Məzmuna keç

İnsan anatomiyası/İnsan anatomiyasının bölmələri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ İnsan anatomiyası

../


İnsan anatomiyasının aşağıdakı bölmələri var :

  1. Sistematik anatomiya - orqanizmdə olan orqanlar sistemini forma və quruluşunu öyrənir. Orqanlar sistemi müəyyən bir funksiyanı yerinə yetirmək üçün birlikdə fəaliyyət göstərən orqanlar toplusuna deyilir. İnsan bədənində 11 orqanlar sistemi vardır. Bu elm orqanizmi sağlam halda tədqiq etdiyi üçün normal anatomiya adını daşıyır. Normal anatomiya başqa metodlarla bərabər təsviri metoddan da istifadə etdiyi üçün ona təsviri anatomiya da deyilir.
  2. Nəzəri və ya ümumi anatomiya – orqanizmi təşkil edən üzvlərin vəzifəsi ilə əlaqədar olaraq onların quruluşunu, inkişaf proseslərini və formalaşmalarını izah edən qanunauyğunluqları öyrənir.
  3. Topoqrafik anatomiya - sağlam üzvlərin və bədən hissələrinin vəziyyətcə nahiyələrə, skeletə və birbirinə olan nisbətlərindən bəhs edir. Əgər sistematik anatomiya üzvləri sistemlər üzrə tədqiq edirsə, topoqrafik anatomiya orqanizmi nahiyələrə bölüb orada olan üzvlərin və ya törəmələrin səthi qatlardan dərin qatlara doğru vəziyyətlərini və qarşılıqlı nisbətlərini öyrənir.
  4. Cərrahi anatomiya - patoloji şəraitdə olan, yaxud patoloji proseslərə tutulmuş üzvlərin vəziyyətini və bir-birinə olan nisbətlərini öyrənir.
  5. Plastik anatomiya - orqanizmin müxtəlif vəziyyət və hallarında zahiri şəklindən və proporsiyalarından bəhs edən elmdir; rəssamlıqda və heykəltəraşlıqda tətbiq edilən sahədir.
  6. Dinamik anatomiya - orqanizmin «anatomik qüvvələrini», yəni vəzifələrini, bu və ya başqa hərəkətlərdə bədən ağırlığının təsirini öyrənir. Dinamik anatomiyanın idman və bədən tərbiyəsi ilə məşğul olanlar üçün çox böyük əhəmiyyəti vardır.
  7. Yaş anatomiyası - üzvlərin forma, quruluş və vəziyyətcə yaş xüsusiyyətlərini öyrənir. İnsan orqanizmi həmişə bir halda qalmır, o, döllənmə vaxtından başlayaraq ölənə qədər tədricən dəyişir, dinamik bir sistem təşkil edir.
  8. Eksperimental anatomiya - bədənin quruluşunu diri orqanizm, başlıca olaraq diri heyvan üzərində öyrənir və eksperimental metoddan istifadə edir. Rentgen şüalarının köməyi ilə daxili üzvlərin vəziyyəti, ürəyin yerdəyişməsi, diafraqmanın və oynaqlarda sümük uclarının hərəkəti öyrənilir. Buna «canlı üzərində anatomiya» öyrənmə üsulu deyilir və anatomiyanın bu şöbəsi rentgen anatomiya adlanır. Təbiidir ki, bu metod vasitəsi ilə üzvlərin forması və vəziyyəti haqqında daha düzgün məlumat əldə etmək olur.
  9. Müqayisəli anatomiya - heyvan orqanizmlərinin forma, quruluş və mənşəyindən bəhs edərək müqayisəetmə üsulundan istifadə edir. Bu elm heyvan növlərinin inkişaf tarixini - filogenezi öyrənərək embriologiya ilə birlikdə orqanizmin forma və quruluşunun təkamül prosesi nəticəsində necə meydana çıxdığını və inkişafını müəyyən etməyə imkan verir.
  10. Patoloji anatomiya - normal anatomiyanın əksinə olaraq, bu və ya başqa xəstəliyə tutulmuş orqanizmin, yaxud onun üzvlərinin patoloji (xəstəlik nəticəsində meydana çıxan) dəyişikliklərindən bəhs edir.♡