Vikiuşaq:Təbiət/Xəzər dənizi

Vikikitab, açıq dünya üçün açıq kitablar
< Vikiuşaq:Təbiət(Xəzər dənizi səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search

Az girl reading a book. e-citizen.jpg Bu məqalə Vikiuşaq aləminə aiddir.

Xəzər sahili, Qış fəslində Novxanı çimərliyi
Xəzər sahilində oynayan balaca Ləman

Xəzər — dünyanın axarı olmayan ən böyük gölüdür. Böyüklüyünə və duzlu suyuna görə onu dəniz adlandırırlar. Xəzərin uzunluğu təxminən 1200 km-dir, ən enli yeri 466, ən ensiz yeri 204 km-dir. Suyun duzluluğu 13 faizdir, bu, dünya okeanında olduğundan üç dəfə azdır. Yer kürəsinin göl sularının 44 faizini təşkil edir. Xəzər dənizinin səviyyəsi dünya okeanından xeyli aşağıdır və o, enib-qalxmalara meyllidir. Xəzər Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın sahillərini yuyur. Hələ də onun hüquqi statusu (göl, yoxsa dəniz) müəyyənləşməyib. Bu səbəbdən də onun bölüşdürülməsi Xəzəryanı dövlətlər arasında mübahisə yaradır.

Xəzərə əsasən şimaldan və qərbdən 130 iri və xırda çay tökülür. Onların içərisində Volqa xüsusi seçilir. Ümumi illik axının 90 faizi üç çayın - Volqanın (80 %), Kürün (6 %) və Uralın (5 %) payına düşür. Terek, Sulak və Samur çayları isə ümumilikdə Xəzər suyunun 5%, İranın kiçik çayları isə təxminən 4-5% təşkil edirlər.

Gölü şərti olaraq üç hissəyə bölürlər: şimal, orta və cənub. Xəzərin şimali hissəsi azsuludur, onun orta dərinliyi 5 m, maksimal dərinliyi 25 m-dir. Orta hissənin dərinliyi 180 m-dir, bəzi yerlərdə (Dərbənd çökəkliyi) bu göstərici 790 m-ə çatır. Dənizin cənub hissəsi dərindir, burada maksimal dərinlik (Lənkəran çökəkliyi) 1025 m-dir.

Xəzər dənizində 121 məməli növündən yalnız biri yaşayır. Bu, Xəzər suitisidir, ona başqa heç bir dənizdə rast gəlinmir. O, dünyada ən kiçik suitidir, uzunluğu 160 sm, çəkisi 100 kq-dır. Azərbaycan sahillərində suitilər mart-aprel aylarında sürü ilə görünürlər, bu zaman onlar cənuba köçürlər və oktyabr-noyabrda qışlamaq üçün geri - şimala qayıdırlar.

Xəzər quşların Avropa, Asiya və Yaxın Şərq arasında mühüm miqrasiya yoludur. Hər il 12 milyonadək quş miqrasiya zamanı bölgədən keçir və daha 5 milyon qışlamaq üçün burada qalır.

Xəzər dənizinin əsas sərvəti onun dibindəki neft və qazdır. İlk dəfə məhz burada dənizdə neft hasilatı əldə edilib. Hazırda Azərbaycan Respublikasında hasil olunan neftin böyük hissəsini (70-95%) dəniz yataqlarından əldə olunur.