Məzmuna keç

Qlobal şəbəkələr/Kommutasiya üsulları

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Qlobal şəbəkələr

../

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

  1. kanalların kommutasiyası;
  2. məlumatların kommutasiyası;
  3. paketlərin kommutasiyası.

Kanalların kommutasiyası

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir . Kanalların kommutasiyası zamanı ardıcıl birləşmə və verilənlərin ötürülməsi prosesi şəkil 2b-dəki zaman diaqramında göstərilib.

Burada ai abonenti ilə aj abonenti arasında əlaqənin yaradılması tələb olunur. A qovşağı aj abonentinin ünvanına uyğun olaraq ai abonentini B qovşağı ilə birləşdirir. Sonra birləşmənin qoşulması əməliyyatı B, C və D qovşaqları ilə təkrarlanır. Nəticədə ai və aj abonentləri arasında birbaşa əlaqə kanalı yaranmış olur. Kommutasiyanın sonunda D qovşağı (və ya aj abonenti) əks əlaqə siqnalı göndərir, bu siqnal qəbul edildikdən sonra ai abonenti verilənləri aj abonentinə ötürməyə başlayır. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır. Şəkildəki U1 qiyməti məlumatın aj abonentinə çatdırılma müddətini təyin edir.

Məlumatların kommutasiyası

Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Məlumatın başlığında məlumatı qəbul edəcək aj abonentinin ünvanı göstərilir. A qovşağı məlumatı göndərən ai abonenti tərəfindən generasiya olunan məlumatı qəbul edirək öz yaddaşında saxlayır. Sonra məlumatın başlığını araşdırır və onu B qovşağına aparan ötürülmə marşrutunu təyin edərək ora göndərir. B qovşağı məlumatı yaddaşında yerləşdirir və onu analoji prosedura ilə C qovşağına, C qovşağı isə D qovşağına göndərir. Məlumatın qəbul edilməsi, araşdırılması və ötürülməsi prosesi ai abonentindən aj abonentinə qədər marşrutda olan bütün qovşaqlarda ardıcıl təkrar olunur. U2 –nin qiyməti məlumatların kommutasiyası zamanı verilənlərin çatdırılma müddətini təyin edir.

Paketlərin kommutasiyası

Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri –paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir. Şəkil 2-də göstərilən diaqramların müqayisəsindən görünür ki, hər hansı bir məlumatın çatdırılma vaxtı paket kommutasiyası üsulunda ən kiçik olur. Hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına və aşağıdakı səbəblərə əsaslanır.

Birincisi, kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni öturmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbı sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.

İkincisi, verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.

Üçüncüsü, paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi məsələsini də asanlaşdırır.

Dördüncüsü, əlaqə xətləri ilə verilənlərin ötürülmə etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10-4 - 10-6 xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun əngəllərlə korlanma ehtimalı artır.

Bütün bunlar hesablama şəbəkələrində informasiya ötürülməsi üsulu kimi paket kommutasiyasından istifadə edilməsini vacib edir.

80-cı illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25- qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay, ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal komputer şəbkələrində TCP/ İP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar. Bu şəbəkələr haqqında qısa məlumat verək.