Lokal şəbəkələr/Giriş
Lokal şəbəkələr |
Kompüter şəbəkəsi kompüter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalizasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:
- İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;
- İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;
- Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;
- Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü;
və s.
Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər:
- Lokal şəbəkələr (LAN-Lokal Area Network);
- Qlobal şəbəkələr (WAN- Wide Area Network).
Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.