Beynəlxalq müqavilələr hüququ/Müqavilənin məcburiliyinə razılığın ifadə olunması
←../ | Beynəlxalq müqavilələr hüququ |
../→ |
Müqavilənin məcburiliyinə razılığın ifadə olunması (opinio juris) – beynəlxalq müqavilənin bağlanmasının son mərhələsi, eyni zamanda, onun qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər:
müqavilənin imzalanması; müqavilə sənədlərinin mübadiləsi; ratifikasiya; təsdiq etmə; qəbul etmə və müqaviləyə qoşulma.
11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.Məsələn, belə bir xüsusi razılıq Bosniya və Hersoqovinada sülhə dair Ümumi Çərçivə Sazişinin qəbulu zamanı olmuşdur. Həmin Sazişin paraflanması həm onun imzalanması, həm də onun məcburiliyinə razılığın ifadə olunması, həm də onun avtomatik qüvvəyə minməsi kimi nəzərdə tutulmuşdu.
İmzalama - eyni zamanda həm müqavilə mətninin autentikliyinin müəyyən edilməsinin bir forması, həm də onun məcburiliyinin üsullarından biridir. Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitəsilə ifadə olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilədə sonradan onun ratifikasiya olunmağı nəzərdə tutulubsa, onda bu halda imzalama, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir.
Müqavilə sənədlərinin mübadiləsi – 1969-cu il Konvensiyasının 13-cü maddəsinə görə, müvafiq dövlətlərin nümayəndələrinin bir-birinə nota və ya məktub göndərməsi müqavilənin məcburiliyinə razılığı bildirməyin bir üsuludur və üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur.
Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının ən geniş yayılmış üsulu ratifikasiyadır (ratum facere – qanuni qüvvəsini tanıma). Ratifikasiya ali hakimiyyət orqanı (adətən, parlament və ya dövlət başçısı (ABŞ)) tərəfindən müqavilənin təsdiq olunmasıdır. Ratifikasiya dövlətdaxili və beynəlxalq hüquqi aspektə malikdir; o, həm dövlətdaxili aktda (qanunda, fərmanda və s.), həm də beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini tapır.
1969-cu il Konvensiyasının 14-cü maddəsinə görə, müqavilənin məcburiliyinə razılıq aşağıdakı hallarda ratifikasiya vasitəsilə ifadə olunur: a) müqavilənin özündə birbaşa nəzərdə tutulubsa; b) başqa cür müəyyən olunubsa ki, danışıqlarda iştirak edən dövlətlər ratifikasiyanın məcburiliyi haqqında razılığa gəlmişlər; c) dövlətin səlahiyyətli nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa; d) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti onun nümayəndəsinin vəkalətindən irəli gəlirsə və ya danışıqlar zamanı ifadə olunmuşdursa.
Dövlətin müqaviləni imzalayıb sonra onu ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmur və qeyri-dost hərəkəti kimi qiymətləndirilmir.
Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar çıxardıqdan sonra ratifikasiya sənədi tərtib edir və orada aşağıdakılar göstərilir: a) müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı; b) müqavilənin mətni (eyni zamanda, qeyd-şərtlər və bəyanatlar); c) müqavilənin vicdanla yerinə yetirilməsi haqqında dövlətin bəyanatı.
AR beynəlxalq müqavilələrin ratifikasiyası AR Konstitusiyasının 94-cü maddəsinə müvafiq olaraq, AR MM səlahiyyətinə aiddir.
İkitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə ratifikasiya sənədləri depozitariyə saxlamağa verilir.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq hüquq məhz hansı müqavilələrin məcburi ratifikasiya edilməsini müəyyən etmir. Bu adətən, müqavilənin xarakteri, onun şərtləri və dövlətlərin milli hüququ ilə müəyyən olunur.Bir qayda olaraq, dostluq haqqında, əməkdaşlıq və qarşılıqlı yardım haqqında, cinayətkarların verilməsi haqqında, hüquqi yardım haqqında, ərazi məsələləri haqqında müqavilələr ratifikasiya edilir. AR beynəlxalq müqavilələr haqqında 1995-ci il Qanununun 8-ci maddəsində mütləq ratifikasiyaya şamil olunan müqavilələrin siyahısı verilmişdir. Lakin 2010-cu ildə sözügedən Qanuna edilən dəyişiklik zamanı 8-ci maddədən həmin çıxarılmışdır.
Təsdiq etmə (konfirmasiya) və qəbul etmə - müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının sadələşdirilmiş üsulu hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, dövlət başçısı və parlament tərəfindən deyil, dövlətin digər orqanları tərəfindən verilir, bu şətlə ki, həmin müqavilələr sözügedən orqanların səlahiyyətlərinə aid olsun.
Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının daha bir üsulu müqviləyə qoşulmaqdır. Dövlət, adətən, artıq qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətnin hazırlanması və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, lakin onun qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Müqaviləyə necə qoşulma qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.
Müqavilənin qeydə alınması, dərc edilməsi, qüvvədə olması
BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, BMT bütün üzvləri arasında bağlanmış hər bir müqavilə və istənilən beynəlxalq saziş BMT-nin Katibliyində qeydə alınmalı və dərc edilməlidir. Beynəlxalq müqavilələrin qeydə alınması və dərc edilməsi 1969-cu il Konvensiyasının 80-cı maddəsinə müvafiq olaraq həyata keçirilir (müqavilə qüvvəyə mindikdən sonra qeydə alınma, dərc edilmə və ya saxlanma üçün BMT Katibliyinə göndərilir). Qeydə alınma müqavilənin hüquqi qüvvəsinə təsir etmir; sadəcə olaraq, bu cür qeydə alınmamış müqavilələrə dövlətlər BMT orqanlarında hüquqi mənbə kimi istinad edə bilməzlər.
Qeydə alınmış beynəlxalq müqavilələri Katiblik “Treaty Series” adlı müqavilələr toplusunda dərc edir. AR normativ hüquqi aktların dərc edilməsi AR Konstitusiyasının məcburi tələbi kimi müəyyən edilmişdir (149-cu maddə). Lakin AR tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qeydə alınması və dərc edilməsi haqqında məsələ isə bu Qanunda kənarda qalmışdır. AR beynəlxalq müqavilələrinin dərc edilməsi və rəsmi qeydiyyatı 1995-ci il AR beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Qanunun müvafiq olaraq 25-ci və 26-cı maddələrilə tənzimlənir. Belə ki, ratifikasiya edilmiş, təsdiq edilmiş və ya AR qoşulduğu beynəlxalq müqavilələr AR Qanunvericilik toplusunda və AR rəsmi dövlət qəzetində dərc edilir (maddə 25); həmin müqavilələr müvafiq icra hakimiyyəti orqanında AR beynəlxalq müqavilələrinin reyestrində qeydə alınır və eyni zamanda, AR bütün beynəlxalq müqavilələrinin BMT Katibliyində və ya digər beynəlxalq təşkilatların müvafiq orqanlarında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (AR XİN) tərəfindən həyata keçirilir.
Beynəlxalq müqavilələrin dərc edilməsi istər beynəlxalq müqavilənin iştirakçısı olan dövlətlərin əhalisi üçün, istərsə də bütövlükdə beynəlxalq birlik üçün böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, latent müqavilələr həmişə dövlətlər tərəfindən pislənilmiş və tənqid edilmişdir. Lakin buna baxmayaraq, bir sıra delikat sferalarda, məsələn, təhlükəsizliyin təmin edilməsi işində, silah alverində yenə də gizli tiplomatiyanın məhsulu kimi belə müqavilələrə rast gəlinir (İraqda kimyəvi silahların yaradılması və istehsalına dair ABŞ və Böyük Britaniya arasındagizli sövdələşmə).
Müqavilənin qüvvəyə minməsi qaydası və tarixi, bir qayda olaraq, müqavilənin özündə və ya danışıqlarda iştirak etmiş dövlətlər arasında razılaşmada nəzərdə tutulur. Yalnız qüvvəyə minmiş müqavilə tərəflər üçün məcburi sayılır.
Ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilələr – aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.
Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələr – qüvvəyə minir 1) ikitərəfli müqavilələr: a) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən və ya b) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra. 2) çoxtərəfli müqavilələr: a) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra.
Beynəlxalq müqavilə praktikasında müqavilələr qüvvədə olma müddətinə görə müddətli və müddətsiz olaraq bölünür. Adətən müddətli müqavilələrin qüvvədə olması müddəti 5 il, 10 il, 20 il ilə məhdudlaşır və o, bir qayda olaraq, müqavilənin özündə göstərilir.. Müəyyən müddətə bağlanan müqavilə həmin müddət keçdikdən sonra müqavilənin özündə göstərilən şərtlərlə və ya tərəflərin xüsusi razılığı ilə uzadıla bilər; buna prolonqasiya deyilir. Məsələn, SSRİ və Finlandiya arasında bağlanmış dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında müqavilə bir neçə dəfə prolonqasiya edilmişdir. Hətta bəzi müqavilələrin özündə tərəflərin razılığı əsasında onun avtomatik prolonqasiya imkanı nəzərdə tutulur.Təhsil sahəsində əməkdaşlığa dair MDB Sazişində həmin Sazişin 5-ildən sonra avtomatik prolonqasiyası imkanına dair razılıq əldə edilmişdir.
Müddətsiz müqavilələrə aiddir: sərhədlərin hüquqi rejimini müəyyən edən müqavilələr, kosmos üzrə müqavilələr, sülh müqavilələri, beynəlxalq təşkilatların nizamnamələri və b. Müqavilənin müddədtsiz xarakteri ya müqavilədə birbaşa göstərilir (məsələn, nüvə materialının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası), ya da onun məzmunundan yaranır (məsələn, Avropada adi silahlı qüvvələr haqqında 1990 – cı il Müqaviləsi).
Beynəlxalq müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə başqa hal nəzərdə tutulmayıbsa, o, müvafiq dövlətin bütün ərazisində qüvvədə olur.