Maliyyə/Maliyyə siyasəti/Maliyyə siyasətinin mahiyyəti və zəruriliyi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Maliyyə/Maliyyə siyasəti

İqtisadi inkişafa nail olmuş hər bir dövlət öz siyasətini əsasən 5 istiqamətdə qruplaşdırır: iqtisadi sahələr üzrə; sosial sahələr üzrə, milli maraqlar baxımından, hərbi potensial baxımından, geosiyasi.

Maliyyə siyasəti iqtisadi siyasətin tərkib hissəsidir. İqtisadi siyasətin həyata keçirilməsi, cəmiyyətin ümumi inkişaf istiqamətləri maliyyə siyasətinin formalaşması və təşkili səviyyəsindən çox asılıdır.

Maliyyə siyasəti dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi tədbirlərin məcmusudur.

Maliyyə siyasəti maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur.

Maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, yenidən bölüşdürülməsi və istifadəsilə əlaqədar həyata keçirdiyi tədbirlər məcmusudur.

Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması metodlarından asılı olaraq maliyyə siyasəti iki yerə ayrılır:

  • -Maliyyə strategiyası;
  • -Maliyyə taktikası

Maliyyə strategiyası maliyyədən istifadənin əsas istiqamətlərini, maliyyə münasibətlə-rinin təşkilinin forma və metodlarını dəyişdirilməsini əhatə edir. O,uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir.

Maliyyə taktikası isə maliyyə münasibətlərinin və əlaqələrinin forma və metodlarını dəyişdirmək yolu ilə cari vəzifələrin yerinə yetirilməsinə yönəldilir. Maliyyə taktikası maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məsələlərinin həlli metodlarıdır. Maliyyə strategiyası nisbi sabit olduğu halda maliyyə taktikası çevik olmalıdır. Maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı surətdə əlaqədardır.

Dövlət makroiqtisadi (iqtisadi tarazlığın təmin edilməsi, iqtisadi artım, inkişafın reallaşdırılması) məqsədlərinə çatmaq üçün maliyyə vasitələrindən bəhrələnir. Dövlət gəlirlərinin artırılması, büdcə tarazlığı iqtisadi artıma aparan əsas vasitələrdir, bu vasitələrin təmin olunması isə maliyyə siyasətinin başlıca vəzifələrindəndir.

Maliyyə siyasəti çoxtərəflidir və aşağıdakı 3 həlqəni birləşdirir.

  • 1.Maliyyənin elmi cəhətdən əsaslandırılmış inkişaf konsepsiyasının hazırlanması.

Bu konsepsiya iqtisadi qanunların tələblərini öyrənilməsi, təsərrüfatların inkişafının hərtərəfli təhlili, əhalinin tələbatının, istehsal münasibətlərinin və məhsuldar qüvvələrin inkişafının perspektivlərinin müəyyən edilməsi əsasında formalaşır. O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır. Bu konsepsiyanın məqsədi cəmiyyətin inkişafı tələbatının ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından ibarətdir. O, sənaye və kənd təsərrüfatı istehsalının, qeyri-istehsal sferasının və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını nəzərdə tutur.

  • 2.Maliyyədən cari dövrdə və perspektivdə istifadə olunmasının əsas istiqamətlərinin müəyyən edilməsi.

Maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.

  • 3.Qarşıya qoyulan məqsədə nail olmaq üçün praktiki fəaliyyətin həyata keçirilməsi.

Bu üç həlqənin birlikdə istifadəsi maliyyə siyasətinin mahiyyətini təşkil edir.