Məzmuna keç

İnformasiya müharibəsi/İnternetdə informasiya qarşıdurmasının səbəbləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnformasiya müharibəsi

../


Bu gün informasiya qarşıdurmasında İnternetdən daha aktiv və hərtərəfli istifadə edilməkdədir. İctimai rəyin yaradılması və ya dəyişdirilməsində, siyasi, iqtisadi və hərbi qərarların qəbulunda, düşmənin informasiya resurslarına təsirdə, xüsusi hazırlanmış informasiyanın (dezinformasiyanın) yayılması planında İnternet geniş imkanlara malikdir. Dünyanın milyonlarla kompyuterini birləşdirən Qlobal İnternet şəbəkəsi özünün forma və tərkibi baxımından müxtəlif xüsusiyyətli, sərhəd tanımayan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz hissəsinə çevrilmişdir.

İnternetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bütün bu sadalananlar informasiya qarşıdurmasında İnternetdən ən geniş şəkildə istifadə etmək imkanları verir.

Son illər İnternet istifadəçilərinin sıçrayışlı artımı ilə yanaşı cəmiyyətin siyasi aktivliyi və narahatlığı yeni fəaliyyət sahəsinin – İnternetdə informasiya qarşıdurmasının yaranmasına səbəb olmuşdur.

İnternetin inkişafı informasiya qarşıdurmasında onun imkanlarından daha geniş istifadə etməyə, informasiya qarşıdurmasında iştirak edən İnternet istifadəçilərinin fəaliyyətlərində koordinasiyaların, əhatəliliyinin və mürəkkəbliliyin artmasına şərait yaradır. İnternet qarşıdurmalarının iştirakçıları həm dövlət və ya koalisiya, həm də müxtəlif qruplar (terrorçu qrupları da daxil olmaqla) ola bilər.