Məzmuna keç

Üzümçülük/Üzümlüklərin salınması/Sahənin seçilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Üzümçülük/Üzümlüklərin salınması

../

Üzümlüklərin barvermə müddətini və məhsuldarlığını artıran amillərdən biri sahənin düzgün seçilməsidir. Buna görə də sahə seçilərkən torpağın strukturu və münbitliyi nəzərə alınmalıdır. Yeni üzüm bağları salınarkən torpaqda olan əhəng və duzların miqdarı qrunt sularının torpaq səthindən dərinliyi, yerin relyefi və yamacların istiqaməti də nəzərə alınmalıdır.

Dağətəyi və dağlıq sahələrdə texnikanın səmərəli istifadəsi üçün sahənin mailliyi 1-12° arasında cənub və cənub-qərb yamaclarında seçilməsi daha səmərəlidir. Mailliyi 12°-dən artıq olan yamaclarda üzümçülük salındıqda su torpağın münbitliyini yuyub azaldır, yəni torpaq su erroziyasına məruz qalır. Odur ki, mailliyi 12°-dən yüksək olan yamaclarda tənəklər yalnız terraslara əkilməlidir.

Yeni üzüm bağları salınarkən istər düzən istərsə də dağətəyi sahələrdə torpağın səthi düzəldilməlidir. Bağ salınacaq sahənin əhali yaşayan yerə, su mənbəylərinə və işlək yollara yaxın olması iqtisadi cəhətdən səmərəlidir. Bağ salınacaq sahənin əhali yaşayan yerə su mənbələrinə və işlək yollara yaxın olması iqtisadi cəhətdən səmərəlidir. Üzümlüklər salınarkən torpaq xəritəsi mütləq lazımdır ki, torpağın nə dərəcədə yararlı olması və hüquqi baxımdan torpaq ayırma sənədlərinin düzgünlüyü dəqiqləşdirilsin.

Yeni üzümlüklər salınması üçün yer ayrıldıqdan sonra üzümlüklərə qulluq işlərini asanlaşdırmaq və torpaqdan səmərəli istifadə etmək məqsədilə seçilmiş sahələr sərnə və qursaqlara bölünməli, cərgələrin düzgün salınması üçün sahələr mütləq Geodeziya alətləri ilə ölçülüb nişanlanmalıdır. Sərnələr arasında 10-12 metr, qursaqlar arasında isə 6-7 metr eninə yol qoyulmalı, cərgələrin uzunluğu 100 metrdən artıq olmamalıdır. Onu da qeyd etmək lazımdır ki, yeni üzümlüklər salınarkən sort təmizliyinin təmin olunması üçün Azərbaycan Üzümçülük İnstitutunun rəhbərliyinin tövsiyyələri ilə Şamaxı Üzümçülük və Şərabçılıq Stansiyasında və Tinglik təsərrüfatında mütəxəssis kadrların səyi ilə yerli şəraitə uyğunlaşdırılmış tinglərin yetişdirilməsi, yeni sortların yaradılması və köhnə üzümlüklərin yenidən bərpa olunması üçün lazımi işlər görülməkdədir.