Xəbəri yoxmu
Jump to navigation
Jump to search
Xəbəri yoxmu (2014) Müəllif: Aqşin Hacızadə |
Bu adam göydən gəlib?
Yerdən xəbəri yoxmu?
Namərd feliynən sınan,
Ərdən xəbəri yoxmu?
Astarı bu üz sanır,
Gecəni gündüz sanır.
Dünyanı nə düz sanır,
Şərdən xəbəri yoxmu?
Mələkmi bu, ya insan?
Belədir əzəl-başdan.
Aşkar, gizlin alışdan,
Verdən xəbəri yoxmu?
Yaman günün payıdı,
Hayım dərdin hayıdı.
Alnım zülmün çayıdı,
Tərdən xəbəri yoxmu?
Cahan deyilən məkan,
Dəyirmandı, dəyirman.
Hərdən tərsə fırlanan,
Pərdən xəbəri yoxmu?
Yoxdu vallah etibar,
Hər vaxt düşmür şeş-cahar.
"Sə"si, "dü"sü, "yek"i var,
Zərdən xəbəri yoxmu?
Hər şey olur hədər də,
Aqşin tale, qədər də.
Gəldiyi tək gedər də,
Birdən, xəbəri yoxmu?
26.11.2014