Məzmuna keç

İnformasiya müharibəsi texnologiyaları/Fəsil 1. İnformasiya müharibəsi və müasir cəmiyyət

Vikikitab, açıq dünya üçün açıq kitablar
Giriş İnformasiya müharibəsi texnologiyaları

1.1. İnformasiya müharibəsi termini haqqında

[redaktə]

Son dövrlər İM ilə bağlı terminlərin müxtəlif sahələrdə geniş istifadə olunması və bununla bağlı konkret məsələlərin meydana çıxması yeni müharibə üsullarının reallaşdırılması problemlərini ortaya atdı. Həqiqətən də hər-hansı işi yerinə yetirməyə başlayarkən ilk növbədə istifadə olunacaq “alətin” əldə edilməsi vacibdir. Başqa sözlə, İM sahəsində terminologiyanın təyin olunması problemlərlə daha yaxından tanış olmaqla yanaşı, İM texnologiyalarının araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bu deyilənlər “kibermüharibə”, “şəbəkə müharibəsi”, “informasiya müharibəsi”, “informasiya qarşıdurması” və bu sahədə digər istifadə olunan terminlərə aiddir.

Deyilənlərin təsdiqi olaraq Sun Szı tərəfindən hələ bizim eradan əvvəl yazılmış “Müharibə incəsənəti” traktatından sitatla tanış olaq: “Qabaqlayıcı bilik elə bir vasitədir ki, onun köməyi ilə məlumatlandırılmış hökmdarlar və müdrük sərkərdələr hücum edərək başqalarını fəth edirdilər... Qabaqlayıcı biliyi şeytandan və ya ruhdan almaq mümkün deyil... onu insanlardan almaq olar, belə ki, bu bilik düşmənin həqiqi vəziyyəti haqqındadır. Cəsusluğun beş növü var: yerli cəsuslar, daxili cəsuslar, ikili cəsuslar, geri dönməyən və geri dönən cəsuslar.” [1]

Tədqiqatlar göstərir ki, indiyə kimi informasiya texnologiyaları sahəsində İM-in ümumi universal anlayışı təyin edilməmişdir. Tarix boyu İM anlayışı təbliğat, təbliğata qarşı mübarizə, dezinformasiya metodları, psixoloji müharibə kimi hadisələrlə əlaqələndirilmişdir. Cəmiyyət inkişaf etdikcə, yeni həyat tərzi yarandıqca, “intellektual iqtisadiyyat” genişləndikcə, İKT inkişaf etdikcə, İC formalaşdıqca İM sosial hadisə kimi əhəmiyyətli dərəcədə avtonomluq statusu almaqdadır. İlk dəfə “informasiya müharibəsi” terminini, 1976-cı ildə Tomas Rona “Boeing” kompaniyası üçün hazırladığı “Silah sistemləri və informasiya müharibəsi” adlandırdığı hesabatında istifadə etmişdir. Hesabatda o, sübut etmişdir ki, informasiya infrastrukturu Amerika iqtisadiyyatının əsas komponentinə çevrilmişdir[2].

Tədqiqatlar göstərir ki, “kibermüharibə”, “şəbəkə müharibəsi” və “informasiya müharibəsi” terminləri sinonim deyillər, lakin nəzərə alsaq ki, onların hər biri İnternetlə sıx bağlıdır, demək, bu terminlər arasında ümumi cəhətlər çoxdur. Kibermüharibə dedikdə, ilk növbədə kiberfəzada baş verən müharibə nəzərdə tutulur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün kibermüharibə müxtəlif formalarda – dövlətin milli dəyərlərini əks etdirən domen adların ələ keçirilməsindən, domen mübahisələri ilə bağlı məhkəmələrdən başlamış sosial şəbəklərdə baş verən qarşıdurmalara, haker hücumlarına kimi bütün istiqamətlərdə həyata keçirilir.

“Kibermüharibə” termininin ilk dəfə Con Akilla və Devid Ronfeldt tərəfindən “Cyber War Is Coming!” məqaləsində istifadə olunmasına baxmayaraq, bu mövzuda geniş araşdırmalara və kütləvi nəşrlərə 1997-ci ildə həmin müəlliflərin “Afina düşərgəsində: informasiya əsrində münaqişələrə hazırlaşarkən” kitabının nəşrindən sonra başlanmışdıruşdu.

1.2. İnformasiya müharibəsi texnologiyalarının inkişaf mərhələləri

[redaktə]

İM texnologiyalarının inkişafını informasiyanın cəmiyyətdəki rolunun artması və hissediləcək dərəcədə hakim mövqe tutması ilə bağlamaq daha düzgün olardı. İM texnologiyaları bu gün cəmiyyətin elmi-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi sahələrində nailliyyətlər əldə etmək üçün yüksək effektli vasitələrdən sayılır A[3]

İM və onun tətbiqi texnologiyalarının kökü qədim dövrlərə təsadüf edir. İnsanlar yaşadıqca İM və informasiya təcavüzü bu və ya digər formada hər zaman mövcud olmuşdur. Ən qədim tarixi və dini kitablarda təsvir edilən hadisələr insanlar arasında informasiya qarşıdurmaları və təcavüzlərinin üzərində qurulmuşdur. Məsələn, Çingiz xanın yürüşləri zamanı ordunun önündə xüsusi hazırlıq görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın opdusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər verərək əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsulları digər məşhur sərkərdələr tərəfindən də istifadə edilmişdir (Makedoniyalı İsgəndər, Teymur Ləng və s.).

Fiziki müharibə etmədən İM aparmaq olur, amma İM olmadan fiziki müharibə aparılmır. Başqa sözlə, fiziki müharibə aparılarkən, eyni zamanda onun tərkib hissəsi kimi İM-in aparılması zəruridir. Hələ çox qədimlərdən müharibələr zamanı hərbçilər vuruşda güclərini effektiv idarə etmək üçün qarşı tərəfin informasiya mənbəyinə təsir etməyə, insanların fikrini lazım olan istiqamətə yönəltməyə çalışmışlar.

II Dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayırdılar. Ötən əsrin 40-cı illərində informasiya texnologiyalarının inkişafı öz ilkin dövrünü yaşayırdı. Bu səbəbdən İM-də təbliğat və dezinformasiyadan istifadə daha effektli vasitə sayılırdı. İM-də üstünlüyü əldə saxlamaq məqsədi ilə Alman ordusunda xüsusi təbliğat qoşunu yaradılmışdı. Təbliğat qoşununun təşkilinə qərar 1938-ci ildə Qebbelsin təklifi ilə verildi. Təbliğat qoşununa hərbi jurnalistlər, foto-, kino- və radiomüxbirlər, radioavtomobillərə və kinoqurğulara xidmət edən heyət, təbliğat xarakterli ədəbiyyatın (vərəqə, plakat və s.) yaradılması və yayılmasında iştirak edən mütəxəssislər daxil idi. Təbliğat və dezinformasiya yalnız düşmən tərəf üçün deyil, eyni zamanda daxili qoşun və əhali üçün də nəzərdə tutulmuşdu. [4]

İstinadlar

[redaktə]
  1. Сунь Цзы., Искусство войны, http://cclib.nsu.ru/projects/satbi/satbi/books/sunzi/
  2. Thomas P. Rona, “Weapon Systems and Information War” // Boeing Aerospace Co., Seattle, WA, 1976, pp. 14
  3. Ağayev B.S., Mehdiyev Ş.A., Əliyev T.S. Elektron məlumat daşıyıcıları informasiya təhlükəsizliyinin obyekti kimi // İnformasiya Cəmiyyəti Problemləri, 2016, №1, s. 46-55.
  4. Ələkbərova İ.Y., İnformasiya müharibəsi texnologiyalari / Bakı, “İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 108 s.