Məzmuna keç

Xalçaçılıq/Xalçalara qulluq/Xalçaların təmizlənməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Xalçaçılıq/Xalçalara qulluq

../

Xalçanın üzərinə tökülmüş istənilən mayeni dərhal təmizləmək lazımdır. Maye xalçanın üzərində nə qədər çox qalsa, ləkənin heç bir iz qalmadan təmizlənmə ehtimalı bir o qədər az olar. Tökülmüş mayeləri hiqroskopik parça ilə yığın, bərk çirkləri isə səliqə ilə qaşıyıb ləkəni təmizləyin. Köhnə ləkələr hətta peşəkarlara başağrısı verir.

Vaxtaşırı xalçaları yumşaq şotka və ya tozsoranla təmizləyin. Təbii yun xalçalar su «sevmirlər», ona görə də onları heç bir halda nəm şotka və ya əsgi ilə silməyin, xüsusilə də yumayın. Yun xalçaları təmizləyərkən yuyan tozsorandan istifadə etmək olmaz, ona görə ki, isti suyun təsirindən xalçanız korlana bilər.

Xalçadan təzə düşmüş ləkələri bir qədər nəm şotka və ya pambıq tamponla aparmaq mümkündür. Bundan sonra xalçanızı bir qədər yerdən qaldırın ki, xalça yaxşı qurusun və nəm qalmasın.

Xalçanı kimyəvi təmizləməyə ancaq istisna olduğu halda vermək olar, çünki kimyəvi vasitələr yun xalça üçün zərərlidir.

İstifadə olunmayan xalçaları güvədən qorumaq üçün sadəcə onları vaxtaşırı çırpmaq lazımdır. Güvələr ən çox rulonlara bükülmüş və divardan asılmış xalçalara düşür.

Yun xalçaları heç vaxt dəhlizdə salmayın. Burada xalçalar tez çirklənir və onları tez-tez təmizləməyə ehtiyac duyulur, bu da təbii yun xalçalar üçün çox ziyandır.

Əgər evinizdə allergiya, astma xəstələri və körpə uşaqlar varsa, yun xalçalardan istifadə etməyin. Qoyun yunu ən təhlükəli allergenlərdən biridir. Sintetik xalçalar istifadə üçün daha əlverişlidir. Onları güvədən qorumağa ehtiyac olmur. Sintetik xalçaları yuyan tozsoranla, müxtəlif kimyəvi təmizləyici vasitələrlə, xüsusi şampunlarla və adi nəm əsgi və ya şotka ilə rahat təmizləmək olar. Sintetik xalçalar dəhliz üçün çox yararlıdır. Onları hər gün xüsusi vasitələrlə təmizləmək olar və bu halda çöldən gətirilən çirk digər otaqlara yayılmır. Sintetik xalçalar kimyəvi təmizləməyə davamlıdırlar və onları 2 ildə 1 dəfə kimyəvi təmizləməyə aparmaq olar. Belə xalçalar uşaq otaqları üçün də uyğundur, çünki allergiyaya gətirib çıxarmır və onları tez-tez təmizləmək olar.

Nəzərdə tutulmuş xüsusi müasir vasitələrdən istifadə etmək olar. Təbii yun xalçalara bu vasitələr yaramır, ona görə ki, xalçanı korlaya bilər. Pivədən, çaxırdan, likyordan qalan ləkələri ilıq su və yuyucu tozla təmizləyirlər. Bu məhlulla əsgini isladın və ləkəni sürtün, sonra isə məhlulu ilıq su və sirkə ilə (1 xörək qaşığı sirkə + 1 litr su) yuyun.

Qəhvə, kakao, çay ləkələrini – qliserinli soyuq su ilə (1 litr suya 1 xörək qaşığı qliserin) təmizləyin.

Qırmızı çaxırdan və meyvə şirələrindən olan ləkələri – soyuq su və bir az naşatır spirti ilə, piylərdən, şokoladdan olan ləkələri – benzinlə yox edirlər. Saqqızdan qalan ləkələri belə təmizləmək lazımdır: həmin yerə plastik paketdə buz qoyun, saqqız donacaq və ovulacaq.

Unutmayın: ləkə təmizləndikdən sonra bütün xalçanı yuyucu vasitənin məhlulunda isladılmış paltar şotkası, sonra da sadəcə yaş şotka, yaxud süngərlə silmək lazımdır.

Əgər axşamdan xalçanın üstünə narın duz səpib, sabahısı duzu təmiz, yaş əsgi ilə təmizləsəniz, xalçanın rəngi daha da açılar. Xalçada mebelin ayaqlarından dazlıq əmələ gəlməsin deyə, əşyaların ayaqları altına rezin hissəciklər qoymaq məsləhətdir.

Əgər xalçada artıq mebelin izləri varsa, zədələnmiş yerlərə balaca buz parçaları qoymaq, onlar əridikdən sonra qurutmaq və tozsoranla təmizləmək lazımdır. Mebelin izlərini təmizləmək üçün daha bir üsul: 3- 5 dəqiqə ərzində bu yerlərə buxar verin, tərs üzündən xalça çırpanla çırpın (bu halda xov qalxır), sonra isə tərs üzündən quruyana kimi ütü ilə ütüləyin.

Xalçanın bütün uzunluğu boyu eni 20 mm olan tesma yapışdırsanız, xalçanın kənarları bükülməz və tez köhnəlməz.