Məzmuna keç

Üzümçülük/Üzümlüklərdə torpağın becərilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Giriş Üzümçülük

Üzümlüklərin gübrələnməsi

Torpaq özü canlı orqanizm kimi başa düşülməlidir, çünki o bir-biri ilə əlaqədar olan bitkilər, heyvanlar və mikroorqanizmlər üçün yaşayış mühitidir. Torpaq kənd təsərrüfatı bitkiləri üçün ən vacib faktor olmaqla mineral hissəciklərdən, üzvü maddələrdən və məsamələrdən ibarətdir. Torpağın tərkibində mineral hissəciklərlə yanaşı, biokütlənin parçalanması nəticəsində alınan az, yaxud çox miqdarda üzvü maddələr, yaxud humus (çürüntü) olmaqla hava, yaxud su ilə dolan xırda məsamələr də olur ki, bu torpağın strukturu adlandırılır. Torpağın strukturunu yaxşılaşdırmaq üçün torpağın becərilməsi vacibdir. Torpağın becərilməsi dedikdə torpaqbecərən alətlərdən istifadə etməklə tənəklərin normal inkişaf edib, uzun müddət yüksək məhsul verməsi üçün üzümlüklərdə torpağın vaxtında və tələb olunan qaydada becərilməsi və bir çox mühüm işlər nəzərdə tutulur.
Üzümlüklərdə torpağın becərilməsi sisteminə: payızda cərgə aralarının şumlanması və cərgələrdə tənəklə-tənək arasının bellənməsi, yazda cərgə aralarının təkrar şumlanması və tənəklə tənək arasının payızda bellənməsi aparılmayıbsa bellənməsi, yazda və yayda cərgə aralarına kultivasiya çəkilməsi, cərgədə tənəklə-tənək arasının becərilməsi, yumşaldılması, plantajın təzələnməsi, suvarılan sahələrdə cərgə aralarına ot bitkiləri əkilməsi və sair işlər daxildir.
Torpağın becərilmə üsulları. Tənəyin əsas kök sistemi torpağın 40-60 sm dərinliyində yerləşdiyi üçün, köklərin bu dərinlikdə normal inkişafını təmin etmək üçün torpaq mütləq yumşaldılmalıdır. Qida maddələri ilə zənginliyinə görə torpaq müxtəlif qatlardan: 1) Müfadiə qatı, 2) Optimal qat, 3) Ehtiyat qatdan ibarətdir.
Müdafiə qatı: - Torpağın üst qatı müdafiə qatı olmaqla tənəyin kök sistemi bu qatda bir az inkişaf edir. Lakin bu qat tənəyin əsas kökü yerləşən aşağı optimal qat üçün su, qida və temperatur rejiminin yaxşılaşmasına şərait yaradır. Ümumiyyətlə, torpağın müxtəlif qatı, adından da məlum olduğu kimi, aşağı qatları quraqlıqdan, şaxtadan və başqa ziyanlı xarici təsirlərdən qoruyur ki, bunun nəticəsində də tənəyin kökləri normal inkişaf edir.
Optimal qat – Bu qatda su, qida, hava və istilik rejimi yaxşı olduğundan tənəyin əsas kökü başlıca olaraq bu qatda inkişaf edir. Suvarmadan və ya yağmurdan sonra yerin səthindən yuyulmuş torpaq zərrəcikləri optimal qatda yığılaraq, müəyyən təbəqə əmələ gətirir ki, bu da optimal qatı pisləşdirir. Bunun qarşısını almaq üçün torpaq-iqlim şəraitindən asılı olaraq, üzümlüklərdə cərgə araları 4-5 ildən bir 40-50 sm dərinlikdə şumlanır.
Ehtiyyat qatı: - optimal qatın üstündə yerləşir ki, bu qatda xırda sorucu köklər az olur. Dərinə gedən köklər, əsasən buradan keçməklə yerin dərin qatlarından qida maddələrini alaraq bitkinin yerüstü orqanlarına ötürür. Yağmursuz keçən illərdə ehtiyat qatı adətən bitkinin quraqlığa davamlığını artırır.
Torpağın payız becərilməsi. Torpaq düzgün becərildikdə torpağın strukturu yaxşılaşır, sahələrə verilmiş üzvü və mineral qida maddələri tənəyin kökü vasitəsi ilə yaxşı mənimsənilir. Xüsusilə payızda cərgə aralarının şumlanması torpağın münbitliyini artıran mühüm aqrotexniki tədbirlərdən ən mühümüdür. Məhsul yığımından sonra tənəklə tənək arası 20-22 sm dərinlikdə bellənməli və cərgə araları traktora qoşulmuş kotanla 22-25 sm dərinlikdə şumlanmalıdır. Becərmə qabağı üzümlüklərə üzvü və mineral gübrələr 15-20 ton peyin və 400-500 kq fosfor gübrəsi verilməsi çox vacibdir. Ümumiyyətlə üzvü və mineral gübrələr torpağın fiziki-kimyəvi xassəsini yaxşılaşdırmaqla tənəyin əlverişsiz torpaq-iqlim şəraitinə qarşı davamlığını artırır və məhsulun kəmiyyət və keyfiyyətini qat-qat artırır.
Torpağın yaz-yay becərilməsi. Üzümlüklərdə erkən yazda gözcüklər açılmamış şpaler təmiri və tənəklərin məftilə quru bağlama işləri başa çatdırıldıqdan sonra cərgə aralarına yemləmə gübrəsi olaraq hər hektara təsiredici maddə hesabı ilə 90-120 kq azot verilir və 15-18 sm dərinlikdə şumlanır və dərhal suvarılır.
Yaz-yay aylarında üzümlüklərdə alaqlara qarşı tənəklə tənək arası kətmənlə və yaxud aqreqatlarla yumşaldılmalı və torpaqda nəmliyi saxlamaq məqsədi ilə cərgə aralarına aqrotexniki müddətlərdə 10-12 sm dərinlikdə kultivasiya çəkilməlidir. Təcrübələr göstərir ki, cərgə aralarına düzgün və vaxtında çəkilən bir kultivasiya bir suvarmaya bərabərdir. Torpaq və iqlim şəraitindən asılı olaraq, vegatasiya ərzində bağlara 3-4 dəfə bəzən daha çox kultivasiya çəkilməlidir ki, bunda məqsəd torpaqda su ehtiyyatını qoruyub saxlamaqdır.
Plantajın təzələnməsi. Yeni üzümlüklər salınarkən güclü traktorlarla qaldırılan plantaj zamanı (dərin şum) torpağın üst münbüt qatı aşağı – optimal qata, yəni tənəyin əsas kök sistemi yerləşən qata düşür. Həmçinin yağış və suvarma nəticəsində şumun səthindən yuyulan torpaq zərrəcikləri tənəyin əsas kökü yerləşən qatda yəni 40-60 sm dərinliyə toplanaraq sıxlanmış torpaq qatı çatdıqda tənəyin kök sisteminin inkişafı zəifləyir məhsuldarlıq aşağı düşür.
Tənəklərin boy artımını və məhsuldarlığını yüksəltmək məqsədi ilə 5-6 ildən bir üzümlüklərin cərgə aralarında cərgəaşırı, ikinci il isə qalan cərgələrdə plantaj təzələnməli yəni dərin torpaqqazan qurğularla 50-60 sm dərinlikdə üzvü və minaeral gübrələr verilməklə plantajın təzələnməsi işi aparılmalıdır. Təcrübələr göstərir ki, bu üzümlüklərin uzun müddət bol məhsul verməsi üçün yaxşı şərait yaradır.
Dağ ətəyində mailliyi çox olan sahələrdə salınmış üzüm sahələrinin torpaqları şiddətli yuyulur münbitliyi itirir. Eroziyanın qarşısını almaq üçün dağ ətəklərində yeni üzümlüklər terraslarda və yaxud yamacın köndələninə salınmalı və becərilməlidir.
Dağətəyi üzümlüklərdə torpağın münbitliyini artırmaq üçün üzümlkülərə aqrotexniki müddətlərdə üzvü və mineral gübrələr verilməli becərmə işləri aparılmalıdır.
Üzümlüklərdə cərgə aralarına ot bitkilərinin əkilməsi torpağın münbitliyini artırmaqla yanaşı üzümün keyfiyyətini, xarici görkəmini yaxşılaşdırır və şəkərliliyini yüksəldir.
Süfrə üzümlərinin keyfiyyətli olması üçün cərgə aralarının ot örtüyü altında saxlanması əsas aqrotexniki tədbir sayıla bilər. Təcrübələr göstərir ki, qara herik altında saxlanılan üzümlüklərdə yağmurlu illərdə üzümün keyfiyyət və kəmiyyəti aşağı düşür. Rütubətin çoxluğundan salxımdakı gilələr çatlayır və çürüyür və xüsusi ilə süfrə üzüm sortlarının davamlığına daşınma və saxlanılmasına mənfi təsir göstərir. Odur ki, üzümlüklərin cərgə aralarına ot əkilməsi və ya qara herik altında saxlanması təbii-iqlim şəraiti ilə əlaqələndirilərək daha dəqiq öyrənilməlidir. Lakin müasir dünyada ekoloji problemlərin yaşandığı bir zamanda fermerlər uzun illərin sınağından çıxmış yerli şəraitə uyğunlaşmış üzümlüklərin genişləndirilməsinə çalışmalı kimyəvi dərmanlardan az istifadə etməklə ekoloji cəhətdən təmiz məhsul yetişdirilməsinə nail olmalıdırlar.