Məzmuna keç

Qoyunçuluq/Döl kompaniyasının aparılması

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Qoyunçuluq

../

Doğum yaxınlaşdıqca qoyun ağırlaşır, yelini iriləşir, qoyun ağrı hiss edərək narahat olur, yeməkdən kəsilir, tez-tez yatıb durur. Belə olduqda həmin qoyun sürüdən ayrılır və ağıla salınır. Sonra isə həmin qoyun salınan ağılın yerınə küləş döşənir. Normal doğuş adətən 30-40 dəqiqə çəkir. Quzu doğulduqdan 1,5-2 saat sonra son (ətənə) özü düşür. Düşmüş sоnu ənənəvi olaraq basdırmaq lazımdır.

Quzu doğulan kimi dərhal onun ağzı silinməlidir. Anası quzunu yalayıb qurudandan sonra dölə nəzarət edən şəxs quzunu mayalandırmalıdır. Dölə nəzarət etmədikdə zəif quzular mayalana bilmir və ya quzunu anası qəbul etmir. Quzunun ana südü ilə mayalanması vacib şərtlərdəndir. Qoyunun südü olmadıqda həmin quzu yumurta sarısı ilə mayalandırılır. Ağız südünün rəngi sarımtıl olur. Ağız südünün tərkıbində işləmə qabiliyyəti olan maddələr vardır ki, bu da quzunun mədə və bağırsaqlarını tənzimləyir.

Qeyd etmək lazımdır ki, yaşlı qoyunlar quzuları yardımsız əmizdirirlər. Lakin cavan şişəklər bəzən quzuları yaxın buraxmayıb vurur və əmməyə qoymurlar. Belə qoyunları nəzarətçilər ayırıb xüsusi yerlərə salmalıdırlar ki, quzunu qəbul edib əmizdirsin. Doğmuş qoyun quzu ilə 2-3 gün ağılda saxlanılır. Sonra isə 6-7 gün sürüyə buraxılmır. Yatağın yanında quzusu ilə birlikdə xamda otlayır. Soyuq və yağışlı havada isə quzu küzə salınır, hər 2-3 saatdan bir anasına əmizdirilir. On gündən sonra isə qoyun, quzusu ilə birlikdə yaxınlıqda xamda otarılır. 20 gündən sonra isə quzu da anası ilə az-az otlamağa başlayır. Quzuları analarından 4 aydan sonra aralayırlar və qoyunlara istirahət verib cütləşməyə hazırlayırlar. Quzuların gecə salındığı küz hər gün süpürülüb təmizlənməli və yenidən döşənməlidir. Əgər quzu yatan küz hər gün təmizlənərsə quzuda heç bir xəstəlik olmaz.