Azərbaycan ədəbiyyatı/Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri
←Giriş | Azərbaycan ədəbiyyatı |
Əfzələddin Xaqani yaradıcılığı→ |
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi E.Ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış "Avesta"da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. "Avesta"nın bədii cəhətdən ən gözəl hissəsi olan "Qatlar"da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. "Avesta" ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər E.Ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. "Avesta"da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin "qızıl dövrü", ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.
Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".
Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir. "Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.
"Avesta"dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri E.Ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, B.E. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, E.Ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.
VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun "Şərhül-Həmasə" adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.
XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən - dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır.
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili - azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün "Səyahətnamə" əsərində qeyd etmişdir.
XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində - XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.
XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.