MediaWiki/İmkanları

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ MediaWiki

../

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Viki-məqalələrdə aparılan bütün redaktələr Vikimediyanın VB-da saxlanılır. İstənilən redaktəni geri qaytarıb baxmaq və bərpa etmək mümkündür ki, bu da MediaWiki proqramının əsas üstün cəhətlərindən biridir. Lakin sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmamağı;
  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və onların da müəyyən hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • istifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın, sistemliliyin pozulma hallarının olması və s.

MediaWiki İnternet üçün nəzərdə tutulmuş digər proqram təminatları kimi səhvlər və təhlükəsizlik problemlərinə malikdir. Odur ki, təhlükəsizlik tam təmin olunmursa və nəzarətdə saxlanılmırsa MediaWiki proqramının yüklənməsi məsləhət görülmür.

MediaWiki proqram mexanizmi ilə yaradılan populyar layihələrə əsasən İnternet-ensiklopediyalar daxildir: Sitizendium, Vikiinfo, Letopisi, Vikiznaniye, Vikitravel və s. Lakin MediaWiki proqram təminatı ilə yaradılmış ən nəhəng layihə Vikipediya azad, on-line ensiklopediyasıdır. Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistemdən GNU lisenziyası əsasında Vikimedia Fondu (http://wikimediafoundation.org – Wikimedia Foundation Inc.) qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlanır.

MediaWiki azad proqram təminatı olduğundan, hər kəs bu proqramı İnternetdən öz kompyuterinə pulsuz yükləyərək ondan istifadə edə bilər. Bunun üçün proqramın sahibi olan Vikimedia Fondunun Mediawiki (www.mediawiki.org/wiki/Download/), veb-saytına daxil olaraq, “Dowload” düyməsindən istifadə etmək lazımdır. Digər proqram təminatlarında olduğu kimi MediaWiki proqramının yüklənməsində də problemlər ola bilər. Problemin yaranmasında əsas səbəb onun yüklənmiş olduğu serverin zəif olması və ya serverdə təhlükəsizlik problemlərin aradan qaldırılmaması ola bilər. Odur ki, proqramı yükləməzdən əvvəl serverin təhlükəsizliyi təmin edən məsələlər həll olunmalıdır.

Vikimedia Fondu MediaWiki proqramına heç bir zəmanət vermir. Odur ki, proqramı yükləməzdən öncə saytda MediaWiki ilə əlaqəli xəbərdarlıqlarla tanış olmaq vacibdir. Veb-saytda MediaWiki azad proqram təminatının bir-neçə versiyası təklif olunur. Proqramın istənilən versiyasını, 1.9.х və 1.10.х, həmçinin 1.9.0-dan əvvəlki versiyaları http://download.wikimedia.org/mediawiki/ saytından yükləmək mümkündür. Proqramın yüklənməsi və idarə olunması zamanı problemlər yarandıqda, digər köməkçi sistemə – irc.freenode.net serverinə (irc://freenode.net/mediawiki/) müraciət etmək olar.

MediaWiki proqramı Vikipediya və digər viki-layihələri idarə edən böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Proqramdan istifadənin sadəliyi, məhsuldarlığı, müxtəlif imkanlara malik olması və s. üstünlükləri bu proqramdan bir çox rəsmi və qeyri-rəsmi təşkilatların geniş istifadəsinə səbəb olmuşdur.

MediaWiki proqramından başqa, digər viki-proqramlar da mövcuddur: Wikka Wiki, WackoWiki, WikiNi, ZWiki, DokuWiki, PmWiki, WikidPad, TiddlyWiki, GTDTagglyWiki, FlexWiki, DidiWiki, JSPWiki və s. Son illər korporativ şəbəkələr üçün viki-proqramlar yaratmaqla məşğul olan müxtəlif kompaniyalar meydana gəlməkdədir: Confluence, Jot, Near-Time və s. Microsoft firması da artıq Viki texnologiyası ilə maraqlanmağa başlamışdır. Hal-hazırda Viki texnologiyasına Lockheed Martin, Telenor, Citigroup, Sony, Toshiba kimi məşhur şirkətlər müraciət edirlər.