Qara Yanvar/Ağı dastan

Vikikitab, açıq dünya üçün açıq kitablar
Qara Yanvar Ağı dastan (1991)
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman
20 Yanvar şəhidlərinin müqəddəs ruhuna!

Sinəsi yara, Bakı,
Yaxdılar qara, Bakı,
Yağının fitvasıyla
Qarışdı ara, Bakı.

Didilən canlarım oy!
Tökülən qanlarım oy!

Başım, qollarım hanı?
Axır köksümün qanı,
Qana susuyan yağı,
Sən verdin aldın canı?

Bağlanan yollarım oy!
Zəncirli qollarım oy!

İgidim ölmə dayan,
Bağlı gözün aç, oyan,
Çərxin tərsə çevrilsin,
Bizi bu günə qoyan.

Lay-divar nərlərim oy!
Qeyrətli ərlərim oy!

Yağı canın üzülsün,
Bəxt ulduzun süzülsün,
Bağrıma dəyən güllə
Ürəyinə düzülsün.

Sussuz dodaqlarım oy!
Sinədə dağlarım oy!

Lənkəranda ölən mərd,
Üzdü bizi şivən, dərd,
Qara geyib gələrdim...
Kəsib yolları namərd.

Dağılan sinələr oy!
Uçulan binələr oy!

Qalanın yolu bağlı,
Qalmışam qolu bağlı,
Gəlməyə yağı qoymur,
Yol güllə dolu, bağlı.

Binədə şəhidim oy!
Əyilməz igidim oy!

Dilimi bağladılar,
Sinəmi dağladılar,
Arxamca gülənlərim,
Üzümə ağladılar.

Torpağa düşənim oy!
Qanında bişənim oy!

Haqqımı min yol dedim,
Vətəndən hara gedim?
Qanun-hökm yağıda,
Kimə şikayət edim?

Ay şəhid cavanım oy!
Batırılan qanım oy!

Məzarsız qalan, şəhid,
Varlığı talan, şəhid,
Torpağında doğulub
Torpaqdan olan, şəhid.

Bəxtsiz igidlərim oy!
İtgin şəhidlərim, oy!

Maştağa qana batıb,
Orda bir şəhid yatıb,
Tanrı qanı görmədi,
Dünyanın axırı çatıb.

Yollarda ölənim oy!
Yüzə bölünənim oy!

İstəklim güllələndi,
Köksü qana bələndi,
Ahımdan fələyin də,
Gözündən qan ələndi.

Nakam solanlarım oy!
Şəhid olanlarım oy!

Yatağım buza döndü,
Talesiz qıza döndü,
Ömrün yağı əlində
Sönən ulduza döndü.

İgid, qorxmaz ərim oy!
Didilən hünərim oy!

Bu sinəmi qəm yarar,
Gözlərimsə haqq arar,
Şəhid atasın balam
Ömrü boyu axtarar...

Əsir qalalarım oy!
Yetim balalarım oy!

Torpağa düşən bacım,
Canla əlləşən bacım,
Şəhid sinən didilib
Yuyulmur nə`şin bacım.

Qanlı köynəklərim oy!
Ölən diləklərim oy!

Nə`şimi tanklar üyüb,
Can üstə min yol söyüb,
Məhkumam döymə, yağı,
Məni öz bəxtim döyüb.

Tək ayaq məzarım oy!
Bu qanlı gülzarım oy!

Qara yanvar nə nəsdi?
Yağı yolları kəsdi...
Əliyalın Bakımı
Öldürməyə tələsdi.

Sınan ayaqlarım oy!
Qanlı bayraqlarım oy!

Gecəmi gündüz etdim,
Zülmlə mərd böyütdüm,
Yağı tank altda əzdi,
Əcəb kamıma yetdim.

Şəhid analarım oy!
Ərsiz sonalarım oy!

Yağdı güllələr qəfil,
Bu dərdi götürməz fil,
Sən toyların qızıydın,
Yasa batdın qərənfil.

Ah, qanlı güllərim oy!
Dəhşətli illərim oy!

Neftçalanı tutdular,
Sinəsin qanatdılar,
Tikəmiz boğazlarda,
Haqqı-say unutdular.

Bəbəkdə sellərim oy!
Köməksiz ellərim oy!

Düşmən tələ qurubdu,
Evdə üzə durubdu,
Sinəmdən qorxan yağı
Ürəyimdən vurubdu.

Qanlı qucaqlarım oy!
Sönən ocaqlarım oy!

Ayaqlarım yox gələm,
Sınmış qollarım qələm,
Güllə başda, sinədə,
Ürək can vermir öləm.

Dayanan saatım oy!
Pozulan həyatım oy!

Yaram sürər, ağlama,
Uzun sürər, ağlama.
Örpəyi üzünə tut,
Yağı görər, ağlama.

Ağrılı ürəyim oy!
Puç olan diləyim oy!

Anam, bacım qarada,
Min güllə bir yarada,
Yağı qaldı kənarda,
Biz qırıldıq arada.

Dərdli dağım, daşım oy!
Şəhid vətəndaşım oy!

Yağı çırağın sönsün,
Sinənə əcəl ensin,
Nahaq qanlar tökənin,
Qanı çaylara dönsün.

Haqsız güllənənim oy!
Əcəlsiz ölənim oy!

Allah, bu necə işdi?
Süngü sinəmi deşdi,
Bağrımdan keçən güllə,
Min yol yerin dəyişdi.

Zəncirli Vətənim oy!
Min ölüb-itənim oy!

Yağını dərd əyəydi,
Qapısını döyəydi,
Sənə dikilən güllə
Ürəyimə dəyəydi.

Bəxti kəm sevgilim oy!
Öz qismətim, gülüm oy!

Qəddi əyilən canım,
Bağrı üyülən canım,
Əsirlik zindanında
Haqsız döyülən canım.

Zəncirli qollarım oy!
Heysiyyatım, arım oy!

O vay sözünə qurban,
Çıxar gözünə qurban,
Bircə oğul itirən,
Özüm özünə qurban.

Sinəsi dağlarım oy!
Min yerdə ağlarım oy!

Dağ-daş nalədən dindi,
Yaralı qəlb döz indi,
Ölüm əcəl işidi,
Heyf yağı sevindi.

Yaralı gözlərim oy!
Ağlar gündüzlərim oy!

Nahaq qanlara uyan,
Zülmün Tanrıya əyan,
Balan atasız qalsın,
Məni atasız qoyan.

Qanlı dodaqlarım oy!
Sınan budaqlarım oy!

Suraxanı, yol qanlı,
Həm sağ, həm də sol qanlı.
Düşmən atan güllədən
İgidim yarımcanlı.

Çəkilməyən dərdim oy!
Qalıb yerdə mərdim oy!

Şəhid qollarım üstə,
Ağı desin el pəstə.
Səni bu hala salan-
Ürəyimdən su istə.

Soyuq otaqlarım oy!
Qara yataqlarım oy!

Min-min güllə çapardı,
Başımı tank qopardı.
Mən səni tək qoymazdım,
Qəfil güllə apardı.

Mənsiz qalan yarım oy!
Əhdə vəfadarım oy!

Yağı köksümü diddi,
Öldürdü kama yetdi,
Yarsa mənim üstümdə
Özünü şəhid etdi.

İlhamım, Fərizəm oy!
Koksə girdi nizəm oy!

Bu güllə hardan yağır?
Tökülür ağır-ağır.
Aç gözünü bax fələk,
Parça-parçadır bağır.

Kimdən haqq diləyim oy?
Dünyada gərəyim oy!

Gəncənin yolu müşgül,
Güllə açdı qəlbdə gül...
Nahaqqı haqq eyləyən,
Qanun başına kül.

Sönən sobalarım oy!
Dərdli obalarım oy!

Laçının yolu bağlı,
Güllədir solu-sağı,
Məni Şuşamdan edən
Balan görsün el dağı.

Dərdli Qarabağım oy!
Pozulan növrağım oy!

Qubanın yolu bəlli,
Tanklar gəlir yüz, əlli,
Qalmısan qan içində
Yox dada yetən, elli.

Qəfil fəlakətim oy!
Əsir məmləkətim oy!

Belə əsmə qəm yeli,
Tutub zülm, qan eli,
Gülləni yağdıranın
Haqdan kəsilsin əli.

Bağrımı paralar oy!
Dərd məni qaralar oy!

Xankəndinə tank çapar,
İçimizə qəm yapar,
Qanımızı tökəni
Əzrayıl özün apar.

Qurda yem canlarım oy!
Günahsız qanlarım oy!

Dilim lal, ürəyim qor,
Qanun, hökm əldə zor,
Günümüzü zar edən
Görən gözün olsun kor.

Bükülən dizlərim oy!
Boğulan sözlərim oy!

Göyçənin bağrı qandı,
İnsaf, mərifət yandı,
İmperiya əliylə
İrəvan Yeravandı.

Hanı igid ordum oy!
Əldən gedir yurdum oy!

Ağdərəni tutdular,
Spitak ucaltdılar,
Qucağımda körpəyə
Qəfil güllə atdılar.

Evdə yananlarım oy!
Çöldə donanlarım oy!

Göyçə gölü qanlıdır,
Göyləri dumanlıdır,
Yağı əldə məzarlar,
Necə ah-amanlıdır.

Ağır müsibətim oy!
Qanlı hekayətim oy!

Ünüm haqqa ucalsın,
Düşmən dərddən qocalsın,
Məni yurdumdan edən-
Yurdun yadlara qalsın.

Qanlı ev-eşiyim oy!
Gülləli beşiyim oy!

Naxçıvanım dardadır,
Haqq, ədalət hardadır?
Harda ki, qan tökülür...
Allahsızlıq ordadır.

Ağrılı günlərim oy!
Bağlı düyünlərim oy!

Yaman gün gedər gəlməz,
Mərd namərdə əyilməz,
Zor ilə alınan yurd-
Özüninki deyilməz.

Əldən gedən elim oy!
Qıfıllanmış dilim oy!

Güllə şimşəktək çaxır,
Küçədən qanlar axır...
Sən can üstə, şəhidim,
Gözüm gözünə baxır.

Gücüm çatmır sənə oy!
Düşmən daşa dönə oy!

Yağı quduzdu, yaddı,
Köksə min güllə atdı,
Əcəl olsa nə dərdim?
Öldürənim cəlladı.

Yoxdu bir günahım oy!
Hardadı Allahım oy?!

Ağlasın kaman, neyim,
Kəsilib daha heyim,
Öz gülləmdi sinəmdə
Bu dərdi kimə deyim?!

Tanklarla döyüldüm oy!
Yetiş dad öldüm oy!

Sumqayıt yolunda qan,
Bədən öldü, uçdu can,
Alimi tank altında...
Yox olsun belə dövran.

Kağızım, qələmim oy!
Qaralan aləmim oy!

Sumqayıtı çaldılar,
Qan töküb alçaldılar,
Yurdun alimlərini
Tank altına saldılar.

Şəhid olan adım oy!
Boğulan fəryadım oy!

Hava şaxta soyuqdu,
Qəlb güllədən oyuqdu,
Allahın günahı yox,
Yuxarıdan buyruqdu.

Qanla dolu küçəm oy!
Ay imkansız gecəm oy!

Qurda ümid əbəsdi,
Haqsızlıq haqqı kəsdi,
Şirin xanım bir bülbül...
Çırpındığı qəfəsdi.

Ölən həqiqətim oy!
Didərgin millətim oy!!!
26.01.1991-27.10.1991

Vebsayt http://shirinxanim-shadiman.net/