Vikiuşaq:Ürək
Bu məqalə Vikiuşaq aləminə aiddir.Ürək sinəmizdə, qabırğaların arxasında özü də nazik bir kisəciyin içində yerləşir. Ürəyin içində bir neçə boşluqlar var. Bu boşluqların isə həm giriş, həm də çıxış qapıları var. Ürək əzələdən ibarət olub bədənin ən çalışqan və intizamlı üzvüdür. Amma onun əzələsi digər əzələlər kimi bizim istəyimizlə deyil, öz-özünə çalışır. Onun vəzifəsi qanı qan damarları vasitəsilə bədənə yaymaqdır.
O, bir nasosdur. Ürək durarsa insan bir neçə dəqiqədən ölə bilər. Ürəyin içərisi tən ortadan bir divarla ikiyə bölünür. Hər bir yarım hissə isə qulaqcıqdan və mədəcikdən ibarətdir. Onların arasında isə qapı kimi açılıb-bağlana bilən qapaqcıq var. Əvvəlcə qan bu qapıdan mədəciyə daxil olur, sonra isə onun digər aypara şəkilli qapısından xaric olur. bu qapılar öz-özünə qan daxil olanda açılır, xaric olanda isə örtülür.
Ürəyin sağ hissəsində qan tünd, sol hissəsində isə al qırmızı rəngdə olur. Tünd qan da oksigen az, karbon qazı isə çox olur. Al qanda isə oksigen çox, karbon qazı az olur. Tünd qan ürəyin sağ tərəhinə, əvvəl sağ qulaqcığa, sonra isə açılıb-bağlana bilən qapaqcıqdan sağ mədəciyə daxil olur, oradan isə ayparaq qapıdan çıxaraq damarlarla ağciyərlərə oksigen udmağa gedir. Oksigen udduqdan sonra o, al qırmızı rəngə boyanan qan ürəyin sol hissəsinə, əvvəl sol qulaqcığa, sonra sol mədəciyə daxil olur, oradan isə damarlarla bədənin hüceyrələrinə “hava” (oksigen) daşıyır. Bizim ürək bir dəqiqədə 60-80 dəfə vurur. yeni doğulmuş uşaqda isə iki dəfə çox vurur. İdmanla məşqul olarkən bizə daha çox oksigen lazım olur. Bunun üçün ürək tez-tez vurur.
Həmçinin bax
[redaktə]