Sarı gəlin/"Sarı gəlin": ağ yalanlar və qırmızı gerçəklər
←../ | Sarı gəlin |
../→ |
Azərbaycan türkünün əski xalq mahnısının tarixini və mənsubiyyətini saxtalaşdıranlara cavab.
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin…
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər….
Neynim aman, aman…
Sarı gəlin…
Bu yazımda Azərbaycan türklərinin qədim və əsrarəngiz xalq mahnısı “Sarı Gəlin”dən bəhs edəcəm. O nəğmədən ki, milyonların yaddaşından bu günə qədər axa bilib, yol tapa bilib. O nəğmədən ki, ruhu təmizləyir, layla kimi, nənni kimi könül oxşayır. Amma çox təəssüf ki, tarixi dəqiq bilinməyən bu əski el nəğməsi haqqında az şey bilirik. Bu yazımızda “Sarı Gəlin”in kimliyi, türkünün tarixi ilə bağlı gerçəkləri ortaya qoymağa çalışacağıq?
Son zamanlarda qədim Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” haqqında çox danışılır. Mediada bu mahnı haqda müxtəlif iddiaların irəli sürülməsinn şahidi oluruq. Bu günədək “Sarı Gəlin” həm Azərbaycan, həm də xarici müğənnilər tərəfindən dəfələrlə səsləndirilib. Mahnı həm xalq mahnısı kimi, həm estrada mahnısı kimi dəfələrlə aranjıman edilərək müxtəlif tərzlərdə ifa edilib. Düzdür, xalq mahnısının əyilib-bükülüb biabırçı hala salınmasının qətiyyən tərəfdarı deyiləm, “xalq mahnısı elə öz üslubunda oxunmalıdır” deyə düşünürəm. Bəs tək müğənnilər tərəfindən deyil, bir çox ünlü balaban, ney, tütək, zurna ifaçılarının da məharətlə ifa etdikləri bu möhtəşəm el nəğməsinin sirri nədədir? Nədən onu dinləyəndə insanın içi titrəyir, nədən o mahnı eşidiləndə kövrəlir adam? Sirri nədir bu öykünün?