Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi/Regionların sosial-iqtisadi inkişafının dövlət tənzimlənməsi
←../ | Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi |
../→ |
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq olunmuşdur. Bu Proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.
Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır.
Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələr üzrə tərtib edilmişdir:
1. Ölkə əhəmiyyətli tədbirlər.
2. Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər.
3. Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
3.1. Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
3.2. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
3.3. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
3.4. Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
3.5. Quba-Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);
3.6. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
3.8. Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
3.9. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
3.10. Yuxarı Qarabağ iqtisadi rayonu (1) (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
• ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;
• infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
• iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi;
• ixracyönümlü məhsul istehsalının stimullaşdırılması;
• müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;
• əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması;
• əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• yoxsulluğun səviyyəsinin azaldılması.