Məzmuna keç

Keşniş

Vikikitab, açıq dünya üçün açıq kitablar

Keşnişin meyvələrində 1 %-ə qədər efir yağı, 10 %-ə qədər piyli yağ və 10 - 16 % zülal maddələri vardır. Keşnişin meyvələrindən alınan efir yağı xoşa gələn ətirli iyə malikdir.

Keşnişin meyvələri iştahartıran və həzm prosesini yaxşılaşdıran dərman kimi qəbul edilir. Keşnişin yağından bir çox dərman preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iyverən maddə kimi geniş istifadə edilir. Bundan başqa, keşniş meyvələrindən xroniki mədə - bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi çay dəmləyib içirlər. Keşnişdən hazırlanan çay aşağıdakı kimidir: qurudulmuş keşniş meyvələrindən 2 xörək qaşığı götürüb 0,5 litrlik çaynikə qoyulur, üstünə 0,5 l qaynar su əlavə edib 30 dəqiqə zəif yanan od üzərində dəmlənir, sonra isə ondan gündə 3 dəfə xörəkdən sonra yarım stəkan içirlər. Keşniş çox qiymətli bitkidir. Onun meyvələrinin mədə - bağırsaq və böyrək xəstəliklərində, eləcə də öd kisəsinin iltihabında çox mühüm müalicə əhəmiyyəti vardır.

Keşniş respublikamızda qədimdən becərilən ətirli tərəvəz, həm də dərman bitkisidir. O, Abşeronda lap qədimdən becərilir. Respublikamızda keşnişin meyvəsindən ətirli ədviyyat kimi, eləcə də uşaqlarda tez-tez baş verən qarın ağrılarında istifadə olunur. Bu məqsədlə keşnişin meyvələrini nanə yarpağı ilə bir yerdə çay hazırlayıb uşaqlara içirirlər.

Dərman məqsədilə keşnişin meyvələrini yetişən dövrdə toplayıb, başqa hissələrdən təmizləyir, sonra açıq havada qurudurlar. Qurudulmuş meyvələri kisələrə doldurub, havası quru olan yerdə saxlayırlar.