Məzmuna keç

Proqram təminatı/Sistem proqramları

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Proqram təminatı

../

Sistem proqramları kompyuterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompyuterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin.

Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompyuterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompyuter yandırıldıqda işə düşən, kompyuterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təminedən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.

Əməliyyat sisteminin köməyilə:

  • kompyuterlə istifadəçi arasında dialoq yaranır;
  • operativ və daimi yaddaş qurğuları işə salınır;
  • kompyuter idarə olunur;
  • istənilən proqram yerinə yetirilməyə başlayır və s.

Vaxtilə IBM PC tipli kompyuterlərdə əsasən Microsoft firmasının hazırladığı MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. Hazırda fərdi kompyuterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə olunur – fərdi kompyuterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki, mikroprosessor kompyuterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows XP, Windows Vista və digər əməliyyat sistemlərini misal göstərmək olar.