Məzmuna keç

İnformatika/İnformatika kursuna giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnformatika

../

Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompyuterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Ücüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı “biliklər iqtisadiyyatının”, başqa sözlə neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.

Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı (İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Azərbaycan Respublkası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr üçün hökümət proqramı statusu almışdır. Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.