Məzmuna keç

Kompüter/Elektron hesablama maşınlarının təsnifatı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Kompüter

Kompüterin struktur sxemi və tərkibi

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər. Birinci nəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik olub, eitibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Bu nəsil EHM-lərə misal olaraq: “Ural”, “Strela”, “Minsk -1” maşınlarını göstərə bilərik. İkinci nəsil EHM-də elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Bu nəsil EHM-lər daha yüksək hesablama məhsuldarlığına (saniyədə milyon əməliyyat yerinə yetirirdi), əməli yaddaşa malik oldular və onların ölçüləri hiss ediləcək dərəcədə kiçildi. Bu cür EHM-də alqoritmik dillərin təıtbiqi geniş vüsət aldı və məsələlərin maşında həlli qaydaları sadələşdi. Bu nəsil EHM-lərə misal olaraq “BESM”, “Minsk -22” və s. misal göstərə bilərik.

Ötən əsrin 70-ci illərinin əvvəllərində inteqral sxemlərin tətbiqi ilə üçüncü nəsil EHM-lərin (IBM – 370, ЕS EHМ, SМ EHМ və s.) yaradılması mərhələsi başlandı. İnteqral sxemlərin tətbiqi ilə EHM-lərin texniki və istismar xarakteristkalarında böyük sıçrayış oldu. Bu nəsil EHM-lərin hesablama məhsuldarlığı saniyədə on milyonlarla əməliyyata çatdırıldı. Əməli yaddaşın həcmi xeyli artırıldı, maşınların əməliyyat sistemində müxtəlif emal rejimlərindən (sual-cavab, vaxtın bölünməsi, paket emalı və s.) istifadə edilməsi EHM-in idarə olunmasını asanlaşdırdı. Üçüncü nəsil EHM-in əsasında tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan məlumatların oxunmasına imkan yaratdı.

70-ci illlərin sonlarından başlayaraq dördüncü nəsil EHM-lərin (Elbrus, Apple Macintosh, IBM PC və s.) yaradılmasına başlandı. Bu cür EHM-lərdə böyük inteqral sxemlərdən (BİS) istifadə olunmağa başlandı. Bu da eyni zamanda maşınların məhsuldarlığının və etibarlılığının artmasına böyük təkan verdi. Maşınların ölçüsü və çəkisi hiss olunacaq dərəcədə azaldı. BİS-lərdən istifadə maşınların proqram təminatlarının yaxşılaşmasına böyük təkan verdi.

1971-ci ildən mikroprosessorların yaradılması dördüncü nəsil maşınların yeni növünün – fərdi kompyuterlərin yaranmasına imkan yaratdı. Fərdi kompyuterlərin yaranması hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu və kompyuter şəbəkələrinin yaranmasına təkan verdi. Müasir hesablama maşınlarını əsasən üç böyük sinifə bölmək olar:

  • Superkompyuterlər
  • Meynfreymlər
  • Mini – EHM-lər

Superkompyuter – çox prosessorlu hesablama sistemidır. İlk superkompyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompyuterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompyuterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompyuterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.

Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya kompyuter parkının böyük hissəsini meynfreym kompyuterləri təşkil edirdi. Fərdi kompyuterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterləri əsasən IBM firmasında istehsal olunur. Bu cür kompyuterlərin qiyməti 1milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16-32 mikroprosessorlu server kompyuterlər meynfreym kompyuterlərin sələfləri sayılır. daha intensiv hesablamalar tələb edən məsələlər üçün işlənib hazlırlanmış yüksək güclü kompüter. Meynfreymlər, adətən, ona qoşulmuş terminallarda eyni vaxtda işləyən çoxlu istifadəçilər tərəfindən istifadə olunur. Superkompüter adlandırılan ən güclü meynfreymlər çox mürəkkəb və uzun müddətli hasablamaları yerinə yetirir, həm sırf elmi, həm də tətbiqi araşdırmalarda alimlər, iş adamları və hərbiçilər tərəfindən çox intensiv istifadə olunur.

Mini–EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompyuterlərə nəzərən kiçik olan kompyuterlər 1965-1980-ci illərdə mini-EHM adlanırdı.Hal-hazıda mini-EHM dedikdə fərdi kompyuterlər nəzərdə tutulur.Fərdi kompyuterlərin kütləvi istehsalına 1981-ci ildən başlanmışdır.

Ədəbiyyat

[redaktə]
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.