Məzmuna keç

Fəlsəfə/Güzgü

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Fəlsəfə

../

Hər gün azı bir dəfə də olsa, güzgüyə baxırıq. Bu zaman bəzən gördüyümüzdən razı qalır, bəzən olanlarla kifayətlənməyib, gördüyümüz cizgiləri və görünüşü daha da cilalamağa çalışırıq. Amma güzgü təkcə bəzənmək üçün deyil. Hələ qədim dövrlərdən bu əşyanın sehirli təsir qüvvəsi olduğu qəbul edilib. Min illər ərzində sehrbazlar, öncəgörənlər güzgüdən enerji axını üçün xüsusi kanal kimi istifadə ediblər.

İnsanın biosahəsi onun ətrafında xüsusi aura yaradır ki, bu auranı fotoplyonkaya çəkmək tamamilə mümkündür. Buna elmi dildə – “enerji-informasiya matritsası” da deyirlər. Mistikada isə onu “insanın ruhu” adlandırırlar. Necə adlanır-adlansın, güzgü həmişə sahəni əks etdirmək qabiliyyətinə malikdir. Çünki insan aktiv şüalandırıcı obyektdir. Güzgüdə isə şüaları udmaq və əks etdirmək qabiliyyəti var. Bəzən güzgü qəbul etdiyi informasiyanın bir qismini saxlayır. Bu baxımdan, güzgülərlə bağlı möcüzələrin (onların sayı kifayət qədərdir) izahını vermək mümkündür.

Hələ XIX əsrdə alman alimi Karl fon Reyxenbax iddia edirdi ki, insan gözündən şüalanan enerji güzgüdən əks olunaraq onun özünə qayıdır və sağlamlığına mənfi təsir göstərir. Maraqlıdır ki, nyu-yorklu mütəxəssislərin son 15 il ərzində apardıqları araşdırmalar da bunu sübut edib. Onlar yüksək həssaslığa malik maqnit dalğalı detektorun vasitəsilə müəyyənləşdiriblər ki, güzgüdə uzun müddət öz gözünün içinə baxan insanlar yorğunluq hiss edirlər. Amerikanlar bildiriblər ki, özümüzdən şüalanıb güzgüdə əks olunan enerji bizi qoruyan auranı neytrallaşdırır, ona görə də qocalma prosesi tezləşir. Onların fikrincə, cavanlığı qoruyub saxlamaq üçün tez-tez gənclik dövrünün şəkillərinə baxmaq lazımdır.

Gözlər – beynin düşüncəsidir. Bir baxışla kiminsə ünvanına güclü mənfi enerji göndərmək olar. Bunu XIX əsrin 80-ci illərində Siciliya adasındakı Messina şəhərində bədnəzər bir insanın başına gələnlər də təsdiqləyir. Bu şəhər nəinki bəd, hətta ölümcül baxışlara malik imiş. O, kiməsə diqqətlə baxan kimi həmin adam ya huşunu itirir, ya da ağır xəstələnirmiş. Bu şəxsin nifrətlə baxdığı adamlar isə dərhal ölürmüşlər. Heç kim bu fenomeni izah edə bilmirmiş. Bir dəfə tale onunla çox pis oyun oynayır. Ölümcül baxış sahibi mağaza qarşısından keçərkən vitrindəki güzgünün qarşısında dayanıb uzun müddət özünə baxır. Güzgü də ölümcül baxışı əks etdirib, onun özünə qaytarır. Nəticədə tezliklə bu şəxsin özü də ölür…

Orta əsrlərin ən məşhur alimlərindən biri – Teofast Parasels də güzgülərin qeyri-adi qabiliyyətlərinə inanırdı. O, xəstələrinə güzgüyə nəfəs verməyi təklif edir və onlara dəqiq diaqnoz qoyurdu. Teofast həmçinin güzgülərdən xəstələrin müalicəsində də istifadə edirdi. O, xüsusi duaların köməyilə xəstəliyin qara enerjisindən insanın güzgüdəki əksinə tərəf “keçməyi” xahiş edirdi.

Güzgünü həm də keçmişdən və gələcəkdən xəbər verən vasitə, həmçinin axirət dünyasına çıxış kimi də dəyərləndirirlər. Hesab olunur ki, gecəyarısı güzgüdə görülən hadisələr gələcəkdən xəbər verə bilər. Əfsanəyə görə, 331-ci ildə Makedoniyalı İsgəndər fars şahı ilə müharibədə qalib gələcəyini bir gün əvvəl gecə güzgüdə görübmüş. Tibet rahibləri isə uzun müddət göz qırpmadan güzgüyə baxmaqla keçmişdə baş verəndən xəbər tuta bilirlər. Onlar bunun üçün bir həftə ərzində məşq edirlər. Məhz bundan sonra güzgüdə öz üzünü deyil, digər simaları görməyə başlayırlar.

Evimizi bəzəyən güzgü həm də bədnəzərdən qoruma vasitəsi kimi tanınır. Qədim dövrlərdə ispanlar sinələrində kiçik güzgü parçaları gəzdirirdilər. Hesab olunurdu ki, güzgü insan üçün dağıdıcı olan enerji və hissləri əks etdirmək bacarığına malikdir. Ona görə də evə xoşagəlməz, bədnəzər qonaq gəlirdisə, gedəndən dərhal sonra evdəki bütün güzgüləri nəm əski ilə silir, sonra onların qarşısında şam yandırıb dua edirdilər.

Evə ruzi gəlməsini istəyənlər, güzgünü qonaq otağındakı masanın yanında, yaxud da mətbəxdə assınlar. Hamımıza məlumdur ki, gəlin gətirilən zaman onun sağ tərəfində güzgü tuturlar. Bu, aydınlıq və xoşbəxtlik rəmzi kimi qəbul olunur. Belə məqamlarda dairəvi güzgüdən istifadə edilməsi də təsadüfi hal deyil. Çünki magik bilgilərə görə, iti uclu əşyalar mənfi enerjiyə malik olurlar (Bizlərdə “masanın küncündə oturma” ifadəsi də məhz bu səbəblərə görə işlədilir).

Bu ən məşhur optik cihazı giriş qapısının qarşısından asmaq olmaz. Güzgü elə asılmalıdır ki, ona baxan adamın başı yarımçıq görünməsin. Əks təqdirdə, həmin şəxsin enerjisi tükənməyə başlayacaq və güclü baş ağrıları müşahidə edəcək. Eynilə, güzgüləri həddən artıq yuxarıdan da asmaq lazım deyil. Yarıqaranlıq otaqda güzgüyə baxmaq da yaxşı hal deyil. Qaranlıqda – heç bir işıq düşməyən yerdə güzgüyə mənfi enerji toplanır və onun “ekranında” istənilən mistik varlıqlar təzahür edə bilir. Odur ki, güzgüyə yaxınlaşmazdan qabaq otağı işıqlandırmaq lazımdır. Həmçinin güzgü qarşısında yemək yemək düzgün deyil.

Güzgüyə yatan adamların əksi düşməməlidir. Belə olan halda, siz yuxusuz qalar, yorğunluq hiss edərsiniz. Güzgünü yataqdan uzaq yerdə asmaq mümkün deyilsə, onda gecə vaxtı onun üstünü nə iləsə örtmək lazımdır. Uşaqların da bir yaşınadək güzgüyə baxmasına icazə verilməməlidir. Bu halda, uşaqların dişi gec çıxır və onlar gec dil açırlar.

Deyilənə görə, güzgü olan yerə gözəgörünməz, qorxunc varlıqlar müdaxilə etməkdə çətinlik çəkirlər. Çünki istənilən güzgü qarşısında duran hər bir bioenergetik predmeti zəiflədir.

Bilirsinizmi, evdə ölü düşəndə niyə güzgünün üstünü örtürlər? Çünki güzgüdə kiminsə görüntüsü əks olunursa, o, orada yaşamaqda davam edir. Əgər güzgünün üstü açıq qalsa, ölən adamın ruhu orada ilişib qala bilər və axirət dünyasına yol tapa bilməz. Ruhun güzgüdə qalması böyük günah hesab olunur və bu, ailə üçün böyük bədbəxtliklər gətirə bilər. Mərhumun ruhu güzgüdə “məskunlaşır”, yaxınlarının həyatını zəhərləməyə başlayır. Bu, ölən adamın xarakterindən və ya əməllərindən asılı deyil. Belə ki, dünyasını dəyişən hər bir şəxs xeyirxah olub-olmamasından asılı olmayaraq, güzgüyə “köçəndə” mütləq Şərə xidmət edir. Məhz bu baxımdan, ən azı 40-ı çıxana qədər güzgünün üstünü örtmək lazımdır ki, dünyalar arasında yaranmış enerji-informasiya mübadiləsi pozulsun.

Bu baxımdan, qədim güzgülərə də ehtiyatla yanaşmaq lazımdır. Belə güzgülər ölmüş insanların xatirələri ilə dolu olur. Bu cür güzgüləri müəyyənləşdirmək asandır. Bunun üçün güzgünün qarşısında şam yandırmaq lazımdır. Əgər şam özbaşına sönürsə, deməli, bu güzgünün içində ruh var. Belə güzgünü dərhal sındırmaq lazımdır.

Ailədə yeni körpə dünyaya gələndə də 40-ı çıxana qədər onun yatdığı otaqda yerləşən bütün güzgülərin üstünü örtmək lazımdır. Əlbəttə, yuxarıda deyilənlərdən fərqli olaraq, bu halda güzgülərin üstünə qırmızı parça çəkmək tələb olunur. Eyni zamanda evə təşrif buyuran qonaqlara da güzgüdən istifadə etməyə yol verməməlisiniz.

Yaşadığınız evdə nəzər və ya ağırlıq olduğunu hiss edirsinizsə, səhər tezdən əlinizə bir dairəvi güzgü alıb, yaşadığınız mənzilin qapısını açıb, divar boyu üç dəfə dövrə vurun. Belə məqamlarda arxanızı divara, güzgünün üstünü isə qarşı tərəfə yönəltməlisiniz. Üçüncü dövrə tamamlananda güzgünün “ekran”ını açıq qapıya tərəf istiqamətləndirib xırda addımlarla astanaya çıxmalısınız. İnanca görə, sizlərə sadə görünən bu əməliyyat evinizdə kök salan bütün ağırlığı, fitnə-fəsadı dəf etmiş olacaq. Bunun daha təsirli olmasını istəyirsinizsə, müxtəlif ayin və ya inanclarımızda işlədilən sözlərdən də işlətmək yerinə düşər. Məsələn, “Evimizi xətadan-bəladan hifz eləsin!”, “Kəc baxan gözlər bu güzgüdən özlərinə qayıtsın!”, “Ağrı-acımız güzgüdən dönsün!” və s.

Yaxşı olar ki, evinizə güzgü lazım olsa, mağazadan yenisini alasınız. Özü də onu evə gətirəndə mütləq nəyəsə bükmək, yaxud da qutusuna qoymaq lazımdır. Evdə də onu quru və təmiz parça ilə silib, 3 dəqiqə axar su altına (həmin an yağış yağsa, lap yaxşı olar) su şırımlarına 30 dərəcə nisbətdə tutmaq lazımdır. Qış vaxtı isə yeni güzgünü qar altında saxlamaq olar. Bundan sonra onu qurudub işlətmək mümkündür.

Heç vaxt güzgüyə baxıb “Ay Allah, gör nəyə oxşayıram” kimi ifadələr işlətməyin. Bunu heç zarafatla da demək lazım deyil. Çünki belə “qara yumor” təkcə gözəlliyə deyil, həm də sağlamlığa ziyan vura bilər. Odur ki, güzgüyə baxarkən yalnız özünüzə mehriban sözlər söyləyin. Həmişə yadda saxlayın ki, güzgünün optik səthi təkcə enerjini əks etdirmir, həm də onu udur və yadda saxlayır. Odur ki, güzgüyə yalnız təbəssümlə yaxınlaşmaq lazımdır. Sonradan bu müsbət enerji üçqat insanın özünə qayıdacaq.