Məzmuna keç

Ağbaba folkloru/Vəsfi-hallar/Vəsfi-hal (2)

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Ağbaba folkloru/Vəsfi-hallar

../

 
2.
Ay mənim ağa qaynım,
Sallan gəl bağa, qaynım.
Sən gələn yola verrəm,
Canı sadağa, qaynım.

Eşiyə çıxdım, səs gəlir,
Qoyun basabas gəlir.
Çəkərəm yar qəhrin,
Necə ki, həvəs gəlir

Eləmi nəynən alım,
Əlifnən, beynən alım.
Yarım küsüb gedibdi,
Könlünü nəynən alım.

Bazarda qul olarmı,
Cibində pul olarmı.
Cavan igidlərin də,
Həmdəmi pul olarmı.

Atını bağla danış,
Sözünü sağla, danış.
Sirr torbasın gəl açma,
Ağzını bağla, danış.

Bu dərənin yovşanı,
Yüyrək olar dovşanı.
Gözəl ona demişəm,
Çəkilməsin kirşanı.

İsitmə tutdu məni,
Tutdu, qurutdu məni.
Neynirəm elə yarı,
Getdi, unutdu məni.

Sarı çit, sarı yaxa,
Yoruldum qaxa-qaxa.
Başım-gözüm ağrıdı,
Yollara baxa-baxa.

Su gəlir daşa dəyir,
Kipriklər qoşa dəyir.
Gün gələr dövran dönər,
Həlbət başa daş dəyər.

Kəsik-kəsikdi əlin
Ağır işin, əməlin.
Nə yanıqlı səsin var,
Qızıl-qırmızı gəlin.

Ay cildən kəndir hörən,
Mal-heyvana ot verən.
Şələn düz altı putdu,
Mətəl qalır hər görən.

Cil iti bir bıçaqdı,
Qına qoydum haçaxdı.
Gəlsin həsir toxusun,
Hansı gəlin qoçaxdı.

Köməyim yoxdu kişi,
Hasandı xana işi?
Neçə həsir toxudum,
Keçirdim belə qışı.

Əyağında çarıxdı,
Qəddin niyə qırıqdı.
Qız həsir toxumaqdan,
Əlin yarıq-yarıqdı.

Toxumağı tərgidim?
Ağacdadı kirkitim.
Almışam ki, əlimə,
Həm döyüm, həm bərkitim.

Sarı çayır cıllıdı,
Mənim yarım dillidi.
Gözəl həsir toxuyur,
Əllərindən bəllidi.

Xana qurdum, ipi yox,
İxtilatım, gapım yox.
Cildən həsir hörmüşəm,
Gərək bir iş görüm yox…

Ay baş ağam, qananım,
Obada qur xananı.
Təkəm kömək eləsin,
Çağır gəlsin ananı.

Kasıba çox al olar,
Desəm qalmaqal olar.
Üfürsən yıxılaram,
Cad yeyəndə hal olar?!

Acından yoxdy halım,
Əyin yox, ayaq yalın.
Bircə gəlir işığın,
Ay kasıbın halalı.

Kəndlərin bir bəyi yox,
Gici çox, həm səyi çox.
“Davarişlər” at minir,
Lütlərin eşşəyi yox.

  • Toplayanı:Tacir Səmimi, AMEA Folklor İnstitutunun elmi işçisi