Məzmuna keç

İnformatika/İnformatikanın, hesablama texnikası və İKT-nin meydana gəlməsi, təşəkkül tarixi və Azərbaycandakı müasir vəziyyəti

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnformatika

../

Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü - mikroprosessorların, fərdi kompyuterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir.

İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.

  • İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
  • 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;
  • 1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur;
  • 1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;
  • XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və A.Beris tərəfindən müasir kompyuterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ–da ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompyuter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompyuter texnikası və texnologiyası yüksək surətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
  • I nəsil (1946-1958-ci illər) - elektron lampalı hesablama maşınları. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
  • II nəsil (1958-1964-cü illər) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan hesablama maşınları. Onların funksional imkanları xeyli artıq idi. Məs: BESM-4, Minsk-22, Ural-14 və s.
  • III nəsil (1970-1985-ci illər) - element bazası mikro elektronika və inteqral sxemlərdən ibarət olan hesablama maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompyuterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
  • IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompyuterlər. Bu nəslin ayrıca sinfi fərdi kompyuterlərdir(FK - PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır.

Qeyd edək ki, adi kompyuterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən bir çox super kompyuterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompyuterlərin yaradılması istiqamətində işlər də aparılır.

Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompyuter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.

Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.

1980-ci illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır.

Sonrakı illərdə kompyuter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir.

Son illərdə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan böyük tələbatdan irəli gəlmişdir. İnstitutda informasiya texnologiyalarının ən aktual problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi imkanlarını öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.

Hazırda respublikada İnternet mühitində virtual iş, təhsil, elektron–kommersiya, elektron biznes və s. kimi şəbəkə texnolgiyalarının müasir imkanları daim araşdırılır. Respublikada İKT bazarının inkişaf perspektivləri, İC-in və biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və səmərəliliyinin artırılması, Web texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır.

2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə Dünya Sammitinin (İCDS - WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT Nazirliyinin yaradılması, 2005-ci ildə RİT üzrə Dövlət Proqramının işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində (WSIS) iştirak, kompyuter texnikası istehsalı sahəsində işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, İnternetin inkişafı və s. kimi sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-in tətbiqi sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir.