Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri/Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri

Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı[redaktə]

VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

  • VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.

VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

  1. Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
  2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
  3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
  4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
  5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
  6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
  • VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

  1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
  2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
  3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
  4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.

VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

  • xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
  • məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
  • daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).