Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi/Dövlət məktəblərinin meydana gəlməsi
←../ | Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi |
../→ |
Azərbaycanda və bütün Zaqafqaziyada dövlət məktəblərinin meydana gəlməsi və Azərbaycan dilinin bir fənn kimi tədris edilməsi bu dildə müvafiq dərsliklərin yaradılmasına şərait yaratdı.
Azərbaycan dilində yeni üsulla dərslik tərtib etmək sahəsində ilk təşəbbüs görkəmli mütəfəkkir və pedaqoq Mirzə Fətəli Axundova məxsusdur. O, 1836-1840-cı illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi işləyərkən ana dili dərsliyi yazmağa başlamış, lakin sonralar müəllimlik vəzifəsindən azad olunması ilə əlaqədar bu işi davam etdirməmişdir.
Azərbaycan dilində dərslik (oxu kitabı) tərtibi işində Tiflis qəza məktəbi və gimnaziyasının digər müəllimlərinin də xeyli rolu olmuşdur. Mətbəə yoxluğu üzündən bu vəsaitlər çox zaman işıq üzü görmürdü. Əlyazması şəklində olan bu dərsliklərə Sankt-Peterburq, Tiflis, Bakı, Yerevan şəhərlərindəki dövlət arxivlərində, eləcə də elmi müəssisələrin arxivlərində rast gəlinir.
Son tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan dilində ilk "Əlifba" və "Oxu" kitabı 1839-cu ildə Tiflisdə çap edilmişdir. Hər iki kitabın müəllifi Zaqafqaziya məktəblər direktoru vəzifəsini icra edən N.Dementyevdir. Səs üsulu ilə tərtib edilmiş bu dərslikdən Zaqafqaziyada, o cümlədən Azərbaycandakı dövlət məktəblərində istifadə edilmişdir.