Hülakü dövləti/Hülakülər dövlətində Çobanilərin hakimiyyəti və dövlətin süqutu

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Hülakü dövləti

../


Hülakülər dövlətində Çobanilərin hakimiyyəti və dövlətin süqutu Hülakü dövlətində Əbu Səidin ölümündən sonra dövləti hələ Əbu Səidin öz dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər (1338 – 1357) idarə edirdilər (5.səhifə 295). Onların hakimiyyəti dövründə dövlətin quruluşunda əsaslı bir dəyişiklik baş verməmiş, əvvəllər olduğu kimi , dövlətə yenə də Hülakülər nəslindən olan padşahlar başçılıq etmişlər. Hülakü xanın yürüşü dövründə Azərbaycana gəlib Urmiya gölü ətrafında məskunlaşmış türk – monqol mənşəli Sulduz qəbiləsinin davamçıları olan Çobanilər hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplardan idilər. Əmir Çobani nəvəsi Şeyx Həsən Çobani 1338-ci ildə öz rəqibi Şeyx Həsən Cəlairiyə qalib gələrək, Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu padşah elan edib dövləti onun adından idarə etməyə başladı. Beləliklə, Azərbaycanda və ona qonşu ərazilərdə Çobani feodal qrupunun ağalığı başladı. Şeyx Həsən Çobani 1340-cı ildə Satıbəy xatunu səltənətdən məhrum edib, Süleyman xanı (1340 – 1344-cü illər) padşah elan etdi. Həsən Çobani öldürüldükdən sonra (1344-cü il) Azərbaycanda hakimiyyət faktiki olaraq, onun qardaşı Məlik Əşrəfin əlinə keçdi. Çobani zülmündən cana gəlmiş Təbriz əhalisi 1344-cü ildə üsyana başladı.

Təbrizlilər şəhərdəki Çobani əmirlərini və onların qohumlarını əsir götürdülər, şəhərə daxil olan yollarda xəndəklər qazıb su ilə doldurdular. Şəhər əhalisi ilə Çobani dəstələri arasında qanlı vuruşma baş verdi. Məlik Əşrəf üsyanı çətinliklə də olsa yatıra bildi. O, Hülaki şəhzadəsi Ənuşirəvanı (1344 – 1355) padşah elan etdi və dövləti onun adından idarə etməyə başladı. Məlik Əşrəf 1347-ci ildə Şirvana və Bağdada, 1350-ci ildə İsfəhana yürüş təşkil etdi. O, 1355-ci ildə Ənuşirəvanı taxtdan saldı və onun əvəzinə Həsən xanı səltənətə çıxardı. Əşrəfin yeritdiyi qarətçilik siyasəti xalq kütlələrinin bütün təbəqələrinin narazılığına səbəb oldu. Çobani feodallarının zülmündən azad olmağa çalışan əhali və bir sıra yerli feodallar Qazı Məhiyəddin Bərdəi və Şirvanşah Kavusun (1345 – 1372) başçılığı ilə Qızıl Orda xanı Canıbəyi Azərbaycana dəvət etdilər. Canıbəy 1357-ci ildə Azərbaycana gəldi və yerli feodalların köməyilə hakimiyyəti ələ aldı. Müstəbid Çobani əmiri Əşrəf edam edildi (1.səhifə 341). Beləliklə, Azərbaycanda Hülakülər dövləti süqut etdi.