Virtual ensiklopediyalar/Giriş
←../ | Virtual ensiklopediyalar |
../→ |
Ensiklopedik saytlar İnternetdə nəşr olunmuş ilk layihələrdəndir. “Britannica”, daha sonra isə “Encarta” kimi məşhur ensiklopediyalar hələ 1990-cı illərdə artıq virtual məkanda tanınmağa başladılar. 90-cı illərin sonunda isə "Kirill və Mifodiy", “Rubrikon” və Böyük Sovet Ensiklopediyası kimi ensiklopedik portallar az müddət ərzində çoxlu sayda İnternet oxucusunu cəlb etdi. İnternetin informasiya bolluğunda ensiklopedik resurslar, ilk növbədə, orada yerləşdirilən məlumatların etibarlılığına görə fərqlənirlər. Digər virtual mənbələrdən fərqli olaraq, virtual ensiklopediyalar ayrı-ayrı məşhur şəxslər, tarixi hadisələr, ölkələr və təşkilatlar, eləcə də terminoloji anlayışlar haqqında daha dəqiq faktiki məlumat əldə etmək üçün əlverişlidir. Bu baxımdan naməlum predmetin öyrənilməsində və tədqiqatlarda virtual ensiklopediyalara müraciət istifadəçinin professionallığından xəbər verir. Bu mənbələrdən konkret predmet sahəsi üzrə ilkin informasiya əldə etməklə, tədqiqatı daha da genişləndirib axtarış sistemlərinə və müxtəlif resurslara müraciət etmək olar.
İnternet məkanında müxtəlif elektron ensiklopediyalar mövcuddur. Bu ensiklopediyalar iki yerə bölünür: məqalələrində redaktəyə icazə verən – azad virtual ensiklopediyalar və redaktəyə icazə verməyən – qapalı virtual ensiklopediyalar. Vikipediya ensiklopediyası və viki texnologiyası ilə yaradılan digər ensiklopediyalar azad ensiklopediyalar siyahısına daxildir.