Məzmuna keç

Xocalı soyqırımı/Xocalı soyqırımı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Xocalı soyqırımı Xocalı soyqırımı (1992)
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman
poema

Xocalıda rus və erməni işğalçıları
Tərəfindən qanına qəltan olunmuş
Minlərlə şəhər sakininin ruhuna...

        -1-
Haqqı-sayım zay oldu,
Diləklərim vay oldu,
Başım cəllad əlində
Axan qanım çay oldu.
        ***
Qarabağ, yarası qan sızan torpaq,
Qarabağ, yaralı hər kol, hər yarpaq.
Xalqın ölüm-qalım müqəddaratı!..
Qeyrətin, namusun son hesabatı.
Ölən ərənlərin şəhid beşiyi,
Qana bələnibdi evi-eşiyi!
Millətin özünə qayıtma andı,
Qarabağ, ahınla xalqım oyandı.
Yuz ildi qan sızır torpağı, daşı,
Əsrin əvvəlinin qanlı yaddaşı.
Daşnaklar əlində sozalan torpaq,
Sızqa işığı da azalan torpaq.
Yanan yurdlarımın dərdli anası,
Azərbaycanımın əsir balası!
Qanlı imperyanın oyun meydanı,
Daha yaddaşından silmə bu anı.
Silmə ölənlərin şivən səsini,
Silmə həyat deyən son kəlməsini.
Babam da unutdu əsrin əvvəlin,
Uzatdı gavura gül kimi əlin.
Ocağı başında yer verdı ona,
Girdi kafir yağı, girdi min dona...
Ey ürəyi yumşaq ərlər, ərənlər,
Daşnak yuvasında min qan görənlər...
Tarixdən silməyin siz bu günləri,
Çıxarılan gözlər, soyulan dəri,
Min-min kitabların əsəri olsun!
Küt qılıncımızın kəsəri olsun!
Susmasın qələmlər yazsın bu qanı,
Faş etsin dünyaya genosid anı!
Doğulan körpəyə bu öyüd olsun,
Xocalı yurduma son meyid olsun!..
         -11-
Analar ağlar naçar,
Sinələr dağlar naçar,
Yurdunda doğulanlar-
Elindən hara qaçar?!..
          ***
Fevraldı boz qışın əzazil çağı...
Əsrin yazılmamış qanlı varağı!
İyirmialtısı... qaranlıq gecə,
Udacaq şəhəri şəhər ölüncə..!
Hər an təhlükədə gedib-gələnlər,
Birdi, yüzdü, mindi burda ölənlər...
Sığınıb taleyin qanlı kürkünə,
Şükür edir Xocalı hər ötən günə...
Ermənilər kəsib işığın, suyun,
Qurulub bəxtinə məkirli oyun!
Düşmən uçaqları qəzəblə uçur,
Şəhərin üstündə fəlakət saçır.
Dünyanın axırı çatıb burada,
Bu yurd dərd ələmdə, bu yurd qarada.
Ümidi qırılmış insanlar qəmgin
Doğrayır buludlar səmanın əngin.
Tanrı da üzünü döndərmiş burdan,
Xainlər, satqınlar çıxır aradan...
Günbəgün bu yurda bir ölüm çökür,
Körpə fəryadları qəlbləri sökür.
Bunu yer-göy bilir şəhər əsirdi,
Yağı qan tökməyə çox tələsirdi...
Çünki o Şuşanın yolunda qala,
Kürsü sahibləri yanmadı hala.
Təsəlli verdilər əsir şəhərə,
Dönmüşdü evlərdə çörək zəhərə.
Nə gedən, nə gələn var idi yurda,
Demə, qurbanlıqmış bu yurdda qurda!
Kəsilən yollardan kömək gəlməyir,
Bu nalə, bu zülm haqqı dəlməyir.
Yaralı Xocalı imdad diləyir,
Yağısa başına güllə ələyir.
Əllər yalnız göydən aman gözləyir!
Burda hər addımı ölüm izləyir.
Fikirlər beyində belədən-belə,
“Gələr bizimkilər məhv olar tələ...”
Bu cür xəyallarla dayaq el-elə.
Şəhər ümidini üzməyib hələ,
Gəlinlər, qocalar, analar naçar,
Bağlanan yollardan yurd hara qaçar?!..
Anlar bir-birini gülləyə tutur,
Nə ürək dincəlir, nə gözlər yatır.
Bu mühasirədə ölüb-itən çox,
Fəryada, naləyə, aha gələn yox...
Xocalı Şuşanın ümid çırağı,
Tükənib olanı, yoxdur yarağı!
Çox evdə qatildən xəbərsiz nənni,
Sığıbdı köksünə məsum körpəni.
Kimsə eşitmədi ahı-fəğanı,
Qan oldu gecənin qara yorğanı!
Düşmənin məkirli pılanı hazır,
Bu günahsız yurda bir ölüm yazır...
            -111-

Xerosima, Naqasaki başını qaldır,
Bax bu əsrin sonunda bu nə qeylü-qaldır?!
Xocalıya ruhun uçsun məhv olmuş Xatın,
Nədir bu Soyqırımında şəhid həyatin?!
Nə Napaleon, nə də Hitler bu hökmü vermib,
Heç bir millət var olandan bu zülmü görmüb!
Heç bir yağı körpələrə qıymayıb, Allah,
Görən gözün, duyan köksün oymayıb, Allah.
Heç bir yurdun sinəsində bu dağ olmadı,
Bir gecədə Xocalıda heç kim qalmadı...
Zəlzələmi bu torpağın sinəsin yardı?
Selmi coşdu Xocalının qoynuna vardı?
            ***
Yox, yox nə zəlzələ, nə də daşqındı,
Yuxulu Xocalı hələ çaşqındı.
Qanlı rus alayı var Xankənddində,
Min badə qaldırır daşnaqla gündə.
Kafirlər, gavurlar birləşib yenə,
Salıb Xocalını bu qara günə,
Gecədir, cocuqlar körpələr yatmış,
Əsir Xocalının axırı çatmış.
Doldu tavanlara güllə yağışı,
Heyrətdə buraxdı boranlı qışı.
Qocalar, uşaqlar qaçır küçəyə,
Ayaqlar düşürdü od gölməçəyə...
Yanır çırta-çırtla evlər, eşiklər,
İmdada möhtacdı körpə beşiklər...
Şəhərə hər yandan tanklar şığıyır,
Bu yurd varlığıyçin özün qarğıyır.
Qaçanı yollarda güllə haxlayır,
Kafirlər şikarı odla saxlayır.
Döşənib yollara minlərlə meyid,
Yağıya gərəkmi yalvarış, öyüd?
Düşmənin əlində əsir camaat,
Qana boyanıbdı burdakı həyat.
Zinətli barmaqlar kəsilir o an,
Fışqırır başlardan, üzlərdən al qan.
Döşlərdə körpələr süngüyə keçir,
Bu gün ermənilər türk soyun biçir!..
Sinəsi yaralı qadınlar nalan,
Əcəl də, ölüm də bu yerdə yalan.
Yaralar qan sızır, yağılar güllə,
Bu qan deyiləsi deyildi dillə.
          ***
Ayaqladın azğın yağı,
Namusumu, arımı,
Tarixlərin qan varağı,
Xocalının Soyqırımı!
         *
Min illərin yaddaşında,
Qalanların göz yaşında,
Şəhidlərin başdaşında...
Xocalının Soyqırımı!
         *
Tapdalanmış qeyrətimiz,
Ayaqlanmış millətimiz,
İşgəncəmiz, zillətimiz,
Xoğalının Soyqırımı!
          *
Yağıların kəsər dişi,
Başkəsənin haqq vərdişi,
Qanlı əlin qan gərdişi
Xocalının Soyqırımı!
         *
Əsir düşmüş birliyimiz,
Parçalanmış ərliyimiz,
Murdarlanmış pirliyimiz,
Xocalının Soyqırımı!
         ***
Gecə öz yerini vermiş səhərə...
Gündüz əyləşmişdi qara kəhərə.
Bağrıqan zülmətin gülləsi susmuş,
Qaranlıq ötən gün min yol qan qusmuş!..
Allah vəhşilikdən səsini qısmış...
Günahsız gecəni boğazdan asmış.
Qara örpək geyib ağappaq səhər,
Nə ölüm, nə də qan görmüb bu təhər.
Əsir Xocalının sinəsi yanır,
Həyatın nəbizi burda dayanır.
Meydlər çöllərə, yollara dolmuş,
Burda həqiqət də, həyat da solmuş!
Canı boğazından çıxmamış canlar...
Qırmızı lalətək torpaqda qanlar...
Yanan Xocalının sinəsi dağlı,
Haqqın, ədalətin qapısı bağlı!..
           ***
Ey milli qırğına çağiranlarım,
Kürsüdən xalq deyib bağıranlarım,
Ağır saatlarım, ağır anlarım,
Erməni əlində yandı Xocalı,
Milyon il keçsə də qandı Xocalı.
            *
Qucağı al qanla dolmuş analar,
Daşnak zindanında əsir sonalar,
Getdi əlimizdən namus, ismət, ar,
Xalqın sinəsinə dağdı Xocalı,
İndi yuxularda sağdı Xocalı.
            *
Ağlama, Qarabağ, azəri yurdu,
Hanı ər oğullar, hanı ər ordu?
Evimdə, çölümdə yağı tor qurdu...
Tökülən qanlardan göldü Xocalı,
Çocuğlu, çağalı öldü Xocalı.
           *
Allahım, İlahim, hardasan, harda?
Qalıb neçə bölgəm, elatım zorda,
Sadəlövh millətim inləyir darda,
Milli hissimizə qordu Xocalı,
Daşnak genosidin yordu Xocalı.
            *
Özgə havasıyla yuxulayanlar,
Min-nazü neməti qoxulayanlar,
Eli ağır gündə darda qoyanlar...
Yandı diri-diri, yandı Xocalı,
Xalqın ölüm-qalım andı Xoğalı.
             *
Umudlu, Malıbəyli, Quşçunun malı,
Dağıldı didərgin əhli-əyalı...
Göyləri titrədir bu yurdun halı-
Qanlı Daşaltıya taydı Xocalı,
Eli satanlara vaydı Xocalı.
              *
Əyilmə, ey Vətən, dik tut başını,
Tökmə gözlərindən qanlı yaşını,
Uğurunda hər şəhid vətəndaşını-
Tarixin köksünə yazdı Xocalı,
Xainin məzarın qazdı Xocalı.
                *
Köksü kabab olmuş, ellərim, ağla,
Dağlarım, daşlarım, çöllərim, ağla,
Sinəsi yaralı illərim, ağla,
Süngüylə doğrandı əsir Xocalı,
Əlacsız Şuşama qəsir Xocalı.
                *
Qoca dünya, bu tarixi silmə öz yaddaşından,
Min-min qanlı sellər oldu ellərin göz yaşindan...
Od püskürür yerə-göyə ürəyimin başından,
Yandı içim, yandı köksüm imdad eylə, Allahım!
Vəhşi, barbar beyinləri abad eylə Allahım.
               *
Fəqət yetər, yetər Vətən min yerə parçalandı,
Ürəklər də, məramlar da elə hey haçalandı...
Ağır yurdlar, ağır ellər göz önündə talandı,
Xocalının müsibətin yerdə qoyma, Allahım,
Divan qurub, Sən hökmü ver, qana uyma, Allahım.
            *
Kərəminə sığınmışıq, Sənsən ümidgahımız,
Qara çadra geyinibdi hər gələn sabahımız,
Ərşə bülənd olub daha qan ağlayan ahımız,
Uçurt, dağıt zülm evin qərəzinlə, Allahım,
Ölç-biç vəhşi insanlığı tərəzinlə, Allahım.
           *
Millətimi sinəsində şəhid ağrı-acısı,
Yandı daşnak sitəmində min-min qardaş, bacısı,
Səbirimiz tükənibdi ürək ası, dil ası,
Parçalandı Azərbaycan bir Arazla, Allahım!
Sənə bəlli vəhşiliklər, sən tarazla, Allahım!!!...

        -IV-
Yandıracaq dağ-daşı,
Yurdda hər vətəndaşı,
Qurumaz gözum yaşı,
Xocalı qiyaməti!
         *
Göylərdən qan ələyər,
Min il keçsə qədd əyər,
Dünyadan haqq diləyər,
Xocalı qiyaməti.
         *
Ölən bacı, qardaşdı,
Yanan torpaqdı, daşdı,
Min-min qanlı baş daşdı...
Xocalı qiyaməti...
         *
Sındı qolum-qanadım,
Yandım, Allahım, yandım,
Yağıya savaş andım,
Xocalı qiyaməti...
         *
Zülmü düzdə qoyan,
Yalanın köksün oyan,
Haqqı dünyaya yayan,
Xocalı qiyaməti...
         *
Fəlakətlə üz-üzə,
Düşmənə qalxan, nizə,
Döndü qanlar dənizə,
Xocalı qiyaməti.
        *
İntiqam, qisas deyər,
Qeyrət qapısın döyər,
Ölüncə qəlbi döyər...
Xocalı qiyaməti...
         *
Yurdlar pərən-pərəndi,
Zülm ərşə dirəndi,
Haqq haqqına ərəndi,
Xocalı qiyaməti...
         *
Ağlayar kağız, qələm,
Yanar ahımdan aləm,
Əcəl can verməz öləm,
Xocalı qiyaməti...
         *
Əsir yurdun fəryadı,
Yetməz Tanrıya dadı,
Soyqırımıdı adı-
Xocalı qiyaməti...

         -V-
Ey rus xalqı, gözünü aç, bax bu qanlara,
Yandırılmış, parçalanmış şəhid canlara,
Tarixlərdə yer verilmib bu divanlara,
İmperiyalar millətini şərəfli etmib,
Heç bir cəllad taxtı-tacı axıra yetmib.
                  *
Daşnakların dəyirmanı çox su apardı,
Tanrı özü bu qanlarçın tufan qopardı,
Neçə-neçə Pyotrlar atın çapardı...
Göstər mənə taxtı-tacın şərəfin, adın,
Onları da bu dünyaya gətdi rus qadın.
                 *
Ey rus xalqı, Yeseninin əziz övladı,
Bu gün azad ölkənizdə azadlıq dadı,
Sizə-bizə yaxşı bələd faşizim adı!
Min-min ölən-itən oldu o qalmaqalda,
Yaxşı bildiz nədir o vaxt zəncirlər qolda?!
                 *
Bakı nefti evinizdə çırağa döndü,
Faşistlərlə vuruşlarda yarağa döndü,
Vətənimin pak ürəyi sizlə döyündü...
Qanımızla, canımızla birləşdik onda,
Doğulandan ölənədək bu xalq bir donda!
                 *
İndi daşnak taununa yurdun gillənib,
Nə olubdu axar sellər belə lillənib?!
Adranik havalılar yenə şellənib,
Plan cızır, möhür basır rus oğullar,
Vətənimin istiqlalın yenə boğullar.
                  *
Ey rus xalqı, özün ara kimdi savaşan,
Sənin, mənim silahımla həddini aşan,
Özgə yurda vəhşi kimi gəzib-dolaşan,
Oğulların hara tökür güllə yağışın,
Bilməliyəm, bu qanlara nədir baxışın?
                 *
Ey rus xalqı, sənin oğlun bu yurdu böldü,
Qarabağın axan qanı min çaydı, göldü,
Böyütdüyün qansızlarla Xocalı öldü!
Bir qiymət ver əli qana boyananlara,
Daşnakların arxasında dayananlara.
                 *
Para ilə vicdanları satana, lənət,
Haqqı danıb vəhşiləri tutana, lənət,
Cəlladların kölgəsində yatana, lənət,
Ey rus xalqı, şirindirsə azadlıq əgər,
Pak yolunda şəhid yurdum dünyaya dəgər!
                         
               -V1-
Düyünlənmiş yumruğumuz silah davaya,
Bağrımızdan püskürən od qalxsın havaya,
Qan çanağı Xankəndində çevrilsin vaya!
Qurğuşuna dönsün orda şər gözü ovsun,
Əsli-kökü olmayaanı bu yurddan qovsun.
                 *
Ey Vətənin oğlu, qızı, gedək səngərə,
Sipər olsun yağılara hər dağ, hər dərə,
Dığaların qollarını gərək el gərə!
Gül qoxulu qızlarımız yağı əlində,
Qisas yurdun ürəyində, qisas dilində!
                 *
Eldən gələn el malını çalıb-çapdılar.
Iki yüz il məmləkətə zülm yapdılar,
Çoxaldılar mikrob təki, yolu sapdılar...
Yetər daha bu aldanış, verək əl-ələ,
Zəfər çalaq bu savaşdan gün doğsun elə.
                 *
Qalibiyyət bizimlədir, Tanrı Haqqa yar,
Qisas deyib haray çəkir namus, ismət, ar,
Azərbaycan qədim yurdsa-qurd ərləri var...
Xocalının şəhid ruhu qan bu dağ-daşa,
Zəfərlərlə çıx savaşdan, ey Vətən, yaşa!
                *
Meşələrdə donanların ruhu eşqinə,
Xocalının yanan köksü, ahı eşqinə,
Geyin bozqurd libasını, igid, əyninə,
Əyilməyən qürurunu göstər yağıya,
Son qoy Vətəın torpağinda vaya, ağıya!
               *
Bunu sənə gözü yaşlı qız, gəlin deyir,
Min illərlə qılınc vuran sərt əlin deyir,
Azərbaycan adlı böyük bir elin deyir,
Vətənsizə nə səadət?! Vətənlə yaşa!
Qırılmalı zəncir, buxov, yol qurtuluşa!
Zəfərlə çıx savaşlardan, ey VƏTƏN, yaşa!!!
                             

Müəllif:Şirin xanım Kərimbəyli Şadiman
Tarix: 03-05.03.1992

Mənbə

[redaktə]

http://shirinxanim-shadiman.net/ xocali-soyqirimi.htm]