İstifadəçi:Tahir.Vikikitab

Vikikitab, açıq dünya üçün açıq kitablar

Əhməd Ağaoğlu XX əsr Türk düşüncə və siyasi həyatında önəmli rol oynamış öndərlərdən biridir. Türk və ümumən İslam xalqlarının ancaq Qərb mədəniyyətinin prinsiplərini həyat tərzlərinə daxil edərək xilas olmaq inancı Əhməd bəy Ağaoğlunu türk milliyyətçiliyinin öndər düşüncəli şəxsiyyətlərindən birinə çevirmişdir. Əhməd bəy Ağaoğlunun düşüncələri zaman-zaman şahidi olduğu hadisələr və aldığı təhsillə formalaşmışdır (15). Böyük siyasi xadimin bioqrafiyası əsrin mürəkkəb və keşməkeşli hadisələri ilə müşayiət olunmaqdadır. Əhməd bəy, 1869-cu ildə Azərbaycanın Şişə (Şuşa) şəhərində doğulmuşdur. Təbiətən çılğın və bilik, məlumat ehtirası ilə yanıb-yaxılan Əhmədi artıq Şuşadakı təhsili də təmin etmir, yeni tədris ili başlananda valideynlərindən gizli Tiflisə “qaçır” və müvəffəqiyyətlə şəhər gimnaziyasının yeddinci sinfinə imtahan verir. Yaşadığı mühitə, din xadimlərinə tənqidi münasibət bəsləyən anasından fərqli olaraq, əmisi ərəb və fars dillərini, şəriəti yaxşı bilən dindar və mütəəssüb bir müsəlman idi. Günləri axund və mollalarla keçər, evinə toplanan din nümayən-dələri ilə saatlarla mübahisələr edərdi. Balaca Əhməd belə bir mühitdə göz açıb böyümüşdü. Beləliklə, iki şəxsin-anası ilə əmisinin müxtəlif mövqeləri Əhmədin təlim-tərbiyəsinin iki ayrı-ayrı istiqamətdə davam etməsinə səbəb olur. Bir tərəfdən, anası onun atası və əmisindən gizli olaraq evdə rusca təhsil almasını təşkil edir, riyaziyyat, tarix, coğrafiya fənlərindən ilkin məlumata yiyələnməsinə nail olur. Digər tərəfdən, əmisi xüsusi müəllim tutaraq altı yaşından ona ərəb və fars dillərini öyrətməyə çalışır, molla məktəbində təhsilini davam etdirən Əhməd Qurandan başqa “Leyli və Məcnun”u, “Gülüstan” və “Bustan”ı oxuyur. Bu iki təlim-tərbiyə və bilik sistemi bütün həyatı boyu Ə.Ağaoğlunun ictimai-siyasi və ədəbi fəaliyyətinin ümumi ideya məzmununu, səciyyəsini müəyyənləşdirmiş, ondakı bu iki dünyagörüş çarpışa-çarpışa, bir-birinə kömək edə-edə, bir-birinə mane ola-ola davam etmiş və gələcəkdə 67 yaşlı mütəfəkkir ədibin daxili böhranlarının səbəblərini etiraf etmək məqamına gətirib çıxartmışdı (16). Əhməd bəy 1884-cü ildə Şuşa şəhər məktəbini bitirib iki il öncə açılmış olan “Realni-Uçulişe”yə, yəni klassik təhsildən çox real elmlərə, riyaziyyat və təbiət elmlərinə önəm verən bir növ liseyə qeyd oldu. 1877-ci ildə liseyi mükafatla tamamladı. Əhməd bəy Ağaoğlu daha sonra Tiflis gimnaziyasını da müvəffəqiyyətlə başa vurur, əla cavablarına görə 300 manatla mükafatlandırılması isə onun Peterburqa getmək arzusunu xeyli reallaşdırır. Peterburqda Əhməd bəy hüquq fakültəsini yenicə bitirmiş Əlimərdan bəy Topçubaşov ilə tanış olur, Qafqaz şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadənin təhsilini bitirib İstanbula getməsindən xəbər tutur. Peterburqda imtahanlarda göstərilən ədalətsizlikdən bərk həyəcanlanan on doqquz yaşlı gənc Parisə getmək qərarına gəlir və az bir məbləğlə yola düşür. Parisə çatan kimi ilk işi yarımçıq öyrəndiyi fransızcanı tamamlamaq oldu (8). Parisdə Ə.Ağaoğlu hüquq məktəbinə daxil olub üç il sonra diplom alır. 1891-1892-ci illərdə Sorbonna Universitetinin tarix, şərq dilləri və məzhəbləri şöbələrində oxuyur, dinlər tarixini öyrənir. “Jurnal de Debat”, “Revyü Veen”, “Nouve Revyü” kimi fransız mətbuat orqanlarında ilk yazılarını nəşr etdirir. Əhməd bəy, Azərbaycan türkləri içində təhsil üçün Avropaya gedən ilk gəncdir. Moskvaya, Peterburqa, Kiyevə, Əhməd bəydən öncə də dörd-beş gənc getmişdi. Ancaq Rusiya sərhəddini aşa bilməmişdilər. Sərhəddən kənarda olan ölkələrə gedib təhsil almaq ənənəsi ancaq Doğu elmləri və dini elmlər üçün keçərli idi. Din alimi olmaq istəyənlər Kərbəlaya, Məşhədə, Mədinəyə, Misirə gedirdilər. Əhməd bəy, bu ənənənin cəbhəsini dəyişdirdi. Ağaoğluna Parisə getmək fikrini ehtimal ki, ondan on yeddi il öncə Parisdə olmuş Krımlı İsmayıl bəy Qaspiralının hərəkəti ilham vermişdir (8). Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan “İslam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (9). Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana açıb.1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi” qəzetinin baş redaktoru olub (9). Ə.Ağaoğlu Kaspi”dəki fəaliyyəti dövründə Qafqaz Senzura Komitəsindən “müsəlman mətbuatına” nəzarət edən erməni əsilli Qaraxanov və Kişmişev kimi senzorların fəaliyyəti nəticəsində Qafqaz canişininə göndərilən məxfi məlumatlarda azərbaycanlı yazar və jurnalistlər arasında “panislamizm”in və “pantürkizm”in ən qatı tərəfdarı kimi təqdim edilirdi (10). O, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktorluq edib. 1905-ci il dekabrın 19-dan "İrşad" qəzetini, 1907-ci ildə isə, eyni zamanda, rus dilində "Proqress" qəzetini nəşr etdirmişdir. 1908-ci ilin iyunundan "Tərəqqi" qəzetini çıxarmağa başlamış və Türkiyəyə gedənə qədər (1909) onun naşiri olmuşdur. (7) 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub (9). O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatlarının Bakının neft yataqlarına sahib olmasına mane olmağa çalışmışdır. Əhməd bəy Ağaoğlunun bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılmışdır. 1908-ci ilə qədər "Difai"nin fəaliyyəti о qədər geniş miqyas almışdı ki, Azərbaycan qəzalarında çar hakimiyyəti orqanlarının mövcudluğuna təhlükə yaranmışdı. Partiya üzvlərinə qarşı repressiyalar başlanmışdı. Qafqaz canişini özünün 4 mart 1908-ci il tarixli fərmanı ilə "Difai" partiyasının ləğv edilməsi barədə tapşırıq vermişdi (17).

Yelizavetpol general-qubernatoru  Q.Kovalyov cavab məktubunda yazmışdı ki, cari ilin mart ayında bu partiya tamamilə ləğv ediləcəkdir. Lakin bu planların həyata keçirilməsi üçün qubernator ilk növbədə partiyanın  Bakıdakı mərkəzi komitəsinin ləğv olunmasını təklif edirdi, çünki təkcə ona etibar edilmiş Yelizavetpol quberniyasında partiya qismən ləğv ediləcəyi halda Bakıdakı mərkəzi komitə partiyanın öz funksiyalarına xitam vermiş bölmələrini bərpa etməyə çalışacaqdır. Buna görə də qubernator "Difai" partiyasının mövcudluğuna birdəfəlik xitam vermək məqsədilə başda mərkəzi komitənin sədri Əhməd bəy Ağayev olmaqla Mərkəzi Komitənin heyətini Zaqafqaziya diyarı hüdudlarından çıxarmaq üçün" icazə istəyirdi (18).

Repressiyalara məruz qalan əsasən Ə.Ağayev oldu. Onun qəzetləri bağlanmış, özünü təqib etməyə başlamışdılar. Moskvadakı artistlər klubunda Ə.Ağayevin həbs edilməsi ilə nəticələnə biləcək növbəti təhrikçi insidentdən sonra o, Türkiyəyə mühacirət etmişdi. О gedəndən sonra partiyanın fəaliyyətində ciddi tənəzzül yarandı (13). Ə.Ağaoğlu Türkiyəyə gəldikdən sonra İslamçı mətbuat orqanı "Sırat-ı Mustakim" və "Sebilürreşad" da məqalələri çap olunmuşdur. Həqiqətən bu məqalələrində İslamçılıq düşüncəsini işləmişdi. "Sırat-ı Müstakim"də İran tarixi ilə bağlı məqalələr silsiləsi yayımlanmışdı (2,3). "Səbilürrəşad"da yayımlanan məqalələrində isə Qərbin və Rusiyanın müsəlman topluluqları ilə bağlı siyasətinə yer vermiş və müsəlman cəmiyyətlərini xəbərdar etməyə çalışmışdır. Təhlükə sadəcə bir müsəlman toplumunu deyil, Osmanlı da daxil olmaqla bütün müsəlman toplumlarını əhatə etdiyini dilə gətirmişdir (1,4). Ə.Ağaoğlunun fikrincə, toplumun dinini qoruması üçün öncə milli mənliyi, müstəqilliyi olmalıdır. O, "Türk Yurdu" nda yayımlanan məqalələrində Türkçülük və İslamçılığın iki önəmli axım olduğunu və bir-birlərini tamamladığını ifadə etmişdir. Bundan sonra Ə.Ağaoğlu Türkiyədə başlayan Milliyyətçilik (Türkçülük) hərəkatında iştirak edir. XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində bir çox cəhətdən sivilizasiyaya qovuşmuş Qərbin əksər sahələrdə geridə qalmış Şərqə ayrı-ayrı üsul və formalarla müdaxiləsi onu tədricən silkələdi. Şərq sözün bütün mənalarında hərəkətə gəlməyə məcbur oldu. Dünya imperializminin qüvvətlənməsi fonunda hegemonçuluq siyasətinə qarşı yeni qüvvələr meydana çıxmağa başladı. Bu tarixi zərurəti həqiqətə çevirə biləcək ideya, hər şeydən öncə, artıq zamanın qabaqcıl məfkurələrindən birinə çevrilməkdə olan türkçülük və türk millətçiliyi oldu. Bu ideologiyanın təməlini, əsasını qoyanlar isə Qərbin ən intellektual potensialı toplaşmış universitetlərində təhsil alıb qayıtmış Əhməd bəy Ağaoğlu kimi əsl türk ziyalıları idi. Həmin dövrdə dünyada gedən prosesləri öz xeyrinə dəyişmək siyasətini ardıcıl olaraq həyata keçirən Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycanda və digər türk dövlət və topluluqlarında millətçilik edənlər, bu ideologiyanı daşıyanlar üçün heç də asan olmayan siyasi şərait mövcud idi. Buna görə də Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusuf Akçura, Zəki Vəlidi Toğan, İsmayıl Qaspiralı kimi ziyalılar Türkiyəyə mühacirət etdilər. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. Sonradan gənc türklərin “İttihad və tərəqqi” partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, “Türk yurdu” jurnalının redaktoru olmaqla İstanbul universitetində rus dilindən dərs deyir (9). O, elmi, ictimai və publisistik fəaliyyətini davam etdirərək, "Tərcümani-həqiqət" qəzetinin redaktoru, "Türk yurdu" jurnalının yaradıcılarından olmuş, Afyon-qarahisardan Osmanlı parlamentinə deputat seçilmişdir. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. O, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə Rusiya imperiyasında yaşayan türk xalqlarının dözülməz vəziyyəti ilə bağlı ABŞ prezidenti V.Vilsona təqdim olunan müraciəti imzalamışdır. Ağayev 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlmişdir. Həmin il iyunun 16-da Milli Şura və Hökumət Tiflisdən Gəncəyə köçərkən bu Hökumətin həyata keçirmək istədiyi tədbirlərin "həddindən artıq demokratik istiqamətindən" narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının təsiri altında Gəncədə real hakimiyyətə malik olan Türkiyə qoşunları komandanlığı ilə Milli Şura arasında anlaşılmazlıq yarandıqda Nuru paşanın yanında böyük nüfuzu olan Əhməd bəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməkdə vasitəçilik etmişdi. Onun təklifinə görə, Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq Hökumətə həvalə olunmalı idi.1918-ci il iyunun 17-də bu məsələni müzakirə edən Milli Şura yeni Hökumət təşkil etməyə və özünün bütün səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olmuşdu. Əhməd bəy Ağayev həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdi. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. 1918-ci ildə general Tomsonla danışıq aparmaq üçün xüsusi nümayəndə heyətinin tərkibində Ənzəliyə göndərilmişdi. Həmin il dekabrın 28-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda "türk jurnalisti və Türkiyə parlamentinin deputatı" kimi təqdim olunaraq, ingilislər tərəfindən həbs edilmiş, "İttihad və tərəqqi" partiyasının rəhbərləri ilə birlikdə Malta adasına sürgün olunmuşdu. 1921-ci il mayın 28-də sürgündən qayıtdıqdan sonra kamalçılarla yaxınlaşaraq Ankara İnformasiya Agentliyinə rəhbərlik etmiş, “Hakimiyyəti-milliyyə!” qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra yenidən milli hərəkata qoşulmuş Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi və qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur (9) Bu dövrdə Türkiyədə isə Azərbaycanda olduğu kimi ümmətçilik və millətçilik arasında kəskin fikir dartışmaları gedirdi. Əslində bu dartışmanı Osmançılıqla yeniləşmə-Türkiyəçilik arasında mübarizə kimi xarakterizə etmək olar. Mübarizənin ikinci tərəfində çağdaş Türkiyənin qurucusu və dünyanın çox böyük dövlət və siyasət adamı Mustafa Kamal Atatürk dayanırdı. Azərbaycan ictimai-siyasi düşüncə tarixində önəmli rola malik olan Əhməd bəy Ağaoğlu türk dünyasının ideoloqu kimi Atatürkün mübarizə apardığı Qərbyönlü Türkiyə uğrunda mübarizlərdən biri oldu. Ağaoğlunun Atatürkə və onun apardığı böyük mübarizəyə münasibəti həm də Türkiyəni özünə daim örnək və arxa sayan Azərbaycan türkünün münasibəti idi (15). Onu da qeyd edək ki, Ağaoğlu üzərində böyük təsir yaradan C.Əfqani (1838-1897) bu dövrdə islam dünyasının ən maraqlı şəxsiyyətlərindən biri idi. Bu böyük mütəfəkkirin məqsədi müsəlman ölkələrini avropalıların istismarından hər hansı bir yolla da olsa xilas etmək və onları “ittihadi-islam” (islam birliyi) bayrağı altında vahid bir islam dövlətində birləşdirərək Avropaya qarşı mübarizə aparmaq idi. C.Əfqani “ittihadi-islam”ın reallaşması üçün ilk öncə hər bir islam ölkəsinin milli azadlıq hərəkatını şərt saymışdı, daha sonra bu müstəqil dövlətlər bir islam dövlətində birləşməli idilər. Bu mənada Əfqanini islam ölkələrindəki millətçi hərəkatların da ideya rəhbəri saya bilərik. Əfqaninin bu ideyaları məşhur türkçü mütəfəkkir Ziya Göyalpa (1876-1924) da təsir etmiş, o da vahid islam dövləti qurulana qədər, hər bir islam ölkəsinin müstəqil dövlət qurmasını vacib saymışdır. “Panislamizm”in əvəzinə “pantürkizm” cərəyanına öncəlik verilməsinə daha sonrakı tarixi proseslər də haqq qazandırdı. Osmanlı sultanı II Əbdülhəmidin hakimiyyəti (1876-1909) dövründə bütün müsəlmanları bir duyğu içində, vahid bir dövlət ətrafında birləşdirməyə xidmət edən hakim “ittihadi-islam” (“panislamizm”) siyasəti onun “İttihad və Tərəqqi” partiyası tərəfindən hakimiyyətdən salınmasından sonra zəifləməyə başladı. “Panislamizm”lə birlikdə osmanlıçılığı da eyni dərəcədə müdafiə edən hakimiyyətdəki “İttihad və Tərəqqi” partiyasının bu siyasəti türk olmayan Osmanlı vətəndaşları tərəfindən qəbul edilmədi (10). Ə.Ağaoğlunun milliyyətçiliyi məhəlli və dar deyildi. Peyami Safa Ə.Ağaoğlunun ölümündən sonra "Cümhuriyyət" qəzetində yazdığı məqaləsində onun qatı milliyyətçi, qatı demokrat və liberal olduğunu bildirmişdir (12). Ə.Ağaoğlu "Türk Yurdu"nun ilk sayında "Türk Aləmi" adlı yazı silsiləsinə başlayır. Bu məqalələrdə Türk dünyasının parçalanmasından təəssüf hissi keçirən Ə.Ağaoğlu məsələnin həll yollarını axtarır. Ə.Ağaoğlu sətirlərinə Türk dünyasının sərhədlərini cızaraq başlayır. Təbii ki, bu işin çox çətin olduğunu da bildirir (5, s.12). Ə.Ağaoğlu yenə bu ilk yazısında Türklərin dünyanın dörd tərəfinə yayıldığını, lakin müxtəlif səbəblərdən bu böyük sahədə bəzən öz kimliyini, səciyyəsini itirdiyini ifadə edir. Bu günkü hindlilərin, əfqanların, rusların, polyakların, əlcəzairlilərin, tunislilərin, misirlilərin damarlarında dolaşan qanın nə qədərinin Türk qanı olduğunun bilinmədiyini deyən Ə.Ağaoğlu (5, s.12) Türklərin bu şəkildə dünyaya paylandığını, digər millətlərə təsirini və digər dövlətlərə yardımını dilə gətirmişdir. Ə.Ağaoğlu Türk dünyasının əhalisinin Avropa və Amerikanın əhalisindən (19, s.165) çox olduğunu bildirir. Ancaq belə geniş bölgəyə yayılmış bu böyük əhalinin bir vahid təşkil edə bildmədiyini anladır. Ağaoğluya görə bu böyük topluluğun dağınıqlığının, bir araya gəlməməsinin üç səbəbi var: Məzhəb ayrılıqları, siyasi ayrılıq və yaşadıqları coğrafiyaya bağlılıq, milli tərbiyənin olmaması (5,s.13). Bu dönəmdə Ə.Ağaoğlu bu mənfi xüsusiyyətlərin həll olunması üçün cəhd göstərmiş, bu mövzuda xəbərdaredici məqalələr yazmışdır. Diqqətləri Türk dünyasının birliyinə cəlb edən müasir görüşlü insan olan Ağaoğlunun məqsədi Türklərin Türklüklərindən irəli gələn milli qürurunu yenidən canlandırmaqdır. Ə.Ağaoğlu yenə bu yazısında Türklərin İran, Ərəb və Bizans təsirində qaldıqlarını bildirərək bu təsir nəticəsində Şərq türklərinin Qərb türklərini Rum, Qərb türklərinin də Şərq türklərini Əcəm adlandırdıqlarını yazır (5,s.15). Ə.Ağaoğlu Etnos cərəyanını Qərbdən, Avropadan aldığımızı vurğulayaraq fransız inqilabından əvvəl Avropada bu cərəyanının olmadığını da bildirir. Yenə bu məqalələr silsiləsinin ikincisində Ə.Ağaoğlu "Asiyada yaponlardan başqa ən mədəni millət Türk millətidir" deyir. Ə.Ağaoğlu bir millətin tarixində ən sağlam və dəyişməyən ünsürün dil olduğunu, dilin əslini dəyişdirmədən inkişaf etdiyini bildirir . Dilə böyük önəm verən Ə.Ağaoğlu dilin topluma aid olduğunu daima vurğulamışdır. 1935-ci ildə Şəhər Teatrında tərcümə olunmuş bir tamaşa haqqındakı məqaləsində bu cür tərcümələr vaxtı onların öz xüsusiyyətlərini itirəcəyinə diqqət yetirmişdi. Ağaoğlunun fikrincə, bir dildə həyatın satirik cəhətlərini ifadə edən sözlərin eynisini başqa bir dildə tapmaq çətindir, bu səbəblə də tərcümə edilən əsər qiymətini müəyyən qədər itirir. Ə.Ağaoğlu bu düşüncəsi ilə dilin topluma aid ünsür olması görüşünü müdafiə edir. Ə.Ağaoğlu Etnos-milliyyət və nation anlayışlarını eyni mənada istifadə etmişdir. Etnosun əsaslarını birincisi dil (lisan), ikincisi din, adət və əqidələr, üçüncüsü ortaq tarix, ortaq vətən və ortaq müqəddərat (gələcək) şəklində ifadə etmişdir. Ə.Ağaoğluya görə, millət anlayışı ilə milliyyət anlayışı qarışdırılmamalıdır. Milləti dil, dini gələnəklərə əsaslandıran Ə.Ağaoğlu bunlar həyata keçdiyində Altaylara qədər uzanan bir Türk millətinin təşəkkül edəcəyini vurğulamışdır. Ağaoğlu milləti təşkil edən faktorlar arasında dini də saymışdır. Qazi Mustafa Kamal isə Türk millətini xarakterizə edərkən dinə yer verməmiş, dini yardımçı ünsür hesab etmişdir. Ə.Ağaoğlunun din insana aiddir, cəmiyyət də insanlardan təşkil olunur-düşüncəsini söylədiyi vaxtlar qarşısında Mustafa Kamalın fikri deyil, İslamçılıq və Osmançılıq fikrini müdafiə edənlər var idi. Ə.Ağaoğlu Türklərə Türk kültürünü, Türk tarixini, Türk mədəniyyətini xatırlatmaq, öyrətmək arzusundadır. Ə.Ağaoğlunun təfəkküründə Türklük və Türkçülük bir millətin oyanışı kimi təzahür edir. Bu dönəmdə Türklük və Türkçülük nəzəriyyələri araşdırılmırdı. Türklük və Türkçülüyü birləşdirici ünsür kimi istifadə edən ilk insanlardan biri Ağaoğludur (20, s.44). Ə.Ağaoğlunun Türkçülük fikri irqə (soy-kök) əsaslanmırdı. Ancaq Ə.Ağaoğlu Turanı irqə (soy-kök) aid olmasını iddia etmək fikrinin Avropada yayıldığını bildirmişdir. Bir çox etnoqraf, antropoloq Avropanın ən qədim tarixi əhalisinin Turanilər olduğu görüşündə birləşdiklərini dilə gətirir . Ayrıca, Ə.Ağaoğlu irqçiliyin çağın düşüncəsi olmadığını, millətlərin tarixi proseslərdə bir-birinə qarışdığını və bunların çox açıq və aydın şəkildə ortaya qoyulduğunu ifadə edir. Ağaoğlu bu həqiqətlər qarşısında irqdən və qandan danışmağın yanlış olduğunu dilə gətirir. İrq və qan mövzusunda bunları düşünən Ə.Ağaoğlunun Türkçülüyündə Türk toplumuna yüksək qiymət verdiyini söyləmək yanlış olmazdı. Məşrutiyyət dönəmində Türkçülərdə milli tarix anlayışı yaranmışdı. Xüsusilə, Balkan fəlakəti Osmanlı tarixinin Türklük anlayışına görə yozumlanmasına səbəb olmuşdu. Bu dönəmdə İslamdan əvvəl Türk tarixi ilə bağlı araşdırmalar artmış və Türklərin mədəniyyətə təsirləri açıqlanmışdı. İstanbul Darülfünununa da Türk Mədəniyyəti Tarixi dərsi salınmış, bu dərs Ə.Ağaoğluya həvalə olunmuşdur. Ə.Ağaoğlunun bu fənnlə bağlı qeydlərinin bir qismi "Türk Yurdu"nda Türk Mədəniyyəti Tarixi adı ilə yayımlanmışdı. Ə.Ağaoğlu Türk Mədəniyyəti Tarixi adlı məqalələr silsiləsində Şəmsəddin Sami bəyin "Kamusu'l-Alənf'inə əsaslanaraq Türk xalqlarını beş təbəqəyə bölür. Lakin Türk xalqlarının bu şəkildə təsnifatı müasir Türkologiyada qəbul edilmir. Ağaoğlunun bu təsnifatının bu gün elmi dəyəri yoxdur. Ə.Ağaoğlu Türk Mədəniyyəti mövzusunda Rodlofun, Thomsenin, Von Le Coqun, De Lacastenin Orta Asiyadakı araşdırmalarının nəticələrinə əsaslanaraq dünyada ən qədim mədəniyyətin Türklər tərəfindən yaradıldığını ifadə edir. İstanbul Darülfünu Hüquq fakültəsində hüquq tarixi professoru və Türk Tarixi Tədqiq Cəmiyyəti (Türk Tarix Qurumu) üzvü olarkən qələmə aldığı "Etrüsk Mədəniyyəti və bunların Roma mədəniyyətinə təsiri" məqaləsində Etrüsklərin Asiyaya gəldiyini vurğulayaraq Avropada ilk mədəniyyəti yaradanların türklər olması ehtimalını ortaya atır. İlk türk ailə hüququ ilə ilk Hind-Avropa ailə hüququnu müqayisə edən məqaləsi də bu düşüncəsini sübuta yetirir. Ə.Ağaoğlu bu məqaləsində bir həqiqəti də açıqlayır. Türk hüququnun türklər tərəfindən hələ mükəmməl araşdırılmadığını bildirən Ağaoğlu Avropa alimlərinin də bu mövzuya etinasız yanaşdıqlarını qeyd edir. Bu mövzuda rusların mükəmməl araşdırmalar apardığını və özü də hüquq tarixində bunlardan istifadə etdiyini yazır (6, s.264). Ə.Ağaoğlu Türk milliyyətçilərinin ərəb, erməni, kürdlər kimi azsaylı xalqlara müdaxilə etmədiklərini, bütün insanlığa xidmət etdiklərini ifadə edərək, Türklərin ərəblərə qarşı xüsusi münasibət bəslədiklərini də bildirir. Milliyyətçilərin Türk millətinin özünə xas dili və ədəbiyyatı olması üçün böyük əmək sərf etdiklərini də qeyd edir. Ə.Ağaoğlu 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə keçmiş Osmanlı İmperatorluğu iddialarının ləğv olunduğunu, sadəcə bu günki sərhədlər daxilində Türk milli vətəni yaratmaq fikrini "Türk Ocağı"nda irəli sürüldüyünü ifadə edir. Cümhuriyyət dönəmində Türk Ocaqlarının milliyyətçilik anlayışında çağdaşlaşma önəmli yer tutur. Ə.Ağaoğlu Malta əsarətində yazdığı yazılarında çağdaşlaşma ilə bağlı düşüncələrini açıqlamışdır. Ə.Ağaoğluya görə, dünyada yaşanan üç önəmli mədəniyyət vardır. Bunlar-Buda-Brahma mədəniyyəti, Qərb mədəniyyəti, İslam mədəniyyətidir (15). Əhməd bəy Ağayevin həyatının müxtəlif dönəmlərində dünyagörüşü və siyasi düşüncəsi üç ana xətt üzərində cəmlənmişdir: İslamçılıq, Qərbçilik və Türkçülük. O, Qərb mədəniyyətindən öyrənmək fikrini yazılarında ardıcıl olaraq irəli sürmüş, İslama baxışlarında demokratik mövqedən çıxış etmişdir. Əhməd bəy Ağayev Azərbaycan türklərində milliyyətçilik və türkçülük şüurunun oyanmasında və güclənməsində çox mühüm rol oynamışdır. Sovet dönəmində ona qatı "panislamist", "pantürkist" damğası vurularaq, adı və əsərləri qadağan edilmişdi. Həyatının və əsərlərinin geniş surətdə öyrənilməsinə son illərdə başlanmışdır (7). Ədəbiyyat 1. "(Siyasiyat) Alem-i İslama Umumi Bir Nazar", Sebilürreşad, c.I-VIII, s.3-185, İstanbul, 1328, s.41-42 2. "Alem-i İslam: İranın Mazi ve Haline Bir Nazar - Makalat", Sırat-ı Müstakim, c.IV, s.103, İstanbul, 1326, s.426-427 3. "Alem-i İslama Bir Nazar", İrşad, 17 Kasım 1907 4. "Fas ve Trablus", Sebilürreşad, c.I-VIII, s.14-196, İstanbul, 1328 5. "Türk Alemi", Türk Yurdu, c.I, S.l, 1327, 6. "İptidai Türk Aile Hukuku ve İptidai Hindo-Avrupai Aile Hukuku Arasında Mukayese", I Türk Tarih Kongresi, Konferanslar, Müzakere Zabıtları, Maarif Vekaleti, Ankara, 1931 7. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, İki cilddə, I cild, Baş redaktor Y.Mahmudov, 8. Akçuraoğlu Yusuf, “Türkçülüyün tarixi”-Bakı, 2006 9. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi- Nəhəng fikir və əməl adamlarımızdan biri – Əhməd bəy Ağaoğlu-Metodiki vəsait Bakı-2019 10. Bakı Dövlət Universitetinin Elmi məcmuəsi-№16 Dekabr (Aralık) 2011, Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) Əhməd Ağaoğlu Və Dini Maarifçilik (Vətən Tarixi: 07.00.02) Əli Fərhadov 11. Bakırezer Güven. Batı Medeniyeti Hayranı Liberal Bir Aydının Çelişkisi ve Sınırlan: Ahmet Ağaoğlu. Toplumsal Tarih dergisi, s. 41, Mayıs 1997. 12. Çay Abdulhaluk. Azerbaycanda Milli Edebiyatın Doğuşu ve Gelişmesi. Hacettepe Üniversitesi Edebiyat Fakültesi dergisi, c.I, s.l, Ankara, 1983. 13. Eldar Əzizov, “Difai XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri”, Bakı-2009. 14. Əhməd Ağaoğlu- “İran və inqilabı”, Bakı-2009. 15. Gülsərən Akalın-“Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu”, (çevirəni və nəşrə hazırlayanı Samirə Məmmədova) Bakı-AzAtaM, 2004. 16. Təranə Məhəmməd qızı Abdullayeva-“Azərbaycan ədəbi fikrində Qərbçilik meyilləri (XX əsrin əvvəlləri)” ,Bakı-2014. 17. Ахмедов А, Азербайджанские тюрки в революции 1905 г., с. 290. 18. Документы по русской политике в Закавказье, с.43; ГИААР: Ф.524, оп.1, д.15, л.40-41. 19. Zenkovsky Serge A. Rusiyada Pantürkizm ve Müslümanlık. Çev.: İzzet Kantemir, İstanbul, 1971, s.165 20. Georgeon François. Türk Milliyetçiliğinin Kökenleri Yusuf Akçura (1876-1935). 2.baskı, Tarih Vakfı Yurt yayınları, İstanbul, 1996