Azərbaycan türklərinin təşəkkülü tarixindən/Nəticə
←Redaktordan | Azərbaycan türklərinin təşəkkülü tarixindən |
Ədəbiyyat→ |
Azərbaycan xalqının təşəkkülü haqqında konsepsiyamızın əsas müddəaları qısaca bunlardır. Er. əv. II minilliyin sonlarında və I minilliyin əvvəllərində Azərbaycan ərazisində və ona qonşu bəzi bölgələrdə türkmənşəli etnosların yaşamasına heç bir şübhə ola bilməz. Kas, Manna, Maday, Kaspi, Alban və b. qədim etnosların Hürritdilli, Elamdilli, Qafqazdilli və s. olması haqqındakı baxışlar elmdən kənar, qondarma fikirlərdir. Deyilənlər göstərir ki, Azərbaycan ərazisində qədim etnosların, xüsusilə Manna və Midiya dövlətlərinin tarixi yenidən işlənməli və xalqa çatdırılmalıdır. Ali məktəblərdə türk xalqlarının tarixi kursunun tədrisində qondarma, dolaşıq konsepsiyalar əvəzinə problem məhz bu aspektdə qoyulmalıdır. Tələbələr bilməlidirlər ki, türk xalqlarının tarixi bəşər tarixinin, Azərbaycan xalqının tarixi isə ümumtürk tarixinin ən qədim və ən zəngin hissəsidir; çünki qədim türklərin ilk dövlət qurumları məhz Azərbaycan ərazisində yaranmışdır. Türk etnoslarının qədim dövrdə və erkən orta əsrlərdə Azərbaycan ərazisində Manna və Maday (er. əv.VIII – VI əsrlər), Sak çarlığı (er. əv. VII – V əsrlər), Atropatena (er. əv. IV – eranın III əsrləri), Albaniya (er. əv.IV – eranın VII əsrləri), Cənubi – Şərqi Avropada Skif çarlığı (er. əv. III – eranın III əsrləri), Hun xaqanlığı (III – V əsrlər), Avar, Bolqar və Xəzər xaqanlıqları (VI- IX əsrlər), Mərkəzi Asiyada və Orta Asiyada Hun xaqanlığı (er. əv.III – I əsrlər), Kuşan çarlığı (I – IV əsrlər), Ağhun (Eftalit) çarlığı (IV- VI əsrlər), Türk xaqanlıqları (VI – VIII əsrlər) və b. çoxlu dövlət qurumları vaedır. Sonrakı əsrlərdə türk dövlət qurumları daha çoxdur. Mannalar, madaylar, atropatenlilər və albanlar haqqında irihəcmli kitablar çap olunmuşdur. Lakin bu kitabların heç biri xalqımızın mənşəyi məsələsində azərbaycanlıda milli iftixar hissi, milli qürur hissi, ümumiyyətlə, xoş emosiya yaratmır, çünki göstərilən etnosların etnik və dilcə mənsubiyyətləri haqqında həmin kitablarda deyilənlər xalqın ruhuna tamamilə ziddir. Azərbaycanlıları öz köklərindən ayırdıqlarına, onların etnogenizini tamamilə yad məcraya saldıqlarına və beləliklə, xalqımızın etnik tarixini cılızlaşdırdıqlarına görə bəzi tarixçilərimizin günahlarını əvvəl – axır xalq üzlərinə çırpacaqdır. Belələri bulaq üstündəki quru ağaclara bənzəyirlər. Belə ağacların kölgəsi olmaz. Azərbaycanda türkdilli əhalinin orta əsrlərdə gəlmə olduğunu sübut etməyə çalışmaqla bu müəlliflər əslində Ermənistandan azərbaycanlıların kütləvi qovulması və Qarabağın Azərbaycandan qoparılmasının tarixən əsaslandırılmasına doğru yönəldilmiş erməni tarixşünaslığına istər – istəməz tərəfdar olmuşlar. Mannalar və madaylar türk xalqlarının tarixində ilk dövlət qurumlarını yaratmış etnoslardır. Türk xalqları içərisində azərbaycanlılar hələ er. əv. I minillikdə Manna, Maday, Atropatena və Albaniya dövlətlərini yaratmış yeganə xalqdır. Həqiqət budur, cənablar, istəsəniz də, istəməsəniz də! Deyilənlərdən alınan bir nəticə də budur: Qərbi Avropa və rus tədqiqatçılarının skiflərin, kimmerlərin, sakların, massagetlərin və sarmatların etnik mənsubiyyətləri haqqında yazdıqları fikrimizcə obyektivlikdən kənardır. Türk xalqları zaman etibarilə minillərlə ölçülən zəngin tarixə malikdirlər. Dünyada heç bir xalqın əcdadlarının tarixini döyüş meydanlarında yaratmış qədim türklərlə müqayisə etmək olmaz. Türklər heç vaxt tabelikdə, asılılıqda yaşamamışlar. Onların kiçiləri də, qadınları da döyüş meydanlarında həmişə qəhrəmanlıq əzmilə döyüşmüşlər. V əsrdə böyük türklərdən biri olan Atillanın sarayında olmuş Roma konsulu Prisk şahidi olduğu bir maraqlı səhnənin təsvirini verir: nahar vaxtı hun şairləri Atillanın qələbələrini mədh edir, dpyüşçülər şənlənirdilər. Məclisdə olan qocalar isə hərbi səfərlərdə iştirak edə bilmədiklərinə görə ağlayırdılar... Kitabda deyilənlərdən aydın oldu ki, azərbaycanlıların arxasında arasıkəsilməz şanlı tarix və zəngin mədəni irs vardır. Bu, tarixi həqiqətdir! Gələcək tədqiqatçılar indiyədək xalqdan gizlədilmiş bu həqiqəti aşkara çıxarmalı və xalqa çatdırmalıdırlar. İndi namərd erməni qonşumuz neçə illərdir ki, bizimlə torpaq davası edir. Ermənilərin tarixi çox cılızdır, bunu onların tarixçiləri də yaxşı bilirlər. Bunu da bilirlər ki, ermənilərin er. əv. VII əsrdən türk kimmerlərin və sakların, sonra da türk Midiyanın, Əhəmənilərdən sonra türk Atropatenanın hakimiyyəti altında yaşamışlar. İndiki faşist təbiətli siyasətlə onlar tarix yaratmaq istəyirlər, lakin bilmirlər ki, gələcəkdə erməni tədqiqatçıları bu riyakar siyasətdən öz xalqının tarixini yazmaq üçün yararlı bir şey mənimsəyə bilməyəcəklər və deməli, tarixləri elə cılız olaraq qalacaqdır.