəriyyətin sonrakı tərəqqisinə böyük təsir göstərəcəkdir.

Belə bir əhval-ruhiyyə ilə XIX əsrin ortalarında mütərəqqi Avropa fəlsəfi fikrinin təsiri altında Amerikada fəlsəfi intibahın əlamətləri meydana çıxmağa başladı. Həmin intibah artıq etibardan düşmüş mücərrəd akademik düşüncələrdən və Avropa ənənələrindən imtina ilə səciyyələnirdi. Yeni elmi nəzəriyyələrin, ələlxüsus, təkamül nəzəriyyəsinin təsiri altında olan Hegelin davamçıları- alman köçkünləri (1848-ci il inqilabının məğlubiyyətindən sonra qaçanlar) bu prosesə əhəmiyyətli təkan verdilər. Sent-Lunsdan olan hegelçilər kimi tanınan bu adamlar "Nəzəri fəlsəfə jurnal"ı adlanan ilk amerikan fəlsəfi jurnalını təsis etdilər. Bu jurnal o dövrün Avropa filosoflarının əsərlərinin tərcümələrilə yanaşı, Amerika mütəfəkkirlərinin əsərlərini də çap edir və bununla da yeni baxışların tərəqqisinə geniş imkanlar yaradırdı. Praqmatizmin əsas prinsiplərini ilk dəfə Çarlz Sanders Pirs (1839-1914) formalaşdıraraq belə bir müddəa irəli sürmüşdür: mövcud olmaq- fayda vermək deməkdir. Praqmatizm fəlsəfəni həyatla əlaqələndirmək, onu insan problemlərinin həlli üsulu kimi anlamaq istəyir, insanı isə gerçəkliyi öz məqsədləri, istəkləri, tələbatlarına müvafiq olaraq fəal surətdə formalaşdıran varlıq kimi qavramaq şüarı ilə çıxış edirdi. Praqmatizmin əsasını qoyanlardan biri Cems idi.

UİLYAM CEMS (1842-1910) məşhur romançı Henri Cemsin qardaşı və o dövrün görkəmli filosoflarından biri olan Henri Cemsin oğlu idi. O, tibbi təhsil almış, Harvard tibb məktəbində dərs demiş, sonralar psixologiyaya maraq göstərmiş və dövrünün görkəmli nəzəriyyəçilərindən biri olmuşdur. Cems əvvəlcə Harvard Universitetində dinin və fəhmi təfəkkürün psixologiyasını öyrənmiş, sonralar fəlsəfənin tədrisi ilə məşğul olmuşdur. Bununla da o, praqmatizm ideyalarının görkəmli təbliğatçısına çevrilmişdir. Cems - praqmatizm nədir? - sualına cavab verərək demişdir: "praqmatizm, ilk növbədə, intellektual problemlərin həlli və işlənib hazırlanması üsulu, həmçinin insanın əldə edə biləcəyi bilik növləri haqqında nəzəriyyədir". Cems öz əsərlərində amerikalıların sırf nəzəri fəaliyyətə inamsızlığını ifadə edirdi. O, nəzəriləşdirmənin məqsədi və onun təsiri altında nəyin dəyişməsi, nəzəriyyəçilərin araşdırdıqları problemlərin mənasının nədən ibarət olduğunu tam dolğunluğu ilə açıb göstərdi. Cems biliyin əməli səmərəsini onun həqiqiliyinin mənbəyi və əsas meyarı sayır.

Praqmatizm nöqteyi-nəzərindən din də həqiqət ola bilər; çünki o, insana xeyir verir - çətin məqamlarda ona "təsəlli" gətirir. Bununla əlaqədar Cems yazırdı: "... Əgər Tanrı haqqında fərziyyə xeyirlidirsə, xeyir verirsə, onda o da həqiqətdir...". Daha sonra "Dini təcrübənin rəngarəngliyi" və "Etiqad iradəsi" adlı əsərlərində Cems göstərirdi ki, elə adamlar da var ki, onlar təbiətən elmi sübutlar istisna olmaqla, heç bir şeyə inanmırlar. Belə insanlar yalan ola biləcək hər hansı bir şeyi qəbul etməyə, həmçinin həqiqiliyi birdən aşkarlanan, çox xoşagəlimli ola bilən, lakin kifayət qədər sübutu olmayanı da rədd etməyə üstünlük vermirlər. Digər tərəfdən, elə sadəlövh adamlar da var ki, onlar dünya ilə bağlı olan və onları xoşbəxt edə biləcək şeylərə inanmaq istəyirlər. Cems belə bir sualla özü-özünə müraciət etmişdir: Onlardan hansı haqlıdır? O güman edir ki, bu həmin hadisəyə yanaşma üsulundan və münasibətdən asılıdır. Etiqad probleminə qeyri-ehkam baxımdan yanaşılırsa, yəni hər hansı etiqadın həqiqi və ya yalançı olmasından narahatçılıq keçirilməzsə, o zaman bəzi adamlara münasibətdə dini baxışlar toplusunun "işlək" olduğunu, başqa sözlə desək, onların həyatını yaxşılaşdırdığını görmək mümkündür.

Praqmatik nəzəriyyəyə görə bizim əqli fəaliyyətimiz, fəlsəfi təfəkkürümüz təcrübəyə müraciət etmək cəhdlərimizlə bağlı proseslərdən doğan çətinliklərin həlli üçündür. İdeyaların funksional əhəmiyyəti özünü onların verə biləcəkləri faydada göstərməlidir. Praqmatik deyir: biz istənilən nəzəriyyə ilə əlaqədar aşağıdakı sualı verə bilərik: bu nəzəriyyəni qəbul etdiyimiz təqdirdə nə dəyişəcək və ona (bu nəzəriyyəyə) müvafiq hərəkət etsək, fəaliyyətimizin nəticələri necə olacaq? Əgər nəzəriyyə funksional əhəmiyyətə malik deyilsə, bu o deməkdir ki, onu həqiqi, yaxud yalançı saymağımızın heç bir fərqi yoxdur və o bizim fəaliyyətimizə heç bir təsir göstərməyəcək. Bu, praqmatiklərin fikridir.

Ekzistensializm fəlsəfəsi[redaktə]

XIX əsrin sonu - XX əsrdə irrasionalizm əhvali-ruhiyyəsi ekzistensializm fəlsəfəsində çox geniş yayılmışdır. Ekzistensializm (latınca exsistentia sözündəndir, mənası "mövcud olmaq" deməkdir) irrasionalist istiqamətli təlimlərdə mövcudluq fəlsəfəsi və ya həyat fəlsəfəsi adlanır. Bu fəlsəfə "insan varlığının mənası" haqqında suallara özünəməxsus şəkildə cavab verməyə cəhd göstərmişdir.

Ekzistensializm fəlsəfədə çoxsaylı təlim və məktəblərlə təmsil olunub. Bir sıra əlamətlərinə görə bu alman, fransız, rus, yapon və s. fəlsəfə təlimlərində təmsil olunmuşdur. Ən mühüm dünyagörüşü məsələlərindən birinin - xarüqüladəyə münasibətin həllinə görə ekzistensializm teist və dünyəviləşdirilmiş formalara bölünür.

Ekzistensializm Qərbi Avropada birinci və ikinci dünya müharibəsi arasındakı dövrdə formalaşmışdır. O, antropoloji fərdi ənənəyə əsaslanır; kökləri Sokrata və sofistlərədək gedib çıxır. Ekzistensializm ideyalarına ən böyük təsiri XIX əsrin ortalarında yaşamış Danimarka dini filosofu S.Kyerkeqor və XX əsrin əvvəllərində alman filosofu Edmund Husserl göstərmişlər. Ekzistensializmin bilavasitə baniləri alman filosofları Martin Haydegger (1889-1976), Karl Yaspers (1883-1969), xüsusən fransız filosof və yazarı Jan-Pol Sartr (1905-1980), Qabriel Marsel (1889-1973), Alber Kamyu (1913-1960) olmuşlar.

Ekzistensializm XX əsrin əvvəllərində Qərbi Avropa sivilizasiyasını bürüyən dərin sarsıntı və böhranların fəlsəfi ifadəsi kimi meydana gəlmişdir. Birinci dünya müharibəsini, 20-30-cu illərin aldadıcı sabitliyini, faşizmin gəlişini, Hitler istilasını yaşamış adamlar bu fəlsəfə ilə ilk növbədə ona görə maraqlanırdılar ki, həmin çətin və mürəkkəb şəraitdə irəliyə sürülmüş problemlər onları dərindən düşündürürdü. Ona görə də hətta ekzistensializmi böhran fəlsəfəsi də adlandırırdılar.

Həqiqətən də , ekzistensializm tarixdə qəti məyusluğun elə səciyyəvi formalarından uzaqlaşırdı ki, onlar müasir cəmiyyəti sivilizasiyanın, əqlin və humanizmin böhranı dövrü kimi səciyyələndirməyə gətirib çıxarırdı. Lakin ekzistensializm heç də həmin böhranın müdafiəçisi və bəraətvericisi kimi çıxış etmirdi. Əksinə, o, şəxsiyyətin bu böhrana təslim olmasını istəmirdi. Ekzistensialistlər belə hesab edirlər ki, ən yeni tarixin fəlakətli hadisələri yalnız fərdi deyil, hər cür insan mövcudiyyatının sabitsizliyini, kövrəkliyini aşkar etdi. Bu dünyada duruş gətirmək üçün fərd, ilk növbədə, öz daxili aləmini çözələməli, öz imkan və bacarıqlarını müəyyənləşdirməlidir. Görkəmli fransız ekzistensialisti E.Munye "Ekzistensializmə giriş" əsərində bu cərəyan haqqında demişdir: "Ən ümumi şəkildə bu təfəkkür tərzini insan fəlsəfəsinin ideyalar fəlsəfəsinə və ya əşyalar fəlsəfəsinin ifratçılıqlarına qarşı reaksiyası kimi səciyyələndirmək mümkündür".

Ekzistensializm diqqətini insanın ona düşmən olan dünya qarşısında mənəvi dözümünə yönəldirdi. Onun nümayəndələri insanı bir alətə, idrak və ya istehsal alətinə çevirməkdən imtina edirdilər. Onların fikrincə insan obyekt yox, subyekt, azad, təşəbbüskar, məsuliyyətli varlıqdır. Bu fəlsəfənin birinci çağırışı belə idi: "İnsan, oyan". Yəni fəal həyat mövqeyi tut, bu dünyada fəaliyyət göstər və var gücünlə ona təsir göstər. Əgər rasionalizmin müxtəlif məktəblərində insan özünü, ilk növbədə bəşəriyyətin tam hüquqlu nümayəndəsi, müstəqil şəxsiyyət kimi dərk edirdisə, ekzistensializm şəxsiyyətin keyfiyyət baxımından özünəməxsusluğunu, fərdi təkrarsızlığını vurğulayırdı. Ekzistensializmdə fəlsəfi dərketməni təşkil edən məna, məzmun, dəyərlərdir. Onların fəlsəfəsində hayat aləmi əyani maddi dünyanın fraqmenti kimi yox, mənəviyyat, subyektivlik dünyası kimi çıxış edir.

Ekzistensializmin başlıca məqsədlərindən biri də sosial və fərdi varlığın qarşı-qarşıya qoyulması, insan mahiyyətinin bu iki sahəsinin qəti şəkildə ayrı olduğunu sübut etməkdən ibarət idi. Bu qarşıqoyulmada insan varlığının problemləri triada prinsipi və paradokslar formasında həll edilir. Müxtəlif müstəvilərdə - mahiyyət və mövcudolma, varlıq və sahibolma, idrak və anlama müstəvilərində açıqlanmaqla, bunlar insanın dünyadakı durumunun faciəviliyini əks etdirir. Ekzistensialistlər iddia edirlər ki, insan heç bir mahiyyətlə müəyyənləşdirilmir: nə təbiətlə, nə cəmiyyətlə, nə də ki, insanın öz mahiyyətilə, çünki onların fikrincə belə bir mahiyyət heç mövcud da deyil. Yalnız insanın mövcud olması önəmlidir. Sartrın sözlərinə görə ekzistensializmin əsas müddəası mövcudluğun mahiyyətdən əvvəl olmasıdır. Bu o deməkdir ki, insan əvvəlcə mövcud olur, dünyaya gəlir, orada fəaliyyət göstərir və yalnız bundan sonra şəxsiyyət kimi müəyyənləşir.

  • Jan Pol Sartr
  • Martin Haydegger

Ədəbiyyat siyahısı[redaktə]