Məzmuna keç

Taxılçılıq/Taxıllara vegetasiya dövründə aqrotexniki qulluq işləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Taxılçılıq

../

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır.

Bununla əlaqədar olaraq aqrar elmin qarşısında duran əsas məsələ vahid əkin sahələrindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan təlabatının tam ödənilməsindən ibarət olmalıdır. Taxılların becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Respublikamızda mövcud olan təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 sen/ha) dən məhsulu almağa imkan verir.

Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çiçəklənməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki qaydalara əməl etməklə nail olmaq olar.

Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühitin əlverişsiz amillərinin təsirindən inkişafdan qalır və bəzən də zəmilərə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır.

Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəki hesabı ilə hektara 350-400 kq fosfor gübrəsinin verilməsi olduqca vacibdir.

İndi respublikada dənli bitkilərin əsas hissəsini intensiv sortlar təşkil edir. Bu sortların qida maddələrinə yüksək dərəcədə təlabkar olduğunu nəzərə alaraq gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq, hər hektara fiziki çəkidə 250-300 kq ammonium şorası, yaxud 200 kq-a qədər karbonid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20%-i səpindən qabaq, 60% erkən yazda, 20-25%-i isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir.

Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda yazda bitkilərə əlavə gübrə şəklində onların qidaya olan təlabatlarını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir. Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Çünki bu zaman daxildə sünbül hələ formalaşmamışdır. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır.

Buna görə də gübrələrin verilmə müddətlətinə düzgün riayət etmək lazımdır.

Taxıl əkini ilə məşğul olan torpaq sahibləri bilməlidirlər ki, əkin sahələrində yaza yaxın torpaq sıxılıb bərkiyir. Bunun da nəticəsində bitkilərin köklərinə hava çətin daxil olur, torpaqda isə rütubət daha çox buxarlanmasına şərait yaranmış olur. Bunun qarşısını almaq üçün erkən yazda əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır.

Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir. Payızlıq dənli bitkilərdən yüksək məhsul əldə etməyin mühüm şərtlərindən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı olaraq taxıl sahələri vegetasiya dövründə iki-dörd dəfə suvarılmalıdır. Qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü, yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarılmasına başlamaq məsləhət görülür.

Əgər səpindən sonra taxıl əkinləri suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarılan bölgələrdə payızlıq taxıl sahələrindən az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarılmanın vaxtında aparılmamasıdır. Bilmək lazımdır ki, suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 25-30% azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə qurtarmalıdır.

Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri cüzi miqdarda yəni 15-20 mm yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Taxıl əkinləri isə bundan xeyli artıq rütubət tələb edir. Deməli, yağıntılar az olan zaman suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir. Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə onun tarla rütubət tutumunun 70-75%-dən aşağı düşməsinə yol verilməməlidir.

Suvarma suyu ilə birlikdə bitkilərə peyin şirəsi verilməsi yaxşı nəticələrə gətirib çıxarır. Bunu bir çox fermer təsərrüfatlarında sınaqdan keçirmişlər. Suvarmanın belə təşkilinə ciddi diqqət yetirilməlidir.

Alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğda əkinlərinin məhsuldarlığını aşağı salan amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla bərabər məhsulun keyfiyyətini də pisləşdirir.

Yaz mösümündə taxıl əkinlərinə qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizənin aparılmasıdır. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlardan istifadə etmək lazımdır. Hazırda birləpəli alaqlara (yabanı vələmir və. s.) qarşı geniş istifadə olunan herbisidlərə əsasən Puma Super, İllofob-28 EC və Topik aiddirlər. Puma Super herbisidi hektara 0.8-1.0 litr, İllofob-28 EC herbisidi hektara 2 litr, Topik herbisidi isə hektara 0.35-0.40 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənməlidir. Əks halda onun səmərəliliyi az olar.

Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı 2.4 D herbisidinin amin duzu hektara 1.0-1.2 kq, Lintur herbisidi 0.150-0.180 kq, Qran Star herbisidi isə 0.018 kq hesabı ilə verilir. Femer təsərrüfatlarında aparılan təcrübələr göstərir ki, Topik və Lintur herbisidlərinin qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha çox səmərə verir.

Respublikamızda taxıl əkinlərinə qış-yaz dövründə siçana bənzər gəmricilər daha çox ziyan vururlar. Dəstə halında yaşayan bu gəmricilər aran və dağətəyi rayonların hamısında çox geniş yayılmışdır. Bu məqsədlə avtol və ya bitki yağı ilə qarışdırılmış 10%-li sink fosfidlə zəhərlənmiş dəndən istifadə etməklə aldadıcı yemlər hazırlanır. Hər işçi yuvaya 0.5-1.0 qram hesabı ilə zəhərli dən (aldadıcı yem) qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumuşaq hissələrindən də hazırlamaq olar. Onu topalar şəklində yığmaq və yüngülcə islatmaq lazımdır. Nəm ot kütləsinin çəkisinin 6%-i qədər sink fosfid götürülür və bu kütlə ilə diqqətlə qarışdırılır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyirlər və məhv olurlar.

Fermer təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.