Yaşayıram mən

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Yaşayıram mən
Müəllif: Aqşin Hacızadə

 
Hər günü bir yeni dərd-əzab ilə,
Doğula-doğula yaşayıram mən.
İçimdən sökülüb çölümdən çöküb,
Dağıla-dağıla yaşayıram mən.

Söyləyə bilmirəm dildə arzumu,
Ağzımdan alırlar halal ruzumu.
Özüm öz əlimlə tutub ağzımı,
Boğula-boğula yaşayıram mən.

Narahat çırpınır rahatlıq tapmır,
Hər əlim yetənə ürəyim yatmır,
Ürəyim deyənə əllərim çatmır,
Yaxıla-yaxıla yaşayıram mən.

Aldandım tərifin təntənəsində,
İtirdim mənliyi "mən-mən" səsində.
Riyanın, yalanın məngənəsində,
Sıxıla-sıxıla yaşayıram mən.

Haqq desəm, sayıllam cod adam təki,
Adımı çəkirlər bəd adam təki.
Başqa planetli, yad adam təki,
Baxıla-baxıla yaşayıram mən.

Eh, dərdim dərd olmaz, daş adamlara,
Mən əyaq olmuşam "baş" adamlara.
Təsəllim budur ki, xoş adamlara,.
Çaxıla-çaxıla yaşayıram mən.