Maliyyə uçotu/Sair əməliyyat xərclərinin uçotunun təkmilləşdirilməsi/Xərclər haqqında qısa məlumat və ümumi təsnifatı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Maliyyə uçotu/Sair əməliyyat xərclərinin uçotunun təkmilləşdirilməsi

                 
4.Xərclər haqqında qısa məlumat və ümumi təsnifatı
Xərclər – mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır.
Hər şeydən əvvəl uçotdakı xərclərlə iqtisadi xərcləri bir-birindən fərqləndirmək lazımdır. Belə ki, sahibkar sərf etdiyi hər bir vəsaiti özü üçün xərc hesab edir. Halbuki, mühasib həmin əməliyyatı xərc kimi deyil, alış əməliyyatı, yəni aktivlərin yerdəyişməsi kimi qeyd edir. Məsələn, mal-materialların alınması, uzunmüddətli aktivlərin və s. alınması. Bu qeyd olunan aktivlər istifadə olunduqca, yəni müəssisə tərəfindən istehlak olunduqca mühasib xərc kimi qeyd edəcəkdir. Yaxud sahibkar ofisində oturduğu yerdə ona kommunal borclar üzrə hesab faktura gəlir. O bu pulu ödəmədiyi üçün hələ ki, özündə xərcin baş vermədiyini düşünür. Lakin mühasib həmin faktura əsasında artıq xərcin baş verməsi barədə qeydlər aparır. Deməli iqtisadi xərc müəssisənin fəaliyyəti zamanı maddi istehlak nemətlərinə sərf edilmiş vəsaitlərdir. Bu baxımdan iqtisadi xərcə həmçinin məsrəf də demək olar. Uçot xərci isə artıq müəssisə tərəfindən istehlakı baş vermiş nemətlərin dəyəridir.
Məsələn, əsas vəsaitin əldə olunması xərc hesab olunmur. Xərc yalnız bu aktivin dəyəri silindikdə, yəni istismar nəticəsində amortizasiya olunduqda yaranır. Digər misal müəssisə mal-material ehtiyatları əldə etdikdə, ona çəkilən məsrəflər xərc hesab olunmur. Bu ehtiyat yalnız hazır məhsula çevrilərək satıldıqda və müəssisə ona artıq sahib olmadıqda, xərcə silinir.
Məhsulların (xidmətlərin, yerinə yetirilmiş işlərin) təqdim olunması nəticəsində aktivlərin azalması üzrə məbləğlər isə xərc hesab olunur.
Xərclər pul vəsaitlərinin xaricolması ilə nəticələnməyən əməliyyatlar hesabına da yarana bilərlər. Buna misal olaraq amortizasiya xərclərini göstərmək olar.
Yuxarıda qeyd olunanlardan görünür ki, xərclə məsrəf arasında müəyyən fərqlər vardır. Belə ki, xərc müəssisədə baş verən elə bir prosesdir ki, nəticədə müəssisənin aktivlərinin istehlakı artır və qarşılığında müəssisədə başqa bir məhsul formalaşmır. Məsrəf aktivlərin elə sərf edilməsidir ki, nəticədə o başqa bir aktivə (məhsula) çevrilir. Başqa bir aktivə çevrilən vəsait pul, mal-material, əsas vəsait və s. da ola bilər.
Riyazi cəhətdən xərc prosesi maliyyə bərabərliyində həm aktivləri, həm də passivləri azaldır. Məsrəf isə maliyyə bərabərliyində aktivlərin yerdəyişməsi ilə nəticələnir. Məsələn, müəssisənin 70 dollar kommunal xərc ödəməsinin maliyyə bərabərliyinə təsirinə baxaq:
Aktivlər = Öhdəliklər + Kapital + Gəlirlər – Xərclər
-70 = 0 + 0 + 0 - 70
Bu əməliyyatın mühasibat yazılışı isə aşağıdakı kimi olmalıdır:
Dt Kommunal xərc 10000
        Kt Pul vəsaiti 10000
İndi isə təsəvvür edək ki, müəssisədə mal-materialların ilkin qalığı 5000 dollar idi. İstehsal prosesində 4000 dollarlıq mal-material (xammal) sərf edilmişdir. Bu əməliyyatın maliyyə bərabərliyində əksi aşağıdakı kimi olacaqdır:
Aktivlər = Öhdəliklər + Kapital İlk qalıq:
5000 = 5000 + 0
-4000 material
+4000 yarımfabrikat
(istehsal ehtiyatı)
Son qalıq: 5000 = 5000 + 0
Bu əməliyyatın mühasibat yazılışı aşağıdakı kimidir:
Dt İstehsal ehtiyatı (yarımfabrikat) 1000
          Kt Xammal 1000
Qeyd edək ki, xərclərin aktiv və ya passiv olması sualı beynəlxalq mühasibat uçotu standartlarına keçdikdən sonra mübahisəli bir mövzuya çevrilmişdir. Çünki köhnə uçotda (20, 23, 26 və s.) xərc hesabları birmənalı şəkildə aktiv hesab olunurdu. Beynəlxalq uçotda isə xərclər passiv, məsrəflər isə aktiv hesab olunur.
Xərcləri çox meyarlar üzrə təsnifləşdirmək mümkündür. Mühasibatlıqda xərclərin əsasən aşağıdakı 2 təsnifat növündən daha geniş istifadə olunur:
1) Xərclərin funksional təsnifatı
2) Xərclərin iqtisadi təsnifatı
1. Xərclərin funksional təsnifatı dedikdə müəssisənin idarəetmə, istehsal və satış fəaliyyətində yerinə yetirdiyi funksiyasına görə təsnifat başa düşülür. Belə ki, istənilən müəssisənin fəaliyyətini aşağıdakı 3 bölmədən (strukturdan) ibarət təsəvvür ütmək mümkündür.
Xərcləri aşağıdakı 2 ümumi qrupa bölmək olar:
A) İstehsal xərcləri
B) Qeyri-istehsal xərcləri
-inzibati xərclər
-satış xərcləri
2. Xərclərin iqtisadi təsnifatı dedikdə xərclərin müəssisədə baş iqtisadi əməliyyatların xarakterlərinə görə adlandırılmasıdır. Bu təsnifatı aşağıdakı kimi sıralamaq olar:
a) Əmək haqqı xərci
b) Material xərci
c) Kommunal xərci
d) İcarə xərci
e) Amortizasiya xərci
f) Sığorta xərci
g) Nəqliyyat xərci
h) Mühafizə xərci
i) Vergi xərci və s.
Xərclərin iqtisadi cəhətdən sıralamasından da göründüyü kimi müəssisənin hər bir bölməsində qeyd olunan bu xərclər ola bilər. Yəni istehsal zamanı da yuxarıdakı xərclər ola bilər, həmçinin qeyri-istehsal binalarının hər birində yuxarıdakı xərclərin hamısından ola bilər. Məsələn, satıcının istifadə etdiyi kompüterin amortizasiyası satış xərcinə, katibənin əmək haqqı xərci isə inzibati xərcə aiddir. Qeyd edək ki, gələcəkdə biz əsasən bu yanaşmadan istifadə etməliyik. Belə ki, iqtisadi xərclə qarşılaşdığımız zaman birinci növbədə həmin xərcin hansı binada baş verdiyini müəyyən etməliyik, bundan sonra rahat bir şəkildə həmin xərci uyğunlaşdırıb düzgün xərc maddəsinə yaza bilərik.
Beləliklə məlum olur ki, bizim əvvəl aktiv hesab etdiyimiz 20-dən 29-a qədər olan xərc hesabları beynəlxalq uçotda parçalanaraq istehsala aid olan hissəsi aktiv, inzibati və kommersiya xərclərinə aid olan hissəsi isə passiv hesablardır. Bizim passiv dediyimiz hesablar beynəlxalq uçotda öhdəlik və ya kapital hesabı adlanır. Gəlirlər kapitalı artıran hesab, xərclər isə kapitalı azaldan hesab adlanır.