Vikikitab:Etik qaydalar

Vikikitab, açıq dünya üçün açıq kitablar
Bu səhifə Vikikitabın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikikitabçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikikitabçılar tərəfindən, ilk növbədə isə Vikikitabın idarəçiləri tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.


Qısayol:
VK:EQ


Etik qaydalarda — bir istifadəçinin digər istifadəçilərlə necə davranmalı olduğu barədə qaydalardır. Vikipediya və onun layihələri rəngarəng auditoriyaya malikdir və hər cür baxış və mövqelərə malik istifadəçilərlə zəngindir. Ona görə də istifadəçilərin bir-biri ilə davranışı bu harmoniyanı qoruyub saxlamağın ən başlıca üsuludur.

İstifadəçi necə olmalıdır[redaktə]

  • İlk öncə xoş niyyətli olmaq lazımdır. Yəni sizin VikiKitabda məqsədiniz maddi gəlir əldə etmək, kimisə reklam etmək və ya digər şəxsi məqsədlər deyil, məhz bu layihəni zənginləşdirmək olmalıdır.
  • Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: özünüzə layiq bilmədiyinizi başqasına da etməyin!
  • Nəzakətli olmaq əsl vikikitabçının keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sәrhәdi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.
  • Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun (hərfi mənada :)).
  • Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.
  • Diqqәtinizi şəxslərə deyil, məzmuna yönəldin.
  • Sualları qulaq ardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.
  • Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməyə heç zaman çəkinməyin.
  • Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!
  • Bağışlayın və unudun!
  • Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çәkinmәyin!
  • Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.
  • Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri tərk edin. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.
  • Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. Redaktə savaşlarından kənarda qalın.
  • İnsanlara şəxsi hücumlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s.), onları kiçiltmәyin, ələ salmayın.
  • Xoşlamadığınız istifadəçini izləyərək onun redaktələrinə və fəaliyyətlərinə yerli-yersiz “qulp qoymayın”, insanlara narahatçılıq törətməyin.
  • Bitərəf nəzər nöqtəsinə sahib olun.