Üzümçülük/Üzüm xəstəlikləri/Mildium
←../ | Üzümçülük/Üzüm xəstəlikləri |
../→ |
Mildium üzümün ən qorxulu, geniş yayılmış xəstəliyidir. El arasında bu xəstəliyə yalancıq unlu şeh, gəzəngi sibrə və s. adlar verilmişdir.
Xəstəliyi əmələ gətirən Fikomizetlər sinifindən olan plazmopara vitikula göbələyinin sporlarıdır. Bu göbələk tənəyin bütün torpaqüstü hissələrini: yarpaqları, yaşıl zoğları, qönçələri, çiçəkləri və gilələri zədələyir. Xəstəliyin əsas əlaməti odur ki, yarpağın üst tərəfi yağlı ləkələrlə örtülür, rütubətli havalarda temperatur 12°-dən yuxarı olduqda yarpaqların alt tərəfində ağ rəngli, kifəbənzər örtüklər əmələ gəlir. Xəstəliyə tutulmuş toxuma (yarpaqlar) müəyyən vaxtdan sonra qırmızımtıl-qonur rəng alır və ya qonurlaşır. Yarpaqlar vaxtından qabaq quruyur. Xəstəliyə tutulmuş qönçələr, çiçəklər və yumurtalıqlarda quruyub tökülür. Bəzən belə güman edirlər ki, yeni əmələ gəlmiş gilələrdə mildiu xəstəliyi ola bilməz və gilə üçün bu xəstəliyin bir o qədər qorxusu yoxdur. Lakin təcrübələr göstərir ki, rütubətli isti havada gilələrdə çirkli-göyümtül rəngli və batıq ləkələr əmələ gəlir və gilələr qırışaraq tökülür, salxım öz formasını və çəkisini itirir. Mildiu xəstəliyinə tutulmuş zoğlarda ləkələr əmələ gəlir və onlar zədəli olduğundan yarpaqlar üzvü maddə hazırlaya bilmir. Qida ehtiyatı toplamır və zoğlar yetişmədiyi üçün qış dövründə donub məhv olur. Uzun illərin təcrübəsi göstərir ki, yağmurlu havada 9-10° və adi günlərdə havanın istiliyi 22-26° olduqda mildiu xəstəliyi sürətlə artır. Müşahidələr sübut edir ki, mildiu xəstəliyinin əmələ gəlməsi üçün istiliyin 11-13° olması və havanın yağmurlu olması kifayətdir. Istiliyin az və çox olması ilə əlaqədar, mildiumu yaradan göbələyin gizli inkişaf dövrü dəyişir. Temperatur 13-14° olduqda göbələyin inkubasiya dövrü 10-12 gün, 19-20° olduqda 5-6 gün, 21-27° olduqda 4-5 gün, 28-29° olduqda 6-8 gün çəkir. Lakin 30°-dən yuxarı temperaturda mildium xəstəliyinin sporları o dərəcədə inkişaf edə bilmir. Mildium xəstəliyin inkişafını məhtudlaşdıran amil yüksək temperatur (30°-dən yuxarı) və alçaq rütubətlilik şəraitidir. Belə bir şərait Orta Asiya ölkələrində olduğu üçün bu ölkələrdə mildium xəstəliyi demək olar ki olmur.
Torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən asılı olaraq, üzümlüklərin mildiu xəstəliyinə tutulması müxtəlif olur. Xəstəlik ən çox şaxtadan, doludan ziyan çəkən, pis havalanan, çökəkdə yerləşən, yaşıl budama və yaşıl bağlama vaxtında aparılmayan sahələrdəki tənəklərdə olur. Belə sahələrdə məhsuldarlıq aşağı olmaqla məhsulun keyfiyyəti də aşağı olur. Ona görə də mildiu xəstəliyinə qarşı vaxtında aqrotexniki və kimyəvi üsulla mübarizə aparılmalıdır.
Aqrotexniki mübarizə. Yeni üzümlüklərin xəstəliyə davamlı sortlarla salınması. Tənəklərə yüksəkştamblı formaların verilməsi, çökək yerlərdə üzümlüklərin salınmamasıdır. Aqrotexniki tədbirlərdən yaşıl budama və bağlama vaxtında aparılmalı, cərgə araları və tənək aralarından alaq otlarının təmizlənməsi ümumiyyətlə becərmə işləri yüksək aqrotexniki səviyyədə aparılmalıdır.
Kimyəvi mübarizə. Kimyəvi mübarizədə 1%-li göydaş məhlulundan istifadə olunmalıdır. 1 faizli məhlul hazırlayarkən 1 kq göydaş və 1 kq sönməmiş əhəng götürülüb ayrı-ayrı qablarda həll edilir-əhəng əvvəlcədən söndürülür. Həll olunmuş göydaş əhəngin üstünə tökülüb qarışdırılır və üzərinə 100 litr su əlavə olunur. Hazırlanmış məhlulda reaksiya neytral оlmalıdır yəni fenolftalein kağızı bu məhlulda göy rəng almalıdır. Əgər kağız çox tünd göy rəng olarsa, deməli məhlulda əhəng normadan çoxdur. Əgər kağız ağ rəng olarsa və ya onun rəngi dəyişməzsə məhlulda göydaş normadan artıqdır. Lakin bu komponentlər optimal nisbətdə olmalıdır ki, xəstəliyə qarşı mübarizə apararkən tənəklərdə fəsadlar yaranmasın. Yadda saxlamaq lazımdır ki, 1 hektar üzümlük sahəsinə 10 kq göydaş və 10 kq əhəng, 800-1000 litr işçi məhlulu tələb olunur və neytral göydaş məhlulunda qırmızı lakmus açıq göy, göy lakmus isə qırmızı rəng alır. Tənəklərdə birinci çiləmə zoğların uzunluğu 3-5 yarpaq 9-12 sm olanda aparılmalıdır. Ikinci çiləmə birincidən 8-10 gün sonra aparılmalıdır. Iqlim-torpaq şəraitindən və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq, vegetasiya dövründə mildir xəstəliyə qarşı tənəklərdə 4-6 dəfə bəzən daha çox müalicə aparılmalıdır və tənəklərdə çiçəkləmə başlayana kimi mütləq bir dəfə çiləmə aparılmalıdır. Təcrübə göstərir ki, qeyri-sabit hava şəraitində nəinki, tənəyin yarpaqları, həmçinin açılmamış çiçək topacıqları da mildiu xəstəliyinə tutulur, nəticədə çiçək topacıqları açılmır və qaralıb tökülür. Odur ki, çiçəkləmə dövründə mildiuya qarşı göydaş məhlulu ilə çiləmə aparılmalıdır. Yarpaqlar töküləndən sonra payızın axırında, yaxud yazın əvvəlində tumurcuqlar açılana qədər tənəklər 2-3%-li nitrafin (1 ha 1500-2000 litr), yaxud 1%-li dnok məhlulu ilə çilənməlidir.
Son zamanlar mildiu xəstəliyinə qarşı yüksək səmərə verən dərmanlardan 0,2-li mikal (3-4 kq/ha-800-1000 litr su) 72%-li ridomil 2,5 kq/ha-800-1000 litr su), 65%-li efal (3,0 kq/ha-800-1000 litr su 70%-li avensil (2,5-3,0 kq/ha-800-1000 litr su) və 60%-li arserid (2,1-2,9 kq/ha-800-1000 litr su) məhlullarından çox geniş istifadə edilir. Sistem təsirli bu cür preparatlar proflaktiki mübarizədən başqa xəstə tənək orqanlarını müalicə edir, hüceyrə daxilinə nüfuz edərək törədicinin inkişafını dayandıra bilir. Bu dərmanlar çiləndikdən sonra yağış və şehin təsirindən yuyulmur və yeni əmələ gələn yarpaq və zoğların yenidən mildiu xəstəliyi ilə yoluxmasının qarşısını 18-20 gün müddətində alır.