Məzmuna keç

Türkmənçay müqaviləsi/IV Maddə

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Türkmənçay müqaviləsi

../

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratanın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratanın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.