Biliklər bazası/Biliklərin təsvir modeli
←../ | Biliklər bazası |
../→ |
Bilik - predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və professional təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir:
- Daxili interpretasiya.
- Strukturlaşma.
- Bağlılıq.
- Aktivlik.
Bilikləri üç böyük qrupa bölmək mümkündür.
- Faktlar (faktiki biliklər);
- Qaydalar (qərar qəbul olunması üçün biliklər);
- Metabiliklər (bilik haqqında bilik).
Sİ mütəxəssisləri üçün bilik anlayışı proqramın özünü intellektual aparması üçün lazım olan informasiya mahiyyəti daşıyır.
ES-in nüvəsini biliklər bazası təşkil edir. BB ES-in yaradılması prosesində toplanan ekspert biliklərdən təşkil olunur. Biliyin yığılması və təşkili ES-in ən vacib cəhətlərindən biridir. Əldə olunmuş biliklər müəyyən qaydalar formasında ifadə olunmaqla biliklər bazasını əmələ gətirirlər. Bu biliklərin qaydalar şəklində formalaşmasında biliklərin təsvir modelindən istifadə olunur.
Biliklərin təsvir modeli ekspertlərdən alınmış biliklərin müəyyən qaydalar formasında təqdim olunmasına xidmət edir.
ES-də biliklərin təsvir modellərinin təsnifatı belədir:
- produksion model;
- semantik şəbəkə modeli;
- freym model;
- formal məntiq modeli;
- relyasion model;
- problem yönümlü modellər.
Produksion model qaydalara əsaslanan modeldir, bilikləri " Əgər ( şərt), onda (nəticə)" tipində təsvir etməyə imkan verir. Şərt elə bir cümlədir ki, onun əsasında BB-də axtarış gedir, "nəticə" isə axtarışın müvəffəqiyyətli gedişində alınan vəziyyətdir.
Semantik şəbəkə istiqamətlənmiş qrafdır, onun təpələri anlayışları, xətlər isə anlayışlar arasındakı münasibətləri ifadə edir. Anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu obyektlər arası əlaqələri ifadə edir.
Semantik şəbəkədə olan münasibətlər:
- "hissə- tam" tipli əlaqələr (sinif-qrup, element- çoxluq);
- funksional əlaqə ("baş verir", "təsir edir" və s.);
- kəmiyyət xarakterli əlaqə (çox, az, bərabər və s.) ;
- məkan xarakterli əlaqə (uzaq, yaxın, altında, üstündə, içində və s.);
- atribut əlaqələr (cəhətlərə malikdir, mahiyyəti var və s.);
- məntiqi əlaqələr (və, və ya, yox);
- linqvistik əlaqələr və i.a.
Semantik şəbəkə tipli BB-da həllin axtarışı bazaya verilmiş hər hansı altşəbəkəyə uyğun sorğunu əks etdirən şəbəkə fraqmentinin axtarışı məsələsinə gətirilir.
Bu model amerikan psixoloqu Kuillian tərəfindən təklif olunub.
Freym model Marvin Minskinin adı ilə bağlıdır. Freym hər hansı qavranışın abstrakt obrazıdır. BB-də saxlanılan freym obrazı ilə cari verilənlər əsasında faktiki vəziyyəti təsvir edən freym ekzemplərı fərqləndirmək lazımdır.
Freymin ənənəvi strukturu: (Freymin adı: ( 1-ci slotun adı: 1-ci slotun mahiyyəti) ( 2-ci slotun adı: 2-ci slotun mahiyyəti) ( N-ci slotun adı: N-ci slotun mahiyyəti).
Növbəti mərhələdə hər bir slot özü freym olur və budaqlanır, odur ki, bu modelə bəzən ağacşəkilli model də deyirlər. Məsələn, otağa bir freym kimi baxsaq, onun slotları aşağıdakılar olar: qapı, pəncərə, döşəmə, tavan, divar. Növbəti mərhələdə hər bir slota freym kimi baxıla bilər. Yəni qapıya freym kimi baxılarsa, onun slotları: taxta, dəmir, şüşə olacaq və s.
Biliklərin təsvirinin məntiqi modeli produksion modeldəki şərt əlaqələrinin məntiqi ifadəsinə əsaslanır, daha doğrusu, şərt daxili atributlar bir-biri ilə məntiqi toplama, məntiqi vurma və s. əlaqə ilə bağlanırlar.
Biliklərin relyasion model təsviri hər bir obyektin onu səciyyələndirən müəyyən cəhətlər, göstəricilər, xüsusiyyətlər, bir sözlə, kriteriyalara münasibətinə əsasan qurulur.
Bəzən bu münasibəti dəqiq ifadə etmək mümkün olmur və təbii dilimizin linqvistik ifadələrindən (çox, az, bir qədər, zəif və s.) istifadə etməli oluruq və bu da bilklərin təsviri üçün qeyri-səlis relyasion modelin istifadəsini zəruriləşdirir. Bu halda obyektin cəhətləri nə dərəcədə ödəməsi [0,1] intervalında təyin edilmiş mənsubiyyət funksiyası ilə ifadə olunur. Bu cəhərlərin, xüsusiyyətlərin obyektə uyğunluğunu əks etdirən mənsubiyyət funksiyası relyasion matrisdə təsvir edilir. Matrisin elementləri fk(x) О[0,1], x obyektinin k kriteriyasını nə dərəcədə ödəməsini, ona nə dərəcədə uyğun gəlməsini ifadə edir.