Məni

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Məni (2015)
Müəllif: Aqşin Hacızadə
Gəraylı

 
Gənclik idi baş günlərim,
Sevgi dolu qış günlərim.
Uçub gedib, xoş günlərim,
Çətin tapar bir də məni.

Yaşlaşdıqca mən haqq gəzdim,
Haqqı yalın ayaq gəzdim.
Şəfa umdum, ocaq gəzdim,
Sağaltmadı pir də məni.

Bir qibləm var, bir yönüm var,
Xoş diləyim, xoş ünüm var.
Nə faydası, gəlib tapar,
Nədəndirsə şər də məni.

Dövran, zaman çox haqsızdı,
Səvablarım cavabsızdı.
Allah sanki "Allahsızdı",
Qul eyləyib dərdə məni.

Ya haqqımdır deyə, gedəm,
Ya da yersiz küyə gedəm.
Gərək, uçub göyə gedəm,
Tanrı saymır yerdə məni.
2015.