Nəyimə gərəkdir

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Nəyimə gərəkdir (2015)
Müəllif: Aqşin Hacızadə

 
Nəyimə gərəkdir bu dünya belə,
Payızı qışımdan seçilməyirsə.
Əvvəli vəlvələ, sonu zəlzələ,
Qoy bilsin bunları, kim bilməyirsə.

Nəyimə gərəkdir, nəyimə dünya,
Qaranlıq arzuma içıq saçmasa.
Yerimə saçmadı, göyümə dünya,
Nurunu saçaydı, eh, heç olmasa.

Nəyimə gərəkdir bu dünya axı,
Gündüzü gecəyə bənzəyən olsa.
Heç kəsin zərrəcə olmaz günahı,
Bu dünya, inanın, mən deyən olsa.

Nəyimə gərəkdir bu dünya belə,
Pərləri pozulub tərs fırlanırsa.
Günahkar birinin qurduğu tələ,
Günahsız kəsləri suçlandırırsa.

Nəyimə gərəkdir, bu dünya, əgər,
Qananı qanmazdan aşağıdırsa.
Vaxt gələr, ağrısın bu dünya çəkər,
Başları olmayan baş ağrıdırsa.

Nəyimə gərəkdir, mənim dünyada,
Var-dövlət sarıdan yox ağrım, sancım.
Ömür bir ancadı, ömrün sonunda,
Bir qəbir yeridi, dünya qazancım.

Nəyimə gərəkdir bu dünya, deyin,
Olmursa arzum tək, ya da mən deyən.
Yox, mənim savaşım dünyayla deyil,
Dünyanın işiylə müxalifdəyəm.
2015.