Məzmuna keç

Hülakü dövləti/Hülakülər dövləti Qazan xanın dövründə

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Hülakü dövləti

../

Hülakülər dövləti Qazan xanın dövründə Hülakülər dövlətində 1295 – ci ildə hakimiyyətə Qazan xan gəlmişdir.Qazan xanın hakimiyyəti dövründə (1295 – 1304) Hülakülər dövləti yenidən güclənir (2.səhifə 139). Qazan xan islam dinini dövlət səviyyəsində qəbul etdi. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatı, ticarət və sənətkarlığın, şəhərlərin və şəhər həyatının dirçəlməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək “Mahmud” adını götürmüşdü. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdı.

Qazan xan vergi, rabitə, məhkəmə, pul və torpaq sahələrində islahatlar keçirmişdi. Bu islahatları keçirməkdə ona Fəzlullah Rəşidəddin böyük köməklik etdi (5.səhifə 288)

1. Vergi islahatı – Vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə dəqiq qayda – qanun yaradıldı. Vergi verənlərin dəqiq siyahısı tutuldu, hər bir kəndin, şəhərin ödəyəcəyi vergi məbləği və böyük lövhələrdə həkk olunub baxımlı yerlərdə nümayiş etdirilirdi. Vergilərin nağd pulla və ya natura halında toplanılacağı və ilin hansı vaxtında yığılacağı müəyənləşdirilirdi. Qeyri – qanuni vergilərin toplanılması qadağan edildi. Vergilərin yığılması Baş divanın sərəncamına verildi və vilayət hakimlərinin bu işə qarışması qadağan olundu. Qazan xanın islahatı vergi toplanmasının icarəyə verilməsi təcrübəsini ləğv etməsə də, bu işdə ciddi qayda – qanun yaratdı; vergi toplanması 3 il müddətində icarəyə verildi. Toplanmış vergilərin məsrəfi və dövlət xəzinələrinin fəaliyyəti üzərində ciddi nəzarət qoyuldu. Vergi islahatı 1297 – 1304-cü illərdə Qazan xanın narazı qüvvələrə qarşı mübarizəsi şəraitində həyata keçirildi (1.səhifə 357).

2. Rabitə islahatı – Qazan xanın rabitə sahəsində həyata keçirdiyi tədbirlər ölkədə vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Qazan xanın fərmanına əsasən, bütün əsas yollarda hər 3 fərsəxdən bir (21 km) rabitə dayanacaqları – “yam”lar yaradıldı. Yamlara əmirlər təyin olundu və onlar lazımi qədər qulluqçularla və atlarla təmin olundu. Qazan xan mövcud yarlıqları və paydzaları (xüsusi lövhələri) ləğv etdi və əvəzinə isə yenilərini düzəltdirib onlardan istifadə üzərinə nəzarət qoydu. Elçilərin və yam işçilərinin yerli əhalidən vəsait alması qəti qadağan edildi. Hər bir elçi – müsafir ezamiyyət xərclərini divandan almalı və yam xidmətindən istifadə edərək lazımi yerə getməli idi. Mühüm dövlət sənədləri və məktublar da bir yamdan digərinə ötürülməklə məntəqəyə çatdırılırdı. Yollarda karvansaralar tikildi və müsafirlərin rəiyyətin evində qalmaları qadağan edildi. Yol gömrüklərinin toplanması sahəsində də qayda – qanun yaradıldı.

Rabitə sahəsindəki islahatlar iki il müddətində həyata keçirildi (1.səhifə 358).

3. Məhkəmə islahatı – Ölkədə hökm sürən hüquqi qanunsuzluqları, məhkəmə işinin həddən ziyadə dolaşıq olmasını, özbaşınalığın və rüşvətxorluğun son həddə çatdığını, “qazı” vəzifəsinin icarəyə verilməsinin mənfi cəhətlərini nəzərə alan Qazan xan bu islahatı keçirdi. Əsas diqqət “qazı” vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına, məhkəmələrdəki qanunsuzluqlara son qoyulmasına, alqı – satqı işlərində qayda – qanun yaradılmasına yönəldildi. 30 illik tarixə malik iddiaların öz qanuni qüvvəsini itirdiyi elan olundu. Məhkəmələrin aparılması üçün toplanan ödəmələrin dəqiq məbləği müəyənləşdirildi. Şəhər, mahal, kənd qazılarının səlahiyyətləri dəqiqləşdirildi. Məhkəmə sədri – qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə qəbz alınması qaydası tətbiq olundu. Cinayətkarların cinayətə müvafiq cəzalanmaları üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, Qazan xanın məhkəmə islahatı tam şəkildə həyata keçirilmədi (1.səhifə 357).

4. Torpaq islahatı – Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil edirdi. Qazan xanın torpaq islahatına əsasən: Bayrat torpaqları qeydə alındı və onların sahibkarlığı müəyyənləşdirildi; Sahibsiz torpaqlar divan sərəncamına verildi; Becərilməyən mülklər satın alınaraq dövlət torpaqlarına qatıldı; İqta torpaqları alınıb-satıla bilməzdi; Sahibi öldükdən sonra iqta hərbi xidməti davam etdirən varisə verilirdi; Becərilməyən torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazi üzərindəki hüquqları divan sənədləri ilə qanuniləşdirildi; Orduda xidmət edən monqollara incu, bayrat və divan torpaqları hesabına iqta verilirdi; Kəndlilər öz torpaqlarını tərk edə bilməzdi (1303-cü il fərmanına əsasən).

5. Ticarət islahatı - Qazan xan ticarətin inkişafını təmin etmək üçün bu sahədə islahat keçirdi. Qazan xanın bu islahatlarına əsasən: vahid pul sistemi yaradıldı, çəki və ölçü vahidləri sabitləşdirildi, ticarət yollarında və bazarlarda gömrük toplanması qaydaya salındı, karvanların, ticarət yollarının qorunması üçün əsaslı tədbirlər görüldü. Vahid pul sistemi yaradıldı. Çəki və ölçü vahidləri sabitləşdirildi. Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi. Qazan xan pul sikkələrinin üzərinə « Allah, Məhəmməd, Əli » sözlərini zərb etdirdi. Qazan xanın islahatları ilk vaxtlarda təsirli nəticələr verdi. Beləki, əhalinin vəziyyəti nisbətən yüngülləşdi, iqtisadiyyatda canlanma baş verdi, mərkəzi dövlət müvəqqəti olsa da qüvvətləndi, Hülakü dövlətinin labüd tənəzzülü bir müddət təxirə salındı. (5.səhifə 292 – 293) Qazan xanın varisi olan Olcaytu xan (1304 – 1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirirdi. Lakin ondan sonra hakimiyyətə gələn Əbu Səidin dövründə (1316 – 1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır (1.səhifə 339). Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir sultanlarının bir neçə hücumuna məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid müqavimət təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakülər dövləti tamamilə tənəzzülə uğrayır.