Resept:Üzüm şirəsi
Üzüm şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, müalicə məqsədilə və isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
[redaktə]Üzüm şirəsi bir neçə üsulla hazırlanır. Biz iki üsulu nəzərdən keçirək:
Birinci üsul
[redaktə]Üzüm şirəsi tam yetişmiş və saf üzüm gilələrindən presləmə üsulu ilə alınıb pasterizə edilmiş spirtsiz içkidir. Üzüm şirəsinin Rislinq, Muskat, Aliqote, Silvaner, Rkasiteli, Lidiya, Kokur, Plavay, Kaberne, Saperavi, Sereksiya, Qara Pino, Bayan Şirə, Boskayet, Kaxet, İzabella, Şasla, Sarı gilə və digər üzüm sortlarından alırlar.
Üzüm şirəsini almaq üçün əvvəlcə üzüm yuyulur, yararsız gilələrdən təmizlənir. Üzümü pucalı ilə birlikdə və ya gilələyib, sonra presləyirlər. Hər iki halda üzüm əvvəlcə əzişdirilir və sonra preslənir. Mexaniki və ya vintli əl basqınından istifadə etdikdə üzüm puçalı ilə birlikdə preslənir. Şirəni ətçəkən və ya şirəçəkəndə hazırladıqda mütləq gilələyirlər. Şirənin çıxarını artırmaq üçün onu bir qədər qızdırmaq olar. Alınmış bulanıq şirəni saxlayıb çökdürür və sonra 4 qat tənzifdən və ya ağ parçadan süzüb təmizləmək olar.
Süzülmüş şirəni emallı qazanda qaynayana qədər qızdırır, kəfini alıb, sterilizə edilmiş litrlik, ikilitrlikvə ya üçlitrlik balonlara tökərək, ağzını qaynar suda sterilləşdirilmiş tənəkə qapaqla germetik bağlayıb, ağzı üstə soyumağa qoyurlar. Bu üsulla üzüm şirəsini hazırladıqda əlavə pasterizə lazım gəlmir. Şirəni süzdükdən sonra onu 75-80°C-dək qızdırır, tənzifdən banka və ya balonlara süzür və alma şirəsində olduğu kimi konservləşdirirlər.
İkinci üsul
[redaktə]Yetişmiş təzə üzüm gilələnir və təmiz yuyulur. Yaxşı olar ki, üzüm salxımları yuyulub sonra gilələnsin. Qazanın həcmi qədər üzüm tökülüb, üzərinə səthinə çıxana qədər su tökülür. Vam istilikdə qaynayana qədər qızdırılır. Şirənin şəffaflığını qorumaq məqsədilə qarışdırılmamalıdır. Zövqə görə bir qədər şəkər əlavə edilir, 10-15 dəq qaynadılır. Qaynar halda ikiqat tənzifdən süzülür, quru və təmiz sterilləşdirilmiş banka və butulkalara doldurulur, germetik bağlanır və dəmləmə üsulu ilə üstü basdırılıb, 2-3 saat saxlanılır. Yerdə qalan çeçədən ayrılan şirə yenidən qızdırılır və bankalara tökülüb konservləşdirilir. Bu üsulla başqa meyvə-giləmeyvələrdən də şirə hazırlamaq olar.