Məzmuna keç

Azərbaycan alimlərinin qurultayları/I Qurultay

Vikikitab, açıq dünya üçün açıq kitablar
Giriş Azərbaycan alimlərinin qurultayları (2014)

II Qurultay
Sister Projects. Həmçinin baxın: Haqqında •


19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq Milli Elmlər Akademiyasında Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Tədbir Bakı şəhərində, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub. Öncə Fəxri Xiyabanda milli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın məzarları ziyarət edilib.

Dünya azərbaycanlı alimlərinin də iştirak etdiyi qurultay internet üzərindən canlı yayımlanıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Respublika Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini vurğulayıb. Akademik Akif Əlizadə Konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu ifadə edib. Bildirib ki, Azərbaycan alimlərinin biliklər cəmiyyətinin qurulmasında yaxından iştirakı mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsini, effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqini, elmin yeni strategiyasının hazırlanmasını zəruri edir.

Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimlərinin öz qüvvələrini səfərbər etmələri vacibdir. Müasir dünyanın çağırışlarına, ölkəmizin strateji inkişafı baxımından alimlərin üzərinə düşən vəzifələrin icrasına vaxtında adekvat cavab vermələrinin vacibliyini qeyd edən akademiya rəhbəri Qurultayın keçirilməsi ideyasının məhz belə bir zərurətdən meydana gəldiyini bildirib. Qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminlik ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına müraciətini səsləndirib.

Sonra akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” adlı məruzə ilə çıxış edib. Sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılması, biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrindən son illərdə Milli Elmlər Akademiyasında əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hazırda ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasının zəruriliyini ifadə edib. Ümumorta təhsil müəssisələrində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacağını vurğulayıb.

Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov qurultayda müzakirə olunan məsələlərin yeni ideyaların, meydana çıxacağına əminliyini ifadə edib. Tədbirin ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə yanaşı, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə etmişlər. Ümumdünya İqtisadi Forumun hesabatlarına görə ölkəmiz son 10 ildə dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Ölkəmizin rəqabət qabiliyyətliyinə və İKT-nin inkişafına görə reytinq cədvəlində ildən-ilə irəliləməsi və makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir. Qeyd edib ki, əsas məqsəd iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirməkdir. Qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.

Dünyaşöhrətli azərbaycanlı alim Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadə ürək sözlərini qurultay iştirakçılarına çatdırıb. Ölkəmizdə ilk dəfə keçirilən qurultayın elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, yeni fikirlərin ortaya çıxması və ən başlıcası elmin gələcək inkişafı üçün yeni strategiyanın müəyyən olunması üçün yaxşı bir platforma olduğunu ifadə edib.

Sonra xarici ölkələrin nüfuzlu alimlərinin, Nobel mükafatı laureatlarının və tanınmış azərbaycanlı alimlərin Qurultaya ünvanladığı təbriklər səsləndirilib. AMEA-nın İdaretmə sistemləri və İnformatika üzrə Elmi şuranın sədri, akademik İsmayıl İbrahimovun və Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun virtual çıxışları dinlənilib.

Tədbirin ikinci hissəsində Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Qeorqi Kvesitadze, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digərləri çıxış ediblər.

Qeyd olunub ki, müxtəlif sektorlarda çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək baxımından Qurultay böyük əhəmiyyətə malikdir.

Sonda Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olunub, həmçinin AMEA-nın Biofizika və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tərəfindən Qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti səsləndirilib.